AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cahannamə

Nümunənin reyestr kodu : FL0202010001

Cahannamə tarixi hadisələrə, şəxsiyyətlərə, zamanın gedişinə müəllif münasibətidir, bu obyektlərə qarşı subyektin (müəllifin) hisslərinin, duyğularının, fikirlərinin ifadəsidir. Bu nümunələr tarixin hansısa dönəmini, zaman kəsiyini öz ruhunda yaşatdığına görə dövrün sosial-tarixini araşdırmaqda ədəbiyyat tarixçilərinə, folklorşünaslara həm də əhəmiyyətli material verir.

Cahannamə ustad aşığın yaşadığı dövrdə baş verən hadisəni şahidlik etməklə nəzmə çəkməsidir. Folklorşünas Azad Nəbiyev yazır: “Cahannamələr şöhrətli aşıqlar tərəfindən yaradılır, bir ölkənin, obanın, mahalın tarixinə, yaxud obanın, ölkənin həyatında baş verən mühüm tarixi hadisənin, faktın xatırlanmasına, dəyərləndirilməsinə, həmən dövrdə ölkədə tərəqqinin, dolanacağın gedişinə və s. həsr olunur”. Bu şeir nümunələrində baş vermiş tarixi hadisələr ön plana çəkilir. Məsələn, Molla Cümənin 1910-cu ildə Göynükdə baş vermiş sel daşqınları və onun doğurduğu nəticələrdən bəhs etdiyi “Divani müxəmməs tarixi-mənzumə” şeiri, Aşıq Bəhmənin “Qoşma bəyani-hal cahannamə”si müəyyən tarixi hadisələrin nəzmə çəkilməsi yolu ilə yaranmış şeir nümunələridir. Belə şeir parçalarında aşıq baş vermiş tarixi hadisəni poetik bir dillə təsvir edir və hadisənin şahidi kimi möhür bənddə öz təxəllüsünü verir.

Digər aşıq şeirlərində olduğu kimi, cahannamələrdə də aşıq duymaq, düşünmək və ifadə etmək cəhətdən müstəqildir. Belə ki, hər hansı bir prosesi, yaxud obyekti vəsf edə, təqdir və ya tənqid edə bilər, rəğbətini, ya da gileyini ifadə edə bilər. Cahannamələr həm də müəllifin yaşadığı dövrün mənzərəsini gələcəyə ötürmək, bu gündən keçmişə baxmaq üçün dəyərli mənbə rolu oynayır. Məhz bu xüsusiyyətinə görə cahannamələr tarixi mənzumə kimi də tanınmışdır.

Aşıq yaradıcılığında çox sayda cahannamə nümunələrinə rast gəlmək mümkündür. Məsələn, Aşıq Ələsgərin “Bahalıq” rədifli müxəmməsi sənətkarın yaşadığı dövrün mənzərəsini çox gözəl ifadə edir. Yaxud XIX əsrdə yaşamış Çoban Əfqan bir şeirində öz dövrünə münasibətini belə ifadə edir:

O çərxi-fələkdən şikayətim var,

Çünki onda bir ədalət görünmür.

Verib ağaların əlinə bizi,

Çəkdiyimiz ağrı, zillət görünmür.

Bu necə əyyamdır, necə zamandır?

Ürəklər qan ağlar, Allah, amandır!

İşləyən rəiyyət, kef çəkən xandır,

Ağlayana bir inayət görünmür.

Aşıq Abbas Tufarqanlının “Bəyənməz”, Aşıq Alının “Ağrı dağı”, Zodlu Usta Abdullanın “Olan varmı”, Aşıq Qurban Ağdabanlının “Var”, Xaltanlı Tağının “Dünyanın tərifi”, “Cənnətməkan Quba”, Aşıq Ələsgərin “Çəkirsən”, “Qalmadı”, “Can desin”, “Aparır”, “Eyləyib”, “Kimi” rədifli şeirlərini cahannamənin gözəl nümunələri hesab etmək olar. Ümumiyyətlə, hansı dövrdə yaşamasından asılı olmayaraq, onlarca sənətkarın yaradıcılığında belə nümunələr tapmaq olar.