AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Uşaq oyunları

Nümunənin reyestr kodu : FO0104000001

Uşaq oyunları

Azərbaycanda uşaq oyun ənənələrinə dair ilkin məlumatlara qayaüstü təsvirlərdə, şifahi xalq ədəbiyyatına dair qədim mənbələrdə rast gəlinir. Oyun insan təbiətində bir zövq və əyləncə kimi istər böyüklər, istərsə də uşaqlar arasında geniş yayılmışdı. Uşaqların əsas fəaliyyət növü olan oyunlarda uşaq nəinki xarici aləmi, eyni zamanda özünü dərk edir, müşahidə etdiyi fakt və hadisələrə, yoldaşlarına münasibət bildirir. Uşaqlar həyatı, insanları, xarici aləmi, eləcə də özlərini oyun prosesində öyrənir.

Hər bir xalqın uşaq oyunlarının özünə xas xüsusiyyətləri vardır. Məlum olduğu kimi, eskimos uşaqlarının oyunları ox atmaq və qardan kiçik komacıqlar tikmək, avstraliyalı uşaqların oyuncaqları nizə və bumeranq, sevimli oyunları isə xalq adəti olan “Qız qaçırtma”dır. Azərbaycanlı uşaqlar arasında geniş yayılmış oyunlar isə daha çox onlara cəldlik, çeviklik aşılayan, onların fiziki möhkəmliyinə, əqli zəkasının yüksək inkişafına kömək edən oyunlardır. Bu da xalqın yaşam tərzindən, sağlam, gümrah övladlar yetişdirmək ehtiyacından irəli gəlir. Xalqın psixologiyasını özündə əks etdirən uşaq oyunları uşaqların bir fərd kimi yetişməsində, milli və mənəvi dəyərlərə sahib çıxmasında böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Türk xalqlarının adət-ənənələri, inancları, mərasim və ritualları bir-birinə bənzədiyi kimi, uşaq oyunları arasında da bənzərliklər çoxdur. Bu bənzərliklər daha çox oyunların icra olunma qaydasında, oynama üsullarında – oyuna hazırlıq, oyunçu seçimi, cəza vermə, mükafatlandırma, oyunların çoxversiyalı olmasında özünü göstərir. Fərqliliklərə gəlincə isə Azərbaycan uşaq oyunlarında oyun içində söylənən təkərləmələr və oyun mətnləri həcmcə daha böyük olur.

Xalq oyunlarının geniş bir qolunu təşkil edən uşaq oyunları rəqsdaxili və mərasim oyunları əsasında yaranmışdı. Xalqın erkən etiqad və inamlarının əks olunduğu bu oyunların bir çoxu ilkin formasını qoruyub saxlaya bilməmiş, dəyişikliklərə uğramış, çox sayda variant və versiyaları yaranmışdı. Bu zənginlik uşaq oyunlarının təsnifatında da özünü göstərir. Belə ki, uşaq oyunları təkcə mövzusuna, oynanma yerinə görə deyil, eyni zamanda oyunda istifadə olunan vasitələrə, ayinlərə, mərasimlərə bağlılığına görə də təsnif edilmişdi. Bunları nəzərə almaqla Azərbaycan uşaq oyunlarını belə qruplaşdırmaq olar: 1. Adət-ənənələrlə bağlı oyunlar; 2. Günlük əylən​cələr; 3. Arxaik məzmunlu oyunlar; 4. Sosial-siyasi tarixin məhsulu olan oyunlar; 5. Dinin təsirilə yaranan oyunlar; 6. Uşaqlarda nitqin və bədən tərbiyəsinin inkişafı məqsədilə oynanan oyunlar.

“Adət-ənənələrlə bağlı oyunlar”a toy və digər günlük məişət adət-ənənələri ilə bağlı oyunlar, “Günlük əyləncələr”ə “Aşıq”, “Dilsiz-səssiz”, “Çaşdırma-zarafat”, “Gizlətmə-gizlənmə”, “Gözbağlıca”, “Daş”, “Kağız-qələm”, bitki və heyvan obrazlarının canlandırıldığı oyunlar, “Arxaik məzmunlu oyunlar”a zorxanaçılıqla bağlı arxaikləşmiş oyunlar, “Sosial siyasi tarixin məhsulu olan oyunlar”a “Döyüş”, sosial-siyasi tarix və idarəçiliklə bağlı oyunlar, “Dinin təsirilə yaranan oyunlar”a Xıdır, Ramazan və Qurban bayramlarında oynanan oyunlar, “Uşaqlarda nitqin və bədən tərbiyəsinin inkişafı məqsədilə oynanan oyunlar”a “Top”, “Tullanma-hoppanma”, “Qaçma-qovalama”, “Ağac-dəyənək”, “Söz” oyunları və s. daxildir.

IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Çələbi və Biruni, sonralar isə Nizami Gəncəvinin əsərlərində xalqımızın İslamiyyətdən əvvəlki mərasimləri, onların mənşəyi və məzmunu barədə bəzi şərhlər verilir. Klassik ədəbiyyatımızda, nağıl və dastanlarımızda, Avropa səyyahlarının gündəliklərində, habelə orta əsr miniatürlərində təsvir olunan bir çox oyunlar Azərbaycanda oyun mədəniyyətinin geniş yayıldığını göstərir.