AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nağıllar

Nümunənin reyestr kodu : FL0110000001

Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır.

Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar.

Azərbaycan nağılları poetik xüsusiyyətləri, qəhrəman tipi nəzərə alınmaqla yeddi qrupa ayrılır: Heyvanlar haqqında nağıllar, sehrli nağıllar, dini nağıllar, novellistik (məişət) nağıllar, qaravəllilər, kumilyativ nağıllar, bahadırlıq nağılları. Heyvanlar haqqında nağıllar, sehrli nağıllar və novellistik nağıllar Azərbaycan folklorşünaslığında hələ Sovet dövründən müstəqil qrup kimi qəbul olunmuşdur, digər qruplardan isə yalnız son illər aparılan araşdırmalarda müstəqil qrup kimi danışılır. Dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir və belə nağıllar daha çox İslam dinindən gələn fikirlərin xalq içində, kütlə arasında təbliğinə xidmət edir. Kumilyativ nağıllar sabit strukturu ilə seçilir və eyni fəaliyyətin təkrarı üzərində qurulur. Bahadırlıq nağılları isə qəhrəmanın doğuluşunun epik genişlik qazanması, adla obraz arasında bağlılığın olması, qəhrəmanın qarşıya qoyulan məqsədə fiziki gücü hesabına çatması və s. bu kimi xüsusiyyətlərə görə digər qruplardan fərqlənir.

Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, AMEA Folklor İnstitutunda bölgə folklorunun toplanması istiqamətində görülən işlər nəticəsində son illər Qarabağ sakinlərindən 400-dən artıq, Saatlı və Tovuz rayonlarının hər birindən 100-ə yaxın nağıl yazıya alınmışdı. Son illər yazıya alınan nağıllar hesab alındığı təqdirdə nağıl süjetlərinin sayı artacaq, amma ümumi mənzərə dəyişməz qalır. Belə ki, Azərbaycan nağıl repertuarının 60 faizi (390 süjet) beynəlxalq, 40 faizi (302 süjet) milli süjetlərdən təşkil olunmuşdu. Beynəlxalq süjetlərə ən çox sehrli və heyvanlar haqqında nağıllar qru​punda rast gəlinir. Bu qrupların süjet tərkibinin yarıdan çoxu bey​nəlxalq süjetlərdən ibarətdir. Milli süjetlərin böyük əksəriyyəti isə dini və novellistik nağıllar qrupunun payına düşür. Azərbaycan nağıl repertuarının yarıdan çoxunun beynəlmiləl səciyyə daşımasına baxmayaraq, hər bir xalqın nağılı onun çoxəsrlik tarixini, adət-ənənəsini, etnoqrafiyasını, yaşamını, mübarizəsini, istək və arzularını əks etdirir, ona görə də millidir.

Cəmiyyətdə gedən sosial-iqtisadi dəyişikliklər, ənənəvi folklor məclislərinin – uzun qış gecələrinin, dövranların, iməciliklərin məişətdən çıxması Azərbaycanda klassik folklorun öz auditoriyasını itirməsinə, onun işlənmə arealının daralmasına, bir çox nümunələrin epik dövriyyədən çıxmasına səbəb olmuşdu. Son illər toplanan folklor materialları üzərində aparılan müşahidələr sehrli və heyvanlar haqqında nağılların unudulduğunu, yadda qalan nümunələrin isə uzun müddət ifa olunmadığından bədii keyfiyyətlərini itirdiyini göstərir. Bunun əksinə olaraq, öz auditoriyasını qoruyub saxlamış dini və novellistik nağıllar isə aktivliyini davam etdirməkdədir.