AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

A.İsgəndərov adına Xalq Teatrı

A.İsgəndərov adına Xalq Teatrı Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində 1982-ci ilin may ayının 12-dən fəaliyyət göstərir. Seyidməmməd Əliyevin rəhbərlik etdiyi kollektivin 19 üzvü vardır.
 
Teatr yarandığı gündən S.S.Axundovun “Məhəbbət nişanəsi” (1996), “Tamahkar” (1998), “Laçın yuvası” (2006), Ə.Haqverdiyevin “Bəxtsiz cavan” (1997), Ü.Hacıbəyovun “Ər və arvad” (1999), S.Dağlının “Bekarçılıq kontoru” (2001), R.Hüseynovun M.Müşfiqin həyatından bəhs edən “1109 nömrəli məhbus” (2004), B.Vahabzadənin “Qızıl alma” (2008), A.Məmmədovun “Həmyerlilər” (2010) və s. tamaşaları ilə çıxış etmişdir. Bundan əlavə, teatrın kollektivi 2013-cü ildə “Haradan başlanır Vətən”, 2014-cü ildə “Vətən harayı”, 2015-ci ildə Ə.Saldaşın şeirləri əsasında hazırlanmış “Kəlbəcərə yağış yağır”, 2016-cı ildə isə Qarabağ hadisələrinə və Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş “Qisas qiyamətə qalmaz” adlı ədəbi-bədii kompozisiyaları ilə çıxış etmişdir.
 
Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə Xalq teatrı müxtəlif qurumların  fəxri fərmanları, diplomları və təşəkkürnamələri ilə təltif olunmuşdur. Kollektiv vətənpərvərlik mövzusunda hazırladığı müxtəlif tamaşa-kompozisiyalarla respublikamızın rayon və kəndlərində çıxışlar edir. Həmin çıxışlara görə Xalq teatrı Bərdə, Ucar, Qax, Masallı, Qobustan, İmişli, Beyləqan və Xaçmaz rayon təhsil şöbələrinin fəxri fərmanları ilə təltif olunmuşdur.
 
Kollektiv Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ildə Respublika Xalq Teatrları festivalında “Qisas qiyamətə qalmaz” tamaşası ilə iştirak etmiş və festivalda III yerə layiq görülmüşdür. Kollektiv onlara göstərilən bu qayğıdan ruhlanaraq yeni tamaşa-kompozisiyalarla respublikanın digər rayonlarında görüşlərə hazırlaşır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı