AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Qorqud" folklor ansamblı

“Qorqud” folklor ansamblı “İrs” folklor ansamblı adı ilə 1976-cı ildə folklor tədqiqatçısı, musiqişünas Sidqi Mustafayev və mər­hum bəstəkarımız Rəşid Nəsiboğlu tərəfindən yaradılmışdır. 1981-ci ildə Respublikanın mədəniyyət, incəsənət və elm xadimlərinin iştirakı ilə keçirilən baxışda ansamblın gördüyü işlər yüksək qiymət­ləndirilmiş və ansambla dövlət statusu verilmişdir. “İrs” folklor ansamblı 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə ansamblın adı dəyişdirilərək “Qorqud” folklor ansamblı­ adlandırılmışdır.
 
Azərbaycan Respublikasının xalq artisti Mələkxanım Əyyubova (1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblı­nın solisti olmuşdur), əməkdar artist Əbülfət Nəzərli, Aşıq Nemət Miskinli, Aşıq Fəzail Miskinli və başqaları bu ansamblın əməkdaşı olmuşlar. Hazırda Şəbnəm Tapdıq, Solmaz Kosayeva, Aşur Adıgözəlov, Novruz Novruzlu, Həlimət Məmmə­dova və başqa tanınmış sənət adamlarının cəmləşdiyi ansambla respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova rəhbərlik edir.
 
Ansambl musiqi folklorumuzun və ümumən musiqi mədəniy­yətimizin dünyada tanıdılması və təbliği istiqamətində çoxsaylı uğurlar əldə etmiş, İtaliya, İsveç, Rusiya, Ukrayna, Avstraliya, Fransa, Türkiyə, İran və digər ölkə­lərdə keçirilən beynəlxalq festivallardan vətənə medallar və fəxri diplomlarla qayıtmışdır.
 
Ansamblın fəaliyyətində başlıca məqsəd yaddaşlarda yaşa­yan qədim el havalarını, xalq musiqisi örnəklərini, aşıq yaradıcılığı nümunələrini, xalq oyunları və meydan tamaşalarını toplamaq, rekonstruksiya etmək və gələcək nəsillərə çatdırmaqdır. Ansambl Azərbaycan musiqi folklorunu praktik olaraq inki­şaf etdirməklə yanaşı, qədim, artıq unudulmuş xalq çalğı alətlərinin də bərpası istiqamətində işlər görür. Öz uzunmüddətli fəaliyyəti dövründə ansambl Azərbaycan xalqının musiqi folklorunun dəyərli nümunələrindən olan “Almanı alma, gəlin”, “Əylən, gəlin”, “Ruhani”, “Azaflı dübeytisi”, muğamlardan “Nəva”, meydan tamaşalarından “Kosa-Kosa”, “Toyuq aparan”, “Qaravəlli” və s. bərpa etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı