AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çoban yaylağı

Nümunənin reyestr kodu : FM0103000002

Mahur kökündə olan, rast ladına əsaslanan peşrov havalarından biridir. İfaya aşıq sazla kiçik bir muğam parçası ilə başlayır. Aşığı müşayiət edən saz, balaban, qoşa nağara və nağaradan ibarət musiqi dəstəsi isə bəhrli instrumental girişi səsləndirir. Digər peşrov havaları kimi “Çoban yaylağı”nın da saz, balaban və nağaranın iştirakı olmadan tək sazda – solo şəkildə ifasının mümkün olmaması onun aşıq tərzi ilə xanəndə tərzinin sintezindən yarandığını göstərir.

“Çoban yaylağı” peşrovu təbiətlə əlaqədar adlandırılmış, onun poetik əsasını qoşma janrı təşkil edir. “Çoban yaylağı” peşrovu bir çox Şirvan aşıqlarının repertuarından lentə alınmış, həmçinin musiqişünas Kamilə Axundova və İlqar İmamverdiyev tərəfindən nota köçürülmüşdür.

Aşıq Ağamurad İsrafilovun ifasından lentə alınmış variantda bu peşrov lirik, həzin melodik dilə, ¾ ölçüsünə əsaslanan sabit ritmik quruluşa malikdir. Havanın poetik əsasını təşkil edən şeirin 3 kupleti ardıcıl eyni melodik material əsasında oxunur, sonuncu kuplet isə ümumi havanın kulminasiyasını təşkil edir, diapazon zil səslərə doğru yüksəlir. Bu quruluş demək olar ki, bütün peşrovlarda özünü göstərir.

Havanın ifası zamanı oxunan sözlərdə hər misra iki dəfə təkrar olunduğuna görə musiqi nümunəsinin həcmi olduqca genişdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, hər misra mətn etibarilə eyniylə təkrarlansa da, musiqi cümləsinin sonluğu fərqlənir. Belə ki, birinci misra iki dəfə təkrarlanaraq sual cümləsini, ikinci misra isə cavab cümləsini yaradır. Bu ilk iki misra həm də peşrovun leytmövzusunu təşkil edir. İkinci misranın təkrarı zamanı aşıq səsini bir qədər oynadaraq bəzək işarələri vasitəsilə variantlılıq yaradır.

Peşrovun melodiyası şikəstədən fərqli olaraq daha inkişaflıdır.