AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toponimik əfsanələr

Nümunənin reyestr kodu : FL0106030001

Toponimik əfsanələr Azərbaycan əfsanələrinin xalq arasında ən geniş yayılmış növlərindən biridir. Bu mətnlər coğrafi məkanların (dağ, daş, çay, göl, qaya və s.), qədim yaşayış məskənlərinin yaranması və onların adlarının izah olunduğu şifahi hekayələrdir. İnformativ funksiya daşıdığı üçün bu mətnlərdə bədii keyfiyyətdən daha çox, məzmun, mahiyyət, dinləyiciyə çatdırılan məlumat əsas rol oynayır.

Toponimik əfsanələrdə coğrafi məkanların və yaşayış məskənlərinin yaranması və adlandırılması çox vaxt müəyyən tarixi şəxsiyyətlər və hadisələrlə bağlanır. Bu cəhət onları rəvayətlərə yaxınlaşdırır. Məsələn, “Oğuz kağan” haqqında dastanda Oğuz kağanın bir çox tayfalara ad verməsi haqqında təsəvvürlərə rast gəlinir. Amma nəzərə almaq lazımdır ki, etioloji məzmun tarixi rəvayətlərdə bir detal kimi iştirak edir, toponomik əfsanələrdə isə etioloji məzmun süjetin əsasında durur və mətn konkret hansısa coğrafi obyektin və onun adının yaranmasının izahına xidmət edir.

Toponimik əfsanələrin böyük bir qrupunu yerlərin, kənd və qəsəbələrin adının izah olunduğu mətnlər təşkil edir. Həmin mətnlərə görə, adlar yalnız yerin coğrafi əlamətinə görə deyil, həmin ərazi ilə əlaqədar olan tarixi şəxsiyyətlər və hadisələrə görə də verilir. Məsələn, Şuşa ilə Laçın rayonları arasında yerləşən Gəlin qaya adlı yer adını, əfsanəyə görə, gəlinin düşmən əlinə keçməməsi üçün özünü qayadan atmasından alır. Tovuz rayonu ərazisindəki Başmaqçıxan adlı yer adını Gəncə xanı Cavad xanın həmin ərazidə başmağının çıxması hadisəsindən alır. Tovuz rayonundakı Topdağdağan, Ləzgi yurdu kimi yer adları isə adını xalq arasında Aldədə kimi tanınmış Mirəli ağanın həyatında baş vermiş hadisədən alır.

Toponimik əfsanələrin bir qismini müqəddəs şəxslər haqqında mətnlər təşkil edir. Azərbaycanın müxtəlif bölgələri Həzrət Əlinin (ə) adı ilə bağlı coğrafi məkanlarla zəngindir. Həzrət Əlinin (ə) əlinin, ayağının, atının və qılıncının izinin saxlandığı həmin məkanlara xalq müqəddəs yer kimi yanaşmış, bu gün də arzu və istəklərin gerçəkləşməsi məqsədilə həmin yerlər ziyarət olunur.

Toponimik əfsanələrin bir qismini isə uğursuz sevgi motivi üzərində qurulan mətnlər təşkil edir. Bu əfsanələrdə tərəflərin bir-birinə qovuşmaması onların müxtəlif zümrələri (varlı-kasıb, bəy-çoban və s.), fərqli dinləri təmsil etmələri ilə əlaqələndirilir. Valideynlərinin onları bir-birindən ayıracağını görən gənclər özlərini qayadan atmaqla və sair yollarla həyatlarına qəsd edirlər. İndiyə qədər bəhs olunan əfsanələr regional xarakter daşıyır, məxsus olduğu bölgə ilə məhdudlaşırdısa, uğursuz sevgi üzərində qurulan əfsanələrə Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir. Zəngilan rayonunda Xan çinar meşəsi və Bəsit çayın yaranması bəy qızı ilə çobanın, Axtamar gölünün adı isə müsəlman oğlanla erməni qızının nakam sevgisi ilə əsaslandırılır.

Toponimik əfsanələr coğrafi yerlərin ilkin adının və mənasının unudulması, onların yenidən mənalandırılması ehtiyacından yaranır. Xalq etimologiyasının ən gözəl nümunələri sayılan bu mətnlər bəzən coğrafi adların elmi izahına uyğun gəlmir. Bu tip mətnlərdə çox vaxt zahiri bənzərlikdən, səs uyğunluqlarından çıxış edilərək coğrafi yerlərin adları izah olunur. Məsələn, Ağdam rayonu Ətyeməzli kəndinin adı xalq arasında Atyeməzli kimi izah olunur və II Dünya Müharibəsi vaxtı qonşu kəndlərdə yaşayan insanların aclıq üzündən at əti yedikləri halda, bu kəndin camaatının at əti yeməməsi ilə əlaqələndirilir. Toponimik əfsanələrdə zahiri bənzərliklər üzərində qurulan bu cür izahlara tez-tez rast gəlinir, amma bu onların əhəmiyyətini azaltmır. Əfsanələr həm də insanların yaşadıqları bölgəyə, oradakı coğrafi yerlərə münasibətini, əxlaqi baxışlarını əks etdirir. Azərbaycanın müxtəlif bölgələrində bu tip mətnlərə rast gəlinsə də, dağlıq ərazilər toponimik əfsanələrlə daha zəngindir.