AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Balıqçılıq təsərrüfatı

Nümunənin reyestr kodu : DA0302000001

Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi, Kür və Araz çayları kimi iri və xırda çayların bolluğu burada ta qədimdən balıqçılığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Qobustan qaya rəsmlərindəki qayıq, balıq və balıq toru təsvirləri, Qobustandan arxeoloji qazıntılar zamanı tapılmış tor toxumaq üçün sümük alətlər, qarpunlar bu sahənin inkişafından xəbər verir.

Orta əsr ərəb mənbələrində Kürdə balıqçılığın inkişaf etdiyi xatırlanır və göstərilir ki, burada tutulan balıq duzlanmış halda bir çox ölkələrə aparılır. Adam Oleari Kürün Səfəvi şahı tərəfindən icarəyə verildiyini, burada balıq ovu üçün xüsusi arakəsmələr düzəldildiyini yazır.

XIX əsrdə balıq vətəgələrinin sayına görə Volqa çayından sonra Kür çayı mühüm yer tuturdu. 1829-cu ildə Salyanda altı vətəgə (Bojiy, Akuşa, Lopatinski, Torpaq-qala, Arbatan, Abdulyan vətəgəsi olmaqla) var idi. XIX əsrin sonunadək burada nərə balıqları: ağbalıq, burun və s. ovlanırdı. XIX əsrin 80-ci illərindən etibarən pullu balıqların (ziyad, şamayı və s.) intensiv ovlanmasına başlanır. Bu balıqlar, əsasən Muğanda yerləşən axmaz və çalalarda ovlanırdı.

XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanda balıqçılığın daha intensiv inkişafı ilə xarakterizə olunur, ov alətləri daha da təkmilləşdirilir, balıq ovunda motorlu gəmilərdən istifadə edilirdi. Dənizdə balıq ovlanması işi XX əsrin 30-cu illərindən sonra daha da genişlənmişdi.

Qədim zamanlardan balıqçılıqla məşğul olan əhali ov zamanı müxtəlif alət və vasitələrdən istifadə etmişdi. Qır və bulla (çəngəl) ilə balıqtutma balıq ovunda ən qədim üsullardan biri hesab olunur. Balıq ovu, əsasən aşağıdakı qaydada aparılmışdı: a) vurma üsulu ilə balıq ovu; b) qırmaqla balıqtutma; c) torla balıqtutma.

Balıq ovunun üsul və qaydalarından biri çaylarda çəpər çəkilməsidir. Bunun üçün çayın dar yerində yan-yana qoşa payalar basdırılır və bunlara çubuqlardan hörülmüş çəpər bərkidilirdi. Adətən, çəpər maneələrdə balıq ovu gecələr aparılırdı. Ov zamanı qayıqdakı balıqçılardan biri əlindəki qırla balıqları tutaraq qayığa və ya kisələrə yığırdı. Ağacsaplı dəmir qırdan əlavə, ovçular qıra oxşayan “telmıx” adlanan dəmir alətdən də istifadə edirdilər.

Kiçik çaylarda balıq ovu ibtidai qaydada aparılır. Bunun üçün çayın dar yerində bənd tikilərək suyun səviyyəsi qaldırılır. Su daşmağa başladıqda çayda tikilmiş bənd də uçurulur, su ilə bərabər balıqlar da sahilə çıxırdı.

Çay balıqlarını daha sadə üsullarla da tuturlar. Bunun üçün çayların sahil divarlarına bitişik daşdan yarıdəyirmi divar hörürlər. Balıqların içəriyə girə bilməsi üçün divarda aralıq qoyulur. Həmin qapıcıq bir neçə gün açıq qalır. Ov zamanı isə qapı daş və ya şaxla tutulur. Daha sonra içəridəki balıqlar əl ilə tutulur. Adətən, belə divarlar çayların dayaz yerlərində tikilir. Çayların nisbətən dərin yerlərində balıq tutmaq üçün çubuq səbətlər qoyulur. Səbətlərin ağzı elə düzəldilir ki, içəriyə girən balıq artıq oradan çıxa bilmir.

XIX əsrin ikinci yarısından etibarən balıq ovunda iri ölçülü torlardan istifadə edilməyə başlamışlar. Uzunu və eni boyu hər iki qırağı sicimlərə keçirilən belə torları suda barkas və ya kirjimlərlə sürüyürdülər. Balıq ovlamaqda “molojk”, “salıq” adlanan torlardan istifadə edilmişdir. Belə torlarla dayaz sularda balıq ovlanardı.

XIX əsrdə balığın tutulmasında primitiv qayıqlardan – kolazdan istifadə edilirdi. Vətəgələrdə isə iri qayıq tiplərindən sayılan kirjim yayılmışdı. Kirjim ən çox dənizdə – sahil boyunca üzmək üçün işlədilir. XIX əsrin sonunda kolazla yanaşı, iri torla balıq ovu zamanı düzdibli boyük qayıqlar da işlədilirdi. Eləcə də böyük düzdibli, nazik buruna malik, avarla hərəkətə gətirilən qayıqlar da yayılmışdı. Bundan əlavə, balıq dolu barjlara qoşulub, çəkən mühərrikli barkaslar da meydana gəlmişdi, lakin balıqlar səs-küylü belə gəmilərə yaxın düşmədiyindən ov üçün kirjimə üstünlük verilirdi.