AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Müxəmməs

Nümunənin reyestr kodu : FL0202080001

Azərbaycanda tarixən aşıq poeziyası ilə klassik poeziya bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmiş, nəticədə aşıq ədəbiyyatının bir çox şeir şəkilləri klassik poeziyaya keçərək onu zənginləşdirmişdi. Eyni zamanda klassik poeziyanın aşıq poeziyasına təsir edərək onu yeni şəkil və formalarla zənginləşdirən nümunələri vardır ki, bunlardan biri müxəmməsdir.

Müxəmməs Azərbaycan aşıqlarının tez-tez müraciət etdiyi şeir şəkillərindən biridir. Klassik poeziyanın qədim janrlarından olan müxəmməs öz adını bəndlərdəki misraların sayından alır. Müxəmməsin hər bəndi beş misradan, hər misrası 15 və ya 16 hecadan ibarətdir. Qafiyə sisteminə gəldikdə, ilk bəndi aaaaa, növbəti bəndlər isə bbbba, cccca şəklində qafiyələnir. Şeirdəki bəndlərin sayı, digər aşıq şeirlərində olduğu kimi, tək rəqəmlə ifadə olunur və 3, 5, 7, 9, 11 və s. bəndlərdən ibarətdir.

XVIII əsrin sonlarından etibarən ustad aşıqların yaradıcılığında müxəmməs şeir şəklinə geniş yer verildiyi müşahidə edilir. Əsasən, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Musa, Varxiyanlı Aşıq Məhəmməd, Molla Cümə, Hüseyn Bozalqanlı və başqalarının yaradıcılığında bu şeir şəkli xüsusi yer tutur. XIX əsrin sonlarında Molla Cümə aşıqlar arasında müxəmməsin atası kimi tanınır.

Müxəmməsin şəkil imkanları lirik-epik lövhələrin təsviri üçün gözəl imkanlar açır, ona görə də aşıqlar bu şeir şəklindən daxili hisslərlə yanaşı, epik lövhələrin təsvirində də geniş istifadə edirlər. Məsələn, Aşıq Ələsgərin XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Dəli Alının tərifinə həsr etdiyi iki müxəmməsdə çar rejiminə qarşı çıxan xalq qəhrəmanı vəsf olunur.

Xalq sənətkarları həm kəskin ictimai hadisələrin, məişət məsələlərinin, geniş kütləni düşündürən mövzuların bədii inikasında, həm də aşıq musiqisinin zənginləşməsində müxəmməsdən səmərəli istifadə etmişlər. Bu şeir şəkli ilə əlaqədar “Baş müxəmməs”, “Orta müxəmməs” kimi sevinc və şadlıq ifadə edən saz havaları yaradılmış və müxəmməslər həmin havalar üzərində oxunur. Dastanın sonunda oxunan duvaqqapmalar da, bir qayda olaraq, müxəmməs üzərində qurulur.

Aşıqlar klassik ədəbiyyata məxsus bu şeir şəklindən böyük ustalıqla istifadə etmişlər. Onlar müxəmməsə yaradıcı yanaşaraq onun əsas özəlliklərindən bəhrələnmiş, eyni zamanda ona yeni çalarlar əlavə etmişlər. Azərbaycan aşıqları ənənəvi klassik müxəmməsə xalq şeirinə məxsus poetik formaları, müxtəlif bədii vasitələri tətbiq etməklə özünəməxsus xüsusiyyətlərə malik aşıq müxəmməsləri yaratmışlar.

Müxəmməsin “Qoşayarpaq müxəmməs”, “Cığalı müxəmməs”, “Dodaqdəyməz cığalı müxəmməs” kimi formaları mövcuddur. Qoşayarpaq müxəmməs çarpaz qafiyə əsasında yaranır. Cığalı müxəmməslərdə isə bünövrə misrasından əvvəl şeirin strukturuna ya təsnif, ya da bayatı üzərində qurulmuş cığalar əlavə olunur. Aşıq şeirində iki-üç formanın – müxəmməs+bayatı və ya təsnifin bir araya gəlməsi şeirin quruluşunda köklü dəyişiklik yaradır və ilk baxışdan heç bir poetik janr, forma və şəkilə bənzəməyən bədii sənət nümunələri ortaya çıxır. Bu şeirin forma və şəkilləri müxəmməs daxilində əlavə xüsusiyyət və funksiya daşımır, bəndin bərabərhüquqlu tərkib hissəsinə çevrilir. Beləliklə də, çoxtərkibli mürəkkəb şeir forması yaranır. Cığalı müxəmməsin ən kamil nümunələrinə Şəmkirli Aşıq Hüseyn və Molla Cümənin yaradıcılığında rast gəlinir.