AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əfsanələr

Nümunənin reyestr kodu : FL0106000001

Azərbaycan əfsanələri – bitkilərin, heyvanların, insanların, nəsil və tayfaların mənşəyindən bəhs edən şifahi hekayələrdir.

Azərbaycan əfsanələri əsasən tək epizod üzərində qurulur. Hadisələr gerçəklik kimi təqdim olunsa da, burada baş verənlər və personajların fəaliyyəti tamamilə xəyalidir, hətta bir çoxları fantastik, möcüzəvi və sehrli səciyyə daşıyır. Əfsanələrdə baş verən hər şey islam həyat tərzi, əxlaq normaları çərçivəsində dəyərləndirilir və təsvir olunur. Məsələn, şanapipiyin yaranması başını yuyan gəlinin qayınatasının onu görəcəyindən ehtiyat etməsi, Gəlin qayası (Laçın rayonu) düşmən əlinə düşəcəyindən ehtiyat edən gəlinin özünü qayadan atması, Oğlanlıca pirinin (Zəngilan rayonu) yaranması isə ananın uşağın yanını yuxa ilə silməsi ilə izah olunur. Ona görə də bu mətnlər bu və ya digər bir obyektin yaranması haqqında informasiya verməklə yanaşı, həm də əxlaqi məzmun kəsb edirlər.

Azərbaycan əfsanələrinin özünəməxsus süjet tərkibi və personajlar sistemi vardır. Onların bir qismi dini mənbələr və məxəzlər vasitəsi ilə şifahi ənənəyə daxil olsalar da, islam dinindən qabaqkı inam və təsəvvürləri, adət-ənənəni özündə birləşdirərək özünəməxsus inkişaf yolu keçmişdir.

Əfsanələrin yaranması və yayılması qədim dövrlə bağlı olduğu üçün onların nə zaman yaranması haqqında fikir söyləmək çətindir. Ancaq qədim tarixi mənbə və salnamələrdə, cünglərdə, yazılı ədəbiyyatın klassik nümunələrində əfsanələrdən geniş istifadə olunması məlumdur. Xüsusən də, Nizami Gəncəvini əsərləri bu cəhətdən daha zəngin material verir.

Məzmununa görə Azərbaycan əfsanələri belə qruplaşdırılır: a) bitki və heyvanat aləmi ilə bağlı əfsanələr, b) toponimik əfsanələr, c) el, tayfa və nəsil adı ilə bağlı əfsanələr, ç) dini əfsanələr.

Azərbaycan əfsanələrinin böyük bir qrupunu təşkil edən bitki və heyvanat aləmi ilə bağlı əfsanələrdə bitki və heyvanların əmələ gəlməsindən, onlara məxsus müəyyən xüsusiyyətlərin formalaşmasından bəhs olunur. Məsələn, kəkliyin ayağı niyə qırmızıdır? Nə üçün qaranquşun quyruğu haçadır? və s. Toponimik əfsanələr isə müəyyən coğrafi obyektlərin (dağ, daş, çay, bulaq və sair), yaşayış məskənlərinin (kənd, şəhər və sair) yaranmasının və onların adlarının izah olunduğu şifahi hekayələrdir. Azərbaycan əfsanələri arasında Çoban dağı (Tovuz), Qız qalası (Bakı), Ceyran bulağı (Laçın) kimi coğrafi yerlər və yaşayış məskənləri haqqında əfsanələr çox məşhurdur. Nəsil və tayfaların öz mənşəyi, əcdadları haqqında verdiyi məlumatlar da əfsanələrin maraqlı bir qrupunu təşkil edir. Peyğəmbərlər və dini şəxsiyyətlərin fəaliyyətlərinin əsasında da müəyyən möcüzəvi, fantastik hərəkətlər durur ki, bu mətnlər də əfsanələrin böyük bir qismini təşkil edir.

Azərbaycan əfsanələrinin toplanması və nəşri işi isə hələ XIX əsrdən ziyalıların diqqətini cəlb etmişdi. Bu dövrdə Azərbaycana gələn səyyah, tarixçi və etnoqraflar şifahi dildən yazıya aldıqları bir çox əfsanələri rus dilinə tərcümə edərək dövrün mətbu orqanlarında çap etdirmişlər. 1830-cu ildə “Literaturnaya qazeta”da “Qız qalası”, 1833-cü ildə “Moskovskiy teleqraf”da “İsgəndərin zülmətə getməsi”, “İsgəndərin doğulması” adlı Azərbaycan əfsanələri verilmişdi. Daha sonra Naxçıvan qəzasından “İlan dağ”, “Əshabi-kəhf”, Qəbələdən “Nohur gölü”, “Qəbələ mahalı”, Gəncəbasar bölgəsindən hop-hop, qaranquş, qırğı, xoruz və digər quşlar haqqında əfsanələr toplanaraq çap olunmuşdu. Sovet dövründə isə Sədnik Paşayevin Azərbaycanın müxtəlif şəhər və kəndlərindən, Gürcüstan və Ermənistanın azərbaycanlılar yaşayan bölgələrindən topladığı əfsanələr əsasında üç kitabı işıq üzü görmüşdü.