AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakı

Şəhər haqqında məlumat

Bakı - Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. V-VI əsr mənbələrində Bakı Bağavan və Atəş-i Baquan adlandırılır. Ərəb mənbələrində (10 əsr) Bakuyə, Bakuh, Baku, rus məxəzlərində (15 əsr) Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi qeyd edilir. Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi. X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar.
 
Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər, şəhərin müdafiəsini gücləndirmək məqsədi ilə qala divarları çəkildi. Şəhərin müdafiə sisteminə Qız qalası da daxil idi. XII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər. Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu. Lakin sonralar, XIII əsrin sonunda, XIV-XV əsrlərdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı olduqda nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi. XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa-Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı. XVI əsrin sonlarında - XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi hakimiyyətin güclənməsi, ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi. O dövrdə şəhərə gələn əcnəbi tacirlər və səyyahlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirdilər. Xəzər dənizində mühüm liman olan Bakıdan tranzit yolu ilə Avropaya, Rusiyaya və digər ölkələrə əsasən Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı.
 
Bakı şəhərin əsas yüksəliş dövrü neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır. 1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda qeyd eydiyimiz amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdır. Neft sənayesının inkişafı ilə əlaqədar Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmiryol xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi. Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr "Qız Qalası" ("Gözətçi qülləsi", "Göz qülləsi"), "Qala divarları", qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş "Şirvanşahlar sarayı" (Xan sarayı), XIV-XVI əsrlərə aid "Buxaralılar karvansarayı" və "Hindistanlılar karvansarayı", "Cümə məscidi" və s. misal göstərmək olar. Hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.
 
Bakı özündə 12 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir. Bakıya daxil olan inzibati rayonlar bunlardır: Xəzər, Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Səbayıl, Sabunçu, Xətai, Suraxanı, Yasamal, Pirallahi. Şəhərin mərkəzi amfiteatr üslubundadır, hər iki tərəfdən dənizə enişi var. Şəhər düzbucaq şəkilində salınmışdır, yalnız qədim Bakının İçəri Şəhərində küçələr əyri və dardır. Mərkəzdə və əsas magistrallar boyu tikililər sıx, şəhər ətrafında isə seyrəkdir. Şəhərətrafı ərazilər neftçıxarma mərkəzləridirlər. Burada dəmiryol nəqliyyatı, maşınqayırma, inşaat materialları (sement istehsalı, əhəng istehsalı, daş karxanaları) müəssisələri yerləşir, mineral sulara (Şıx, Suraxanı) rast gəlmək olar. Şəhər ətrafında çoxlu sayda palçıq vulkanları (Keyrəki, Lökbatan) və duzlu göllər var (Böyükşor, Xocahəsən). Şəhərdə Abşeron kurort zonası və çimərliklər fəaliyyət göstərir. Şəhər dünya okeanı səviyyəsindən 28 m aşağıda yerləşir. Bakının yerləşdiyi Abşeron yarımadasının iqlimi mülayim isti yayı və yumşaq qışı ilə fərqlənir. Yunanıstan və İtaliya ilə bir enlikdə yerləşən Abşeronun az yağıntı və bir az yüksək temperaturu var. Xəzər dənizi bu enlikdə donmur, buna görə Bakı limanı bütün il boyu fəaliyyət göstərir. Bakının orta illik temperaturu yer kürəsinin temperaturuna yaxındır. İyulda 26°C, yanvarda 3°C. Yağıntı ildə 180-300 mm-dir. Böyuk Bakının cənub-qərb tərəfi daha quru iqlimə malikdir. Burada şimal küləyi - Xəzri və cənub küləyi - Gilavar əsir. Müasir Bakı neft və neft emalı, neftkimya, maşınqayırma sənayesi, inşaat materialları sənayesi ilə bütün dünyada məşhurdur. Bakıda ölkənin elm və mədəniyyət mərkəzi birləşir. Şərqdə ilk dəfə opera, ilk universitet, ilk qəzet, ilk kitabxana Bakıda yaradılmışdır. Bakı nəqliyyat düyünüdür. Dəniz nəqliyyatı aparıcı üç yerlərdən birini tutur. Təyyarələr Bakını bir çox şəhərlərlə birləşdirir. Dəmiryol xətləri Bakını Rusiya, İran və Gürcüstanla birləşdirir. Bakı ilə qardaşlaşmış şəhərlər Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İrak), Sarayevo (Bosniya və Hersoqovina), Vunqtau-Kondao (Vyetnam).

Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri