AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Üç pəncə

Nümunənin reyestr kodu : FM0401010005

“Üç pəncə” – iki hissəli yallıdır. Bu yallı həm Naxçıvan, həm də İrəvan bölgəsində oynanılan rəqsdir. Yallının süjet xətti bir pəncəsi əzilmiş ayının üç pəncə üstə axsaya-axsaya gəzməsi üzərində qurulub. Bu səbəbdəndir ki, “Üç pəncə” kimi tanınan rəqsə sonralar “Axsaq yallı” adı da verilib. Şüştər ladında səslənən yallının birinci hissəsi 2/4 ölçüsündə (andante), ikinci hissəsi isə 6/8 ölçüsündə (vivo) nota alınıb.

Yallının adı maraqlı əhvalatla bağlıdır. Rəvayətə görə, bir kəndli meşədə odun yığarkən bir pəncəsi yaralanmış ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı yaralı pəncəsini qatlayaraq, tullana-tullana yeriyirmiş. Rəqsin yaradıcıları da ifa edilən hərəkətləri kəndlinin söylədikləri əsasında qurmuşlar.

“Üç pəncə” yallısı iştirakçıların əllərini çiyin səviyyəsinə qaldıraraq bir-birinin çeçələ barmağından tutmaqla ifa olunub. Azərbaycan xalq rəqslərinin araşdırıcısı Kamal Həsənovun yazdığına görə, çox az hallarda müraciət olunan bu rəqs əsasən yaşlı kişilər arasında oynanılıb.