AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qərb qrupu şivələri

Nümunənin reyestr kodu : DA0106020001

Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri geniş bir arealı əhatə edir və oğuz tiplidir. Bu şivələrin daşıyıcıları Qarabağ regionunda (Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər), Gəncə, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Samux, Göygöl, Goranboy, Şəmkir rayonlarında, Ermənistan (Göyçə, Çənbərək, Hamamlı, Karvansaray, Ağbaba, Şörəyel, Qafan və s.), Gürcüstan, Şərqi Türkiyə ərazilərində yaşamış, yaxud yaşamaqdadır. Cəbrayıl və Zəngilan şivələri bunların içərisində qərb və cənub qruplarının xüsusiyyətlərini özündə birləşdirən keçid şivələridir.

Qərb qrupu dialekt və şivələri Azərbaycan ədəbi dili ilə müqayisədə bir çox səciyyəvi dialektoloji əlamətlərə malikdir.

Fonetik səviyyədə. Qrupun başlıca fonetik xüsusiyyətləri bunlardır:

‒ qalınlaşmaya meyil: bıldırçın, bıldır, ışıx;

‒ ahəng qanununun möhkəmliyi: göröydü, burdoydu, burduydu, görör.

y novlaşma əlamətinin işləkliyi: əysi ʽəsgiʼ, Yedyar ʽYadigarʼ, bəryəl ʽbəri gəlʼ;

‒ kipləşən b samitinin novlu v samiti ilə işlənməsi: qav, məytəv, çovan, bava ʽbabaʼ, qavıx;

‒ kipləşən bp samitinin novlu f samiti ilə işlənməsi: gəlif, görüf, saf ʽsapʼ, taf ʽtapʼ;

‒ novlu dil-diş v samitinin müqabilində novlu dilortası y samitinin işlənməsi: oxloy, kösöy, yoyşan ʽyovşanʼ, doyşan;

‒ novlu j samitinin işlək olması: qoja, bajı, gələjəx', saj, gejə;

‒ dilarxası ƞ (sağır nun) səsinin işlək olması: maƞa, diliƞ ʽsənin dilinʼ, gəlifsiƞiz, alıfsaƞ;

‒ sözün əvvəlində y, h samitlərinin işlənməməsi: ayva ʽheyvaʼ, uxarı ʽyuxarıʼ, ışqırmax / eşqırmax ʽhıçqırmaqʼ, üx' ʽyükʼ;

‒ qapalı hecalarda ahəngə uyğun olaraq xx' səsinin işləkliyi: ələx', çörəx', örməx' ʽhörməkʼ, bulax, alax və s.

Qrammatik səviyyədə. Bu şivələrdə həm morfoloji, həm də sintaktik cəhətdən fərqli dialektoloji əlamətlər müşahidə olunmuşdu:

‒ şəkilçi morfemlərin iki və dördvariantlı olması baxımından ahəngin daha çox gözlənməsi;

‒ sözlərin təsirlik halda y bitişdirici samiti ilə işlənməsi: qapıyı, lampıyı, şüşüyü;

‒ ikinci şəxsə məxsus mənsubiyyət şəkilçili sözlərin yiyəlik halda y bitişdirici samiti ilə işlənməsi: əliyiƞ, sözüyüƞ, atıyıƞ.

Yiyəlik halda ƞ samitinin işlənməsi onu bir daha ikinci şəxslə bağlayır.

‒ indiki zamanın -er / -e:r / -or / -o:r / -ör / -ö:r şəkilçiləri ilə işlənməsi daha çox Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, əsasən də Ayrım şivələrində və Gürcüstan ərazisindəki Azərbaycan şivələrində müşahidə olunur: baxer, görör, dəvərer ʽtərpənirʼ, quro:r.

‒ Ayrım şivələrində ikinci şəxsin təkində -sın, -sin, -sun, -sün şəxs şəkilçisinin işlənməsi xarakterik dialektoloji əlamətdir: qardaşısıƞ, baysısıƞ, görörsüƞ, kişisiƞ, bilmersiƞ;

‒ sual cümləsinin -mı, -mi, -mu, -mü sual ədatı ilə qurulması qərb qrupu üçün xarakterik əlamətdir: Məytəvə gedersəƞmi? Heləmi? Suyu daşdan süzüfsəƞmi?

Leksik səviyyədə. Bu qrupu səciyyələndirən bir çox sözlər vardır: mağar ʽəsasən toy şənliyinin keçirilməsi üçün xüsusi hazırlanmış yerʼ, məhrava ʽəl-üz dəsmalıʼ, mama ʽbibiʼ, qəlbi / qəlvi ʽuca, hündürʼ, so:rux ʽdöşək ağıʼ, külçə ʽtəndirdə bişirilən şirin çörəkʼ, kömbə ʽdəyirmanda bişirilmiş duzsuz çörəkʼ qaysava ‘ərik qurusundan hazırlanmış yemək adı’ (Bərdə rayonunda bu yeməyi təzə ərikdən və tutdan da hazırlayırlar) və s.