AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xızır İlyas

Nümunənin reyestr kodu : DR0203000005

Azərbaycan folklorunda İlyas obrazı daha çox suların hamisi olaraq tanınır, “dənizin ortasında” yaşadığına inanılır. Əfsanələrə görə İlyas suyun, Xızır isə qurunun sahibidir. Nizami Gəncəvi də öz “İqbalnaməsi”ndə onların hər birinin ayrıca fərd olduğunu deyir: “Çöldə Xızır ollam, dənizdə İlyas”. Hətta Nizami Gəncəvinin yazdığına görə, İsgəndəri zülmətə həm Xızır, həm də İlyas aparmışdır.

Deyilənə görə, dirilik suyu içib ölməzlik qazanan İlyas axır çərşənbədə su üstünə gəlir və ondan sonra sular şırıltı ilə axmağa başlayır (o vaxtadək çaylarda şırıltı olmur). Həmin gecə kim su üstünə gedib niyyət etsə, “ya Xıdır İlyas, sən məni arzuma çatdır” desə arzuları yerinə yetər. Həmin gün hamı çaydan su gətirər ki, evində bol ruzi-bərəkət olsun. Hələ gün doğmamış su üstünə gedər, təzə suda əl-üzünü yuyar, su üstündən atlayar və bir-birinin üstünə su çiləyərlər. “Təzə su”, “əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu” dərdlərin dərmanıdır deyirlər.

Azərbaycan folklorunda elə bir janr yoxdur ki, İlyas obrazı ora nüfuz etməmiş olsun. Fallardan, ovsunlardan tutmuş dastanlara qədər bütün nümunələrdə İlyas obrazına rast gəlmək mümkündür. Həmin nümunələrdə İlyas xilaskarlıq, itənlərə yol göstərmək, buta vermək, aşiq etmək, sonsuzlara övlad vermək, gəncliyin hamisi, ad qoymaq, ölüləri diriltmək, bərəkət, bolluq hamisi funksiyalarını yerinə yetirir.

Ümumiyyətlə, xalq ədəbiyyatında Xızır Nəbi və Xızır İlyas gah eyni şəxs, gah da ayrı-ayrı şəxslər kimi iştirak edir. Azərbaycan folklorunda onların üç qardaş olduğu qeyd olunur: Xızır Zində, Xızır İlyas, Xızır Nəbi. Ona görə də el arasında “işin bərkə düşəndə Xızır Zindəni, suda Xızr İlyası, quruda Xızır Nəbini çağır” deyərlər.

Türk xalqları arasında indi də may ayında keçirilən Xıdırəlləz bayramı Xızır peyğəmbərin doğum gününün qeyd olunmasıdır. Azərbaycanda hər il may ayının altısında Siyəzən, Dəvəçi rayonlarında Xızır peyğəmbərin doğum günü qeyd olunur.