AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daşişləmə

Nümunənin reyestr kodu : ST0300000001

Qədim daşişləmə sənəti Azərbaycanda əməli ehtiyaclara xidmət edən bəsit istehsal formasından monumental-dekorativ sənət səviyyəsinədək mürəkkəb inkişaf yolu keçmiş sənətkarlıq növüdür. Ənənəvi daşişləmə sənətinin ən geniş yayılmış sahələrindən biri daşyonma, xüsusilə daş üzərində oyma sənətidir. Daş üzərində oyma sənətinin ilk nümunələri Qobustan və Gəmiqayada öz əksini tapmışdı. Ən qədim nümunələri m.ə. VIII minilliyə aid edilən qaya rəsmləri tişə rolunu oynayan itiuclu daş alətlərlə oyulmuşdu. Dəmirin mənimsənilməsi, mükəmməl metal alətlərin tətbiqindən sonra daşişləmə sənəti özünün tarixi təmayülünü dəyişməyə başlamış, daşişləmə sənətinin bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq və s. kimi yeni sahələri yaranmışdı. Azərbaycanda feodalizm dövründə daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmiş, bir sıra memarlıq məktəbləri meydana gəlmiş, Şirvan-Abşeron memarlıq məktəbinin rolu daha böyük olmuşdu.

Ənənəvi daşişləmə sənətinin arxaik növlərindən olan ibtidai heykəltəraşlığın ilk nümunələri insan və heyvan heykəllərindən ibarət olmuş, qədim dövrün etiqad və inamları ilə bağlı yaradılmışdı. Daş heykəllərin ikinci qrupunu təşkil edən qoç və at heykəlləri nisbətən sonralar meydana çıxmaqla, əsasən, qəbirüstü abidə kimi işlənmişdi. Mükəmməl oyma texnikası əsasında düzəldilən heyvan heykəlləri dekorativ bəzək tərtibatı, kompozisiyasının kamilliyi və real təsiri etibarilə bəsit insan heykəllərindən fərqlənir.

Ənənəvi daşişləmə sənətinin dekorativ baxımdan zəngin və mükəmməl növünü həkkaklıq təşkil edir. Daşişləmənin kamil üsulu olan oyma texnikası özünün zərif həllini məhz həkkaklıq sahəsində tapır. Həkkaklar, əsasən, qəbrüstü abidələr (başdaşı, sənduqə) və inşaat hissələri (dekorativ bəzək ünsürləri, kitabələr və s.) düzəldirlər. Orta əsrlərdə möhtəşəm saray və qəsrlər zəngin bədii dekora malik oyma-nəqş ünsürləri ilə bəzədilirdi.

Azərbaycanın ənənəvi həkkaklıq sənətində Şirvan-Abşeron memarlıq məktəbinə mənsub sənətkarların əl işləri diqqəti daha çox cəlb edir. XVIII əsrdən etibarən Azərbaycanda xanlıqların yaranması ilə əlaqədar, həkkaklıq sənətində məhəlli fərqlərin və spesifik xüsusiyyətlərin güclənməsi müşahidə olunur. Qəbir daşları üzərində mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, silah və nəqliyyat vasitələrinin (gülabdan, sürmədan, güzgü, qayçı, daraq, möhür, qılınc, xəncər, tüfəng, rəhil, sahibsiz qalmış yəhərli at və s.) təsvirləri əksini tapmışdı.

Hər bir bölgədə daş karxanaları mövcud olmuşdu. Xüsusilə şəhərətrafı kəndlərdə karxanalar daha geniş intişar etmişdi. XIX əsrin sonlarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Bakı, Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzaları xüsusi yer tuturdu.

Tətbiq sahəsindən asılı olaraq, daşyonma sənətində tarixən ixtisaslaşma getdiyindən tikinti daşının yonulması ilə bənnalar məşğul olur, hörgü daşı, bəzək, sütun, tava, çatma daşı və s. olmaqla, müxtəlif forma və ölçülərdə tikinti materialı yonub hazırlayırdılar. Təsərrüfat və məişət əşyalarının – hovuz, axur, dibək, kirkirə, dəyirman daşı, su daşı, xırman daşı (girgino), doqqaz daşı və s. hazırlanması ilə xüsusi ustalar məşğul olurdular. Xatirə abidələrinin bir qismini həkkaklar, müəyyən hissəsini isə daşyonan ustalar hazırlayırdılar. Xatirə abidələri təkcə məzar daşlarından ibarət olmayıb, xeyrat bulaqları ilə bağlı daş məmulatını (qıstab, hovuz və novça) da əhatə edirdi. Daş məmulatının növündən asılı olaraq o, müxtəlif üsullarla (qaraçapma, çümməçapma, dişəmə və cilalama) yonulub hazırlanırdı.

Daşişləmə sənətində sal daşın çıxarılması və daşınması prosesində külüng, ling, bel, kürək, para (paz), yanpara (nalçaq), qalaqburun, gürz, gırdın və s. kimi əmək alət və vasitələrindən istifadə edilir. Daşyonma prosesində, adətən, daş baltası, dişək (təvər-dişək), düsəri, dəzgə, künyə, gireh və s. işlənirdi. Bəzək daşının cilalanıb hazırlanmasında iri və narın dişli törpü, yastı, üçgül, dördgül, yuvarlaq formalı (“bülül”) yeyə, ülgü, künyə, pərgar və s. istifadə olunurdu. Müasir dövrümüzdə bu qədim sənət növü qəbirüstü abidələrin və s. hazırlanmasında tanınmış ustalar tərəfindən tətbiq edilir.