AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ceyranım

Nümunənin reyestr kodu : FM0204020003

“Ceyranım” toylarda, iməcilərdə qızlar tərəfindən oxunan lirik mahnı nümunəsidir. Nəqərat hissəsindəki “Ceyranım” sözünün təkrarından asılı olaraq mahnının iki variantı mövcuddur: “Yalınqat Ceyranım” və “Cütqat Ceyranım”. “Yalınqat Ceyranım”da ceyranım sözü bir dəfə, “Cütqat Ceyranımda” isə iki dəfə təkrarlanır. Azərbaycanın şimal-qərb bölgəsi üçün xarakterik olan bu mahnı tənburun müşayiəti ilə ifa olunur.

Zaqatala rayonunun Sabunçu kəndindən qeydə alınmış “Ceyranım” mahnısının sözləri belədir:

Məhlədə kələm kimi,

Yar verən salam kimi.

Bizi necə ayırdın,

Əsliynən Kərəm kimi.

Ay ceyranım, ceyranım,

Can ceyranım, ceyranım.

Qastunum bozdu, neynim?

Düyməsi azdı neynim?

Sevdin ala bilmədin,

Vijdanın azdı, neynim?

Ay ceyranım, ceyranım,

Can ceyranım, ceyranım.

Quzu gəlir yatağa,

Qalxdım hündür otağa.

Balamı yuxuda gördüm,

Qıymadım oyatmağa.

Ay ceyranım, ceyranım,

Can ceyranım, ceyranım.

Qanıx qırağındayam,

Çeşmə çırağındayam.

İtirmişəm balamı,

Onun sorağındayam.

Ay ceyranım, ceyranım,

Can ceyranım, ceyranım.