AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Novruz məcunları

Nümunənin reyestr kodu : ST0904020001

Vitamin deposu sayılan və mikroelementlərlə zəngin məcunlar Azərbaycan mətbəxinin ayrılmaz bir parçasıdır. Keçmişdə, əsasən, zadəgan süfrəsini bəzəyən məcunlardan həm yemək, həm də şirniyyat və ya dərman kimi istifadə olunmuşdu. Tahir Əmiraslanovun yazdığına görə, vaxtilə saraylarda təbii məhsullardan, göyərtilərdən, quru otlardan, dənli bitkilərdən, heyvan mənşəli məhsul hissələrindən və ədviyyatdan müxtəlif məcunlar hazırlanırdı. Bu məcunlar çox vaxt “saqqız” konsistensiyalı şirniyyatlar şəklində olurdu və öz adını da buradan almışdı. Ərəbcə “acənə” sözündən yaranan məcun kəlməsi xəmir edilmiş, yoğrulmuş deməkdir. Orqanizmi qüvvətləndirən, cinsi gücü artıran məcunlar orta əsrlərdə, xüsusilə, çoxarvadlı ailələrdə geniş istifadə olunurdu.

Hazırda Şəmsəddin məcunu, Həyat məcunu, Loğman məcunu, Misir məcunu kimi bir çox məcunların hazırlanma resepti bizə məlumdur. Əksəriyyətinin tərkibində bal olduğundan bu məcunlar şirin dada malikdir. Məcunlar tərkibinin zənginliyi ilə seçilir, hətta tərkibinə 100-dən çox məmulatın qatıldığı məcun növləri də məlumdur. Xalq arasında belə məcunlar həm də 1001 dərdin dərmanı sayılır.

Ən məşhur məcun növü Novruz məcunları hesab olunur. Novruz məcunları daha çox çərşənbələrdə hazırlanırdı. Bu məcunların qızılcıq, heyva, dəvanmişk, muşdarı, qarabaş, misir, filoniya, itrifil və s. kimi bir çoxunun adına yazılı mənbələrdə rast gəlinir. T.Əmiraslanovun yazdığına görə, XVII əsrdə Osmanlı sarayında əczaxana önündə şəfalı otlar və çiçəklərin yetişdiyi bağça vardı. Buradan ildə bir dəfə dörd əczaçının nəzarəti altında ot və çiçəklər toplanır, balla qarışdırılaraq məcunlar hazırlanırdı. Novruziyə adlı xüsusi məcunlar isə 21 martda hazırlanırdı. Bir çox xəstəlikləri müalicə edən və cinsi gücü artıran Novruziyə ağ əmbər, müşk, şəfalı bitkilərdən hazırlanır, bəzəkli qablarda şaha, şahzadələrə, saray əhlinə paylanırdı. Deyilənə görə, ilk Novruziyə məcunu 1538-ci ildə Manisada Hafsa Sultan Darüşşifasının həkimi Mərkəz Əfəndi tərəfindən hazırlanıb əhaliyə dağıdılmışdı.

Novruz məcunları içərisində ən sadəsi səməni halvası hesab olunur. Səməni halvasının hazırlanma qaydası belədir: Bir santimetr hündürlüyündə göyərdilmiş səməni taxta çanaq, yaxud tabaqda daşla döyülüb suyu sıxılır. Həmin suda yeddi evdən alınmış buğda unundan adi xəmirə nisbətən bir qədər sıyıq xəmir yoğrulur. Halva bişirilməyə başlarkən onu qarışdırmaq üçün uzun dəstəkli taxta ərsindən istifadə olunur. Halva bişənə yaxın onun içinə badam və ya fıstıq əlavə olunur. Halva hasilə gələndən sonra bədənə istilik verən qara istiot, darçın, mixək, razyana, quluncan, badyan, qulsakəmər, zəncəfil, qoz ləpəsi, hil kimi ədviyyatlar döyülüb ələkdən keçirərək içinə qatılır. Bundan sonra halva doşabda qarışdırılır və qoğal, kündə şəklində yumurlanıb evlərə paylanır.

Bundan əlavə, Sabuni və Mamuni halvaları da sadə məcun növləri hesab olunur.

XV əsr azərbaycanlı kulinar Mahmud Şirvaninin verdiyi məcunun hazırlanma texnologiyası belədir: kiçik Hindistan qozu, qərənfil, kakule, qırxbuğum otu, darçın, gözəl qoxulu sünbüldən eyni ölçüdə alınır, döyülür, bal qaynadılır, köpüyü alınır məqama gətirilir və bunlar məcun halına gələnədək qatılır və içərisinə səkkiz misqal şərbət əlavə olunur. Müəllif yazır ki, bu məcun iflic, şəhvətsizlik, qulunc, göz ağrısı və diş ağrısından xilas olmaqda ən təsirli vasitədir.

Gül çiçəyi, badam yağı, darçın, vanil, sandal, kakule, besbase, qoz, Hindistan cevizi, zəncəfil, keşniş, mələk otu və şəkər qatışığından hazırlanan Misir məcunu isə cinsi gücü artırmaqda təsirli vasitə sayılır.