AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tello

Nümunənin reyestr kodu : FM0401020004

“Tello” qədim Azərbaycan yallılarından biridir. Eyni adlı mahnının müşayiəti ilə oynanılır. Xalq arasında olduqca məşhur olan “Aman Tello” mahnısı da yallının ifası zamanı oxunmuşdur.

Rəqsin adı qız adı olan Telli sözünün sonuna əzizləmə bildirən “o” şəkilçisinin artırılması yolu ilə yaranmışdır. Bu gün də Azərbaycanın bir çox bölgələrində, həmçinin Anadoluda xalq arasında azyaşlıların və gənclərin adlarının sonuna nəvaziş, yaxınlıq ifadə edən “o” şəkilçisinin artırılması ənənəsinə rast gəlinir. Məsələn, Şamil – Şamo, Nazlı – Nazo, Güllü – Gülo və s.

Yallını kişilər və qadınlar qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinlərini aşağı-yuxarı hərəkət etdirərək oynayırlar. Dəstənin önündə gedən yallıbaşının əlində qırmızı rəngli dəsmal olur. Yallı iki hissədən ibarətdir, həmin hissələr templərinə görə bir-birindən fərqlənir. Birinci hissə orta tempdə, ikinci hissə isə sürətli tempdə oynanılır. Rast ladında səslənən yallının melodiyası 6/8 və 3/4 vəzn ölçülərində, “allegro” tempində nota alınıb.

“Tello” yallısı Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarında, həmçinin Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların yaşadığı bölgələrdə bu gün də yaşadılır.