AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yaz-yay mərasimləri

Nümunənin reyestr kodu : DB0204020001

Azərbaycan xalqının təsərrüfat həyatında yaz fəsli xüsusi əhəmiyyət daşıyır. İnsanlar yaza çətin və məşəqqətli qışdan, soyuqdan, məhrumiyyətdən qurtuluş, xilas kimi baxmış və onun gəlişini xüsusi mərasim və ayinlərlə qeyd etmişlər. Yaz fəslində keçirilən mərasimlər arasında “Padşah oyunu”nu, “Yelənni” kimi bir çox mərasimləri qeyd etmək olar. Hər iki mərasim Novruz bayramı ərəfəsində – martın 21-22-də oynanılır. Keçmişdə bu mərasimlərin icrası bir neçə gün, bəzən mart ayının axırınadək davam etmişdi.

Bəzi bölgələrdə “Xan bəzəmə”, “Şah bəzəmə” adı ilə tanınan “Padşah oyunu” qışdan yaza keçid döv​rün​də, köhnə ilin bitib yeni ilin başlandığı ərəfə​də keçirildiyi üçün digər inisiasiya mərasimləri ilə eyni məna daşı​yır və ölüb-dirilməni simvolizə edir. Yetkinlik yaşına çatmış qızların oynadığı “Yelənni” oyunu da artımı, məhsuldarlığı simvolizə edir. Sadəcə olaraq, hər iki mərasim ritual mahiyyətini itirərək günümüzdə oyun kimi yaşadılır.

Xalq arasında mövcud inama görə, yazın 45-nə qədər qış üstündə gedir, həmin müddətdə çovğun, boran, qar ola bilər. Hətta belə bir rəvayət söylənilir ki, qışın çıxmasına sevinən qarı mart çıxan kimi çırtma çalıb sevinə-sevinə oxuyur: “Mart gözünə barmağım, yaza çıxdı oğlağım”. Bunu eşidən qış apreldən üç gün borc alıb qarının oğlaqlarını qırır. Bu təsəvvürlərlə əlaqədar insanlar yaz girdikdən sonra da öz ehtiyatını əldə vermir, ot, odun ehtiyatı görürlər. “Yazdan sonra qırx kötük” məsəli də həmin təsəvvürdən qaynaqlanır. “Qarının günü” deyilən müddət aprelin 16-da tamamlanır. Ondan sonra artıq qarın, çovğunun olmayacağına inanılır, elin dağa köçü də bu tarixdən sonra başlayır.

İnsanların yağış yağdırmaq, yağışı kəsdirmək üçün icra etdiyi mərasimlər də yaz-yay dövrünə təsadüf edir. Onların arasında ən geniş yayılanı müsəlləyə çıxma mərasimidir. Bu mərasim kişilərin iştirakı ilə keçirilmişdi. Sübh tezdən, hava işıqlanmamış kəndin ağsaqqalları, ağzıdualı kişilər sınanmış molla və ya seyidlə birlikdə yüksək bir yerə (dağın və ya təpənin başına) çıxardılar, yaxud müqəddəs ziyarətgahlara doğru yol alardılar. Orada əllərinin göyə qaldıraraq dualar edər, qurban kəsərdilər. Hazırda bu mərasim bəzi bölgələrdə qismən həyata keçirilir.

Yağış yağdırmaq üçün maraqlı mərasimlərdən biri qadınların özlərini cütə qoşmaları ilə icra olunmuşdu. Şuşa rayonundan qeydə alınmış həmin adətə görə, havalar quraq keçəndə qadınlar yağış yağdırmaq üçün Daşaltı çayında kotan sürərdilər. Mərasimi icra edən qadınlar əvvəlcə Qotur suyun ya​nın​dakı kahada paltarlarını çıxarar, əyinlərində yalnız gecə köynəkləri qalar​dı. Daha sonra kotanı boyunlarına alıb dualar oxuyaraq çayın içi ilə o başa, bu başa sürərdilər. Bu hərəkəti üç dəfə təkrar​ladıqdan sonra yağış yağardı.

İnsanlar uzun müddət yağan, min-bir zəhmət hesabına başa gələn əkinə ziyan vuran yağışa, doluya qarşı da müəyyən tədbirlər görmüş, mərasimlər icra etmişlər. “Qodu-qodu”, “Çömçəxatun” (Naxçıvan) belə mərasimlərdəndir. Mərasimin icrası zamanı kənd cavanları və ya uşaqlar üzərinə qırmızı parça çəkilmiş taxta qaşığı və ya çömçəni günəş rəmzi kimi bəzəyir, uşaqlardan biri onu əlinə alıb yeddi qapı gəzir, pay yığır, nəğmələr oxuyurlar. Tədqiqatçıların fikrincə, Günəş kimi qırmızı bəzədilən və qadına oxşadılan Qodu (Azərbaycanın bəzi bölgələrində Dodu, Hodu şəklində işlədilir) günəş tanrısının adıdır.