AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Düzgülər

Nümunənin reyestr kodu : FL0207020001

Azərbaycan uşaq folklorunun formaya görə müəyyənləşən spesifik strukturlu poetik şəkilləri vardır. Bu parçalarda məzmun daşıyıcıları qırılıb-kəsildiyindən ayrı-ayrı misralarda məna “itir” və ritm, ahəng əsas rol oynayır. Azərbaycan şifahi xalq ədəbiyyatında belə nümunələr düzgü adı ilə tanınır. Xalq yaradıcılığının xüsusi formalı nümunələrinə düzgü adının verilməsi şeirlərin quruluşundan doğur. Belə ki, düzgülərdə misralar zəncirvari şəkildə bağlana-bağlana bir-birinin ardınca düzülür. Daha dəqiq desək, bəzi misraların sonuncu sözü ardınca gələn misranın əvvəlinci sözünü təşkil edir. Məsələn:

...Cahan gedib hamama,

Hamamın suyu isti,

İsti su da nə pisdi...

Yaxud, hər misra özündən əvvəlki misrada iştirak edən sözlərdən biri əsasında qurulur və bu şəkildə növbələşmə axıradək davam edir:

Üşüdüm ha, üşüdüm.

Dağdan alma daşıdım.

Almacığımı aldılar,

Mənə cürüm verdilər,

Mən cürümdən bezaram.

Dərin quyu qazaram.

Dərin quyu beş keçi,

Hanı bunun erkəci?

Düzgü adı altında toplanan uşaq şeirlərinin mənşəyi çox qədim dövrlərlə səsləşir. Bu şeirlərin hər birinin müəyyən məqsədlə ayrıca nəğmə kimi yarandığı mətnin özündən də az-çox nəzərə çarpır. Düzgülərdə çox vaxt müxtəlif məqsədlə yaranan nəğmələrin ayrı-ayrı komponentlərinin birləşdirilməsinə təsadüf olunur. Ovçuluq, əkinçilik, maldarlıq, toxuculuq peşələrinə həsr olunan nəğmələrin izləri bəzi düzgülərdə bu gün də qalır. “Əkil-Bəkil” şeiri bütövlükdə ovçu nəğməsidir, lakin uşaqların repertuarında düzgü kimi qalmış və bütün folklor toplularında düzgü başlığı altında nəşr edilmişdi.

Düzgülərdə bəzi misralar, epizodik əhvalatlar, təsvirlər, demək olar ki, əksər nümunələrdə təkrar verilir. Bu, ondan irəli gəlir ki, düzgülərin ilkin forması və bütöv məzmunu unudulmuş, ayrı-ayrı nəğmələrin yaddaqalan parçaları süni yolla sintez edilmiş, bu səbəbdən də bir çox misralar bir düzgüdən başqasına adladılmışdı. Bu hal düzgülərdə məzmun dolaşıqlığı yaratmış, həm də şeirlərin poetik sisteminin pozulmasına, qafiyələrinin dağılmasına səbəb olmuşdu. Dolaşıq və bir-biri ilə bağlılığı olmayan, pərakəndə epizodların bir mətndə toplanması nəticəsində düzgülər məzmunsuz əsər (ritmik, qafiyələnmiş söz yığını) təsiri bağışlayır. Bununla belə, misradan misraya adlanan söz və ifadələrin təkrarlanması şeirin bütövlüyünün təmin edilməsində mühüm rol oynayır.

Uşaqlar düzgülərdən müxtəlif məqsədlər üçün istifadə edirlər. “A teşti”, “Kəsibdi” kimi düzgülər oyun zamanı qızlar arasında oxunur. “Hamam, hamam içində” düzgüsü nağılın əvvəlində söylənir. “Əkil-Bəkil” bəzən seçim üçün yararlı sayılır, sanamanın funksiyasını yerinə yetirir.

Düzgülər heca vəzninin yeddilik ölçüsündə yaranır, misralar çox vaxt cüt-cüt qafiyələnir, bəzən üç misra bir-birinə uyğun gəlir. Qafiyəsiz, sərbəst misralara da təsadüf edilir: