AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Quba

Rayon haqqında məlumat

Yaşı ilk orta əsrlərə gedib çıxan Quba haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində məlumat verilmişdir. XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilmişdir. XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində "Kubba", XVI əsrin səfəvi qaynaqlarında isə "Qübbə" kimi verilmişdir. Quba XVIII əsrin ortalarında yaradılmış Quba xanlığının mərkəzi olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirilmişdir. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildən isə Bakı quberniyasına daxil edilmişdir. 1930-cu ildə isə Azərbaycanın inzibati rayonlarından birinə çevrilmişdir.
 
Qubada bir sıra görkəmli şəxsiyyətlər yetişmişdir. Görkəmli sərkərdə Fətəlixan, Azərbaycanın ilk dramaturq qadını Səkinəxanım Axundzadə, məşhur astronom Nadir İbrahimov, Azərbaycanın ilk rəssam qadını Reyhan Topçubaşova, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı lauriatı Əliheydər Orucov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova, akademik Azad Nəbiyev, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, meyvəçi-alim Əliqulu Nərimanov, əməkdar artist Fatma Mehrəliyeva, xalq artistləri Zümrüd Məmmədova və Afaq Bəşirqızı nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda belə tanınmışlar.
 
Quba rayonu ərazisində Heydər Əliyev Mərkəzi, A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 17 mədəniyyət evi, 64 klub, 86 kitabxana, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir. Quba şəhərində 2011-ci ildə Heydər Əliyev Mərkəzi, 2013-cü ildə Gənclər Mərkəzi inşa edilmişdir. Son illərdə Heydər Əliyev adına mədəniyyət istirahət parkı, Nizami adına park və Mərkəzi meydan, “Dədə Qorqud” abidə kompleksi, şəhər mədəniyyət sarayının qarşısında “Ziyalılar parkı” salınmış, şəhərdə “Qala Qapısı” inşa edilmişdir. 2013-cü ildə “Soyqırımı Memorial Kompleksi”nin tikintisi başa çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubaya səfəri zamanı Kompleksin açılışı olmuşdur. Rayon mədəniyyət evində “Atəşgah folklor” ansamblı, “Şahdağ” ansamblı, Zərdabi kənd mədəniyyət evində “Savalan” instrumental ansamblı, Zərqava kənd mədəniyyət evində “Zurnaçılar” qrupu fəaliyyət göstərir.
 
Quba tarixi abidələrlə zəngindir. Bu abidələr içərisində Xınalıq kəndi, Cümə, Ərdəbil, Hacı Cəfər, Səkinəxanım məscidləri, Baba Rüstəm, Ağbil türbələri, Gümbəzli hamam, Söhüb qalası, qaranlıq dərə və başqa memarlıq abidələri diqqəti cəlb edir. Xınalıq kəndi dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Kənddəki mədəniyyət abidələrinin qədimliyi, təbiətin cazibədarlığı, xınalıqlıların dili daxili və xarici turistlərin marağına səbəb olduğuna görə onlar mütləq bu yaşayış məntəqəsini ziyarət edirlər. Müalicəvi əhəmiyyətə malik Xaltan isti suyu, Vero suyu, müalicəvi keyfiyyətinə görə Truskavts mədən suyuna oxşayan “Quba naftusu” və saf bulaq sularından minlərlə turist istifadə edir.
 
Quba rayonunda xalçaçılıq, boyaqçılıq, dulusçuluq, misgərlik, ağac üzərində tikmə, yonma və s. sənətkarlıq peşələri qədimdən inkişaf etmişdir. Hələ XIX əsrdə Azərbaycanda boyaq bitkisinin əsas mərkəzlərdən biri Quba sayılırdı. Buradan Rusiyaya, Avropa ölkələrinə boyaq bitkiləri göndərilirdi. Hazırda Quba xalçasının 34 növü mövcuddur. “Qollu Çiçi”, “Ağbil Çiçi”, “Xırdagül Çiçi” “Qımıl-Xonça” və başqa çeşidli xalçalar ümumdünya şöhrəti qazanmışdır. Zərif və əlvan toxunmuş xalçaların sorağı Almaniyadan, Kanadadan, Amerikadan, İngiltərədən və digər ölkələrdən gəlmiş, xarici ölkələrdə keçirilmiş dünya sərgilərində dəfələrlə mükafata layiq görülmüşdür. Təsadüfü deyildir ki, 1712-ci ildə toxunmuş “Qollu Çiçi” xalçası ABŞ-ın Nyu-York şəhərindəki Metropolitan İncəsənət Muzeyində nadir incilərdən sayılır. Londonda yerləşən Viktoriya və Albert muzeyində Qubada toxunan XVII-XIX əsrə aid xalçalar nümayiş olunur.
 
Rayonun zəngin təbiəti olduğu kimi özünə məxsus mətbəxi vardır. Bu da qonaqların marağına səbəb olur. Quba rayonunda müxtəlif meyvələrdən bişirilən mürəbbələr, Çiçi çığırtması, düşbərə, qutab, 20 növdən artıq plov, həlim aşı, şillə, səbzi, fisincan ləziz xörəklərdəndir. Bundan əlavə Quba paxlavası və bükmə yalnız Quba rayonunda bişirilir ki, bu da rayona gələn xarici və yerli turistləri çox maraqlandırır.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri

     Nəticə yoxdur.