AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Acıtmalar

Nümunənin reyestr kodu : FL0207010001

Azərbaycan uşaq folklorunda geniş yayılmış acıtmalar uşaqların dünyagörüşünə müsbət təsir edib onların erudisiyasını inkişaf etdirən janrlardan biridir. Böyüklərin və uşaqların şəxs adları üzərində qurub yaratdıqları, bir-birlərinin xasiyyətində, davranışında, hərəkətində və geyim​indəki nöqsanları “tənqid edən”, əslində isə bu qüsurları aradan qaldırmağa yönəldilmiş şeir nümunələrinə acıtmalar, yaxud cırnatmalar deyilir. Bu uşaq oyunu bəzən xalq arasında keçirilən kəndirbaz oyunlarının əvvəlində tamaşaçıları əyləndirmək üçün nəzərdə tutulur, iki hazırcavab uşaq meydanda deyişir. Onlar əvvəl rəqəmlərlə höcətləşirlər, sonra isə adi sözlərə keçirlər, kim cavab tapa bilmirsə, o, məğlub olmuş sayılır. Məsələn, uşağın biri deyir:

– Denən bir.

– Bir.

– Yerə gir.

– Denən beş.

– Beş.

– Yeri eş.

Acıtmalardan uşaqlar əksər hallarda qarşıdakı uşağı lağa qoymaq məqsədilə faydalanırlar, kimlərinsə mənfi xasiyyətləri “tənqid hədəfi”nə çevrilir. Aşağıda verilən acıtmada daha çox qadınlar arasında yayılmış xarakterik xüsusiyyətlər açılır. Belə acıtmalar tərbiyəvi əhəmiyyət daşıyır:

Fatma, Tükəzban,

Zübeydə bir can.

Tükəzban söyər,

Fatma öyünər.

Gülnisə şərçi,

Fatma xəbərçi.

Acıtmalar sabit formaya malik deyil. Əsasən, heca vəzninin azhecalı şeir ölçülərində (dördlük, beşlik, yeddilik) yaradılır. Misraların bir-biri ilə qafiyələnməsində də müxtəliflik özünü göstərir. Əksər hallarda misralar cüt-cüt qafiyələnir. Bəzən bir mətndə iki, üç sistemdən istifadə olunur. Bizə elə gəlir ki, uşaq eyni ölçülü cümlə və söz birləşmələrini heç bir qaydaya əsaslanmadan bacardığı şəkildə bir-birinə uyğunlaşdırır, eləcə də böyüklərdən aldığı şeir şəkillərinə üz tutub bayatı formasına oxşar söz düzüb-qoşur, öz “əlavə”lərini artırıb-azaltmaqla hazır qəlibləri başqa şəklə salır. Ona görə də şeirdən şeirə keçəndə fərqli qafiyə quruluşları ilə rastlaşırıq. Dördhecalı ölçüdə yaranan acıtmalar 3, 4 və daha artıq misradan ibarət olur:

Əhmədağa,

Girdi bağa.

Bir quş vurdu,

O da qurbağa.

Acıtmalarda uşaq təfəkkürünə uyğun məzəli təsvirlərə və təşbehlərə təsadüf edilir: əli süpürgəli, saçı sirkəli, yaxası bitli. Ən çox “tənqid”ə məruz qalan qız adları Fatma və Tükəzbandır. Bir şeirdə Fatma dalaşqanlığı, Tükəzban acgözlüyü və deyingənliyinə görə gülünc vəziyyətə düşür.

Ümumiyyətlə, acıtmalar böyüklərdən alınan hazır şeir formalarının təsiri ilə uşaqlar tərəfindən yaradılmışdı. Məsələn, “Göyçək Fatmanın nağılı”ndakı xoruzun oxuduğu nəğmə əsasında uşaqlar sonralar maraqlı acıtma düzəltmişlər.

Dilimizdə qafiyəyə gələn bütün şəxs adlarına müxtəlif variantlarda acıtmalar düzülüb qoşulmuşdu. Bunların içində Fatma, Tükəzban, Zibeydə, Sona, Tağı, Nağı, Əli, Vəli, Pirvəli, Şaban, Ramazan, Mustafa, Səftər, Dadaş və b. adlarla bağlı məzəli şeir parçalarına daha çox təsadüf edilir.