AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalq oyunları

Nümunənin reyestr kodu : FO0100000001

Azərbaycanda bir çox oyunlara, o cümlədən Qərbdə oynanan beysbol, reqbi (Azərbaycanda qarşılığı “Moza-moza”, “Papaq aldı, qaç”, “Südlü sülük”) kimi bir çox oyunların daha ibtidai variantlarına, ölüb-dirilmə, artım kimi qədim ritualların parçası olmuş, sonradan ritualla bağını itirərək oyunlaşmış nümunələrə (“Xan bəzəmə”, “Kuf-dibi” və s.) rast gəlinməsi Azərbaycan oyun mədəniyyətinin qədimliyindən xəbər verir.

Oyun mədəniyyəti nə qədər bəşəri səciyyə daşıyırsa, bir o qədər də millidir. Çünki eyni bir oyun müxtəlif xalqlarda dəyişik forma və variantlarda təzahür edir. Ona görə də başqa xalqlarda sıx-sıx oynanan mankala, güləş, çövkən kimi bir çox oyunların maraqlı variantlarına Azərbaycanda da rast gəlinir. Maraqlıdır ki, bu nümunələr başqa xalqlarla müqayisədə daha ibtidailiyi ilə seçilir. Məsələn, Mərkəzi Asiyada və Afrikada geniş yayılmış “Mankala” oyunu taxta üzərində oyuqlar düzəltməklə və oyun daşlarından istifadə etməklə oynandığı halda, Azərbaycanda bu oyun torpaq üzərində yuvalar qazmaqla və xırda daşlardan istifadə etməklə oynanır.

Azərbaycan oyun mədəniyyəti haqqında məlumatlara hələ erkən orta əsrlərə aid mənbələrdə rast gəlmək mümkündür. IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi və əl-Biruninin, XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində xalqımızın islamdan əvvəlki mərasim şənlikləri, oyunları, onların mənşəyi, məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara, həmçinin nağıl və dastanlarımızda, Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların səfər təəssüratları barədə xatirələrində də rast gəlmək mümkündür. Orta əsrlərdə Azərbaycana gələn səyyahlar – Övliya Çələbi, Cozefa Barbara və başqaları “Hoqqabaz”, “Qurd oyunu” kimi bir çox oyunların canlı tamaşaçısı olmuş, onlar barədə ətraflı məlumat vermişlər.

Azərbaycanda oyunların müxtəlif tədqiqatçılar tərəfindən fərqli aspektlərdə təsnifatı aparılmışdı. Oyun mədəniyyətinin araşdırıcılarından olan Füzuli Bayat Azərbaycan xalq oyunlarını təhkiyə elementinə dayanaraq iki yerə ayırmışdı: a) Təhkiyəli, dialoq və monoloqlardan qurulan süjetli oyunlar; b) təhkiyəyə dayanmayan, yəni teatr elementləri olmayan oyunlar.

Tədqiqatçı təhkiyəli, süjetli oyunlara dərviş hekayələrini, “Tənbəl qardaş”, “Xıdır Nəbi”, “Yel Baba”, “Qodu-qodu”, “Kosa-Kosa”, otuza yaxın növü olan Qaravəlli tamaşalarını, mərasim və bayramlarda oynanan meydan tamaşalarını, kukla oyunlarını və Şəbih mey​dan tamaşalarını aid edir. Təhkiyə edilməyən və teatr elementləri olmayan oyunlara zor​xanalar, kəndirbazlar, xalq rəqsləri, uşaq oyunları, canbazlar, “Baca-baca”, “Əl üstə kimin əli”, “Ənzəli”, “Barmaq” oyunu, “Beşdaş”, “Bənövşə”, “Aşıq” oyunları, “Dirədöymə”, “Çiling-ağac”, “Qığmərə”, “Dəsmal aldı-qaç”, “Fincan-fincan”, “Gizlənpaç”, “Papaq aldı, qaç”, “Xan-vəzir”, “Mərə-mərə” və onlarca başqa oyunlar aid edilir. Təbii ki, təhkiyə elementləri olmayan çövkən, cirit və atlı oyunları da buraya aiddir.

Təqribi hesablamaya görə, sadəcə Azərbaycanda dialoq və monoloqlardan ibarət süjet xətti olmayan güc, çeviklik, əyləncə, öyrətmə və öyrənmə, məşq xarakterli oyunların sayı iki yüzə yaxındır. Təbii ki, bu oyunların da düzgü və ya təkərləmə tipli sözləri vardır, ancaq bunlar süjetli, teatral element olmayıb, sadəcə istiqamətləndirici xarakterdədir.

Ali məktəb dərsliklərində isə tamam fərqli təsnifatla qarşılaşmaq mümkündür. Verilən təsnifatı ümumiləşdirəsi olsaq, Azərbaycan xalq oyunlarını aşağıdakı qruplara ayırmaq mümkündür. 1. Mərasim oyunları, 2. Atlı oyunları, 3. Zorxana oyunları, 4. Qız-gəlin oyunları, 5. Uşaq oyunları.