AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Alt geyimləri

Nümunənin reyestr kodu : SD0305000002

Azərbaycanın milli geyim kompleksində geyim elementi kimi alt geyimlərinin xüsusi yeri olmuşdur. Alt geyimləri ən qədim dövrlərdən üzü bəri ayrıca geyim tipi kimi formalaşmamış, əvvəllər bədənə kip oturan sarıq və ya spiral şəkilli toxunma parçadan (qədim və antik dövrlərdə) olmuş, ilk orta əsrlərdən başlayaraq isə ayrıca geyim tipləri formalaşmışdır. Bu geyim tipləri insan orqanizmini soyuqdan, istidən, ümumiyyətlə, təbiətin sərt şıltaqlıqlarından qorumaq zərurətindən meydana çıxmış, bəşər övladının geyimə olan tələbatını ödəməyə istiqamətlənmişdir. Onu da qeyd edək ki, əvvəllər alt geyimlərinə iqtisadi imkanları yüksək olan zümrələrin geyim dəstində rast gəlinirdi. İmkansız ailələr ayrıca alt geyimlərindən istifadə edə bilməmiş, köhnəlmiş, yamaqlı geyimləri altdan, nisbətən təzə geyimləri isə üstdən geyməklə bu tələbatı ödəməyə çalışmışlar. Xüsusilə XIX-XX əsrin əvvəllərində çit və pambıq parça istehsalı (rus çiti, qalın ağ, humayun ağı, bez, Morozov ağı, Proxorov ağı, Tağıyev çiti və s.) artdıqca alt paltarları hazırlamaq sahəsində yeni-yeni sənət uğurları əldə edilmişdir.

Təsnifat baxımından alt geyimlərini qadın alt geyimləri və kişi alt geyimləri kimi qruplaşdırmaq olar. Qadın alt paltarı alt köynəyi (müxtəlif bölgələrdə ona can köynəyi, uzunluq, iç don, bulaşa, ara köynəyiət köynəyi də deyirlər), cütbalaq (taylı tuman, cüttuman, ikibalaq, taybalaq), çaxçurdarbalaqdan (dizlik) ibarət olmuşdur. Talışlar və tatlar arasında “şai”, udinlərdə “qurat”, ingiloylarda “peranqi”, ləzgilərdə “perəm” adlanan qadın alt köynəyi keçmiş Qazax qəzasında “pirəən” formasında qeydə alınmışdır. Çox güman ki, bu istilah Cənubi Azərbaycandan köçmüş əhali qruplarından mənimsənilərək bölgədə yayılmışdır və fars dilindən keçmiş “pirəhən” sözünün təhrif olunmuş formasıdır. Onu da qeyd edək ki, yuxarı zümrədən olan qadınların alt geyimləri çox vaxt müxtəlif növ ipək parça materiallarından tıkilsə də, biçim üsulu və tikiş texnikasına görə kasıb geyimlərindən o qədər də fərqlənmirdi. Naxçıvan və İrəvan bölgələrində qadın alt köynəyinin ətəyi bir qədər uzun tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı olub, qolu uzun, düz və xişdəkli tikilərmiş. Muğan qadınlarının uzunluq adlandırdığı alt köynəyi qolsuz, yaxası üçbucaq şəklində açıq olub, yerlilər arasında sosi adlanan ağdan tikilərdi. Bəzən qadınlar üst tumanın altından alt paltarı kimi genbalaq, şəltə, ara tumanı, darbalaq (dizlik, qədim türk dillərində səsləndiyi kimi, “iç don”, “iş ton”, rusların isə “ştanı” adlandırdıqları “iştan”) geyirdilər.

Kişi alt paltarı isə alt köynəyi (can köynəyi, dəyişək) və dizlikdən ibarət idi. Bu alt geyimlərini əsasən bez, qalın ağ, midqal, batist (patısğa), humayun ağı, Tağıyev çiti, satin və s. parçalardan, bəzən də imkansızlar əldə toxunma şal parçadan (qılıcı şal, ləzgi şalı, Əlvənd şalı, Zarat şalı və s.) tikdirib istifadə edirdilər. Ənənəvi qadın və kişi geyimlərinin alt və üst libas növlərinə ayrılması geyim mədəniyyəti tarixində mühüm irəliləyiş baş verdiyini göstərən etno-mədəni dəyərlərdən biri kimi diqqəti cəlb edir. Tuniki və ya kəsmə üsulla biçilən belə alt köynəyinin Azərbaycanda düzyaxa forması dəbdə olmuşdur. Adından məlum olduğu kimi, düzyaxa köynəyin yaxası düz biçimli olurdu. Adətən, düzyaxa köynəyin qolları bilərziksiz (məcəsiz) tikilirdi. Ensiz parçalardan tikilmiş köynəyin qollarının altına, bir qayda olaraq, xiştək (qoltuqaltı) qoyulur, ətəyinin yanlarında isə 10-12 sm ölçüdə çapıq saxlanılırdı. Köynəyin yaxası ilgək-düymə, bəzən də rəngli ip-qaytanla bağlanırdı. Necə geyilməsindən (altdan və ya üstdən) asılı olmayaraq kişi köynəyinin biçim üsulu və tikiş texnikası eyni idi.

Kişi alt paltarının digər bir elementi də dizlik idi. Onu midqal, bez, çit, batist və s. parçalardan tikirdilər. Onu, bir qayda olaraq, iki balaq, nifə və miyançadan (tuman ağı) ibarət dörd hissəni bir-birinə tikməklə hazırlayırdılar. Dizliyin qabağı bütöv olur, bel yerinə tumanbağı keçirmək üçün nifə qoyulurdu. Qabaq hissəsində yarıq olmadığına görə dizliyi hər iki üzünə (arxasını qabağa və ya əksinə) geymək mümkün olurdu. Dizliyin balaqları paça yerində kvadrat biçimli miyança (xiştək, narvan, tuman ağı) vasitəsilə birləşdirilirdi.