AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ermənistanın Azərbaycana təcavüzü

Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi 1987-ci ilin sonunda Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı təşkil edilən hücumlarla başladı. Ermənilərin 1988-ci il fevralın 22-də Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında azərbaycanlı nümayişçilərə atəş açması nəticəsində həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. Daha sonra Ermənistan Sumqayıt iğtişaşlarını bəhanə edərək 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları ölkəni tərk etməyə məcbur edir. Kütləvi deportasiya zamanı 200.000 azərbaycanlı öz doğma torpaqlarını tərk edərək Azərbaycana üz tutur.

1991-ci ilin sonundan etibarən münaqişənin hərbi mərhələsi başlayır. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi dəstəklə Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayır.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini ələ keçirir və azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən həddi-buluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnı süngülənmişdir.

Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşa şəhərini və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonunu, 1993-cü ildə isə Dağlıq Qarabağ ətrafındakı daha altı rayonu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonuna səpələnmişdir.

BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirməkdədir.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür.

Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmış, yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılmışdır. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılmışdır. Azərbaycan otlaqlarının 70%-i işğal olunmuş ərazilərdə qalmışdır. Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri və çoxlu sayda qaz paylama məntəqəsi dağıdılmışdır.

İşğal nəticəsində 808 klub müəssisəsi, 927 kitabxana, 85 musiqi məktəbi, 22 muzey və onların filialı, 4 rəsm qalereyası, mədəniyyət və istirahət parkı, 4 teatr müəsissəsi, 2 konsert müəssisəsi dağıdılmışdır. Nadir eksponatlara malik Şuşa şəhəri və Qarabağın tarix-diyarünaslıq muzeyləri, dünyada ikinci olan Ağdam çörək muzeyi, Zəngilandakı daş heykəllər muzeyi yerlə yeksan edilmişdir. Nəticədə XI-XIX əsrlərə aid ümumdünya əhəmiyyətli 40 minə yaxın qiymətli və nadir muzey əşyası, işğal altında qalan 927 kitabxananın 4,6 milyon nüsxə kitab fondu qarət edilmiş və ya yandırılmışdır. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkəyə on milyardlarla ABŞ dolları məbləğində ziyan dəymişdir.

12 may 1994-cü il tarixində atəşkəs imzalanmasına baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin yayından etibarən bu, daha intensiv hal almış və atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.