AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Humayun

Nümunənin reyestr kodu : FM0302050001

Humayun

Azərbaycan xalq musiqisində yeddi əsas muğamdan axırıncısı olan “Humayun” Yaxın Şərq xalqlarının klassik musiqisində yer alan 24 şöbədən birinin adıdır. “Humayun” sözünün mənası cənnət quşu, şahlıq quşu olmaqla bərabər, həm də uğurlu, sədaqətli deməkdir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli özünün fundamental “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Humayun”un “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyatdığını qeyd edir. Ustad tarzən Kamil Əhmədov isə “Humayun”u muğamların başı və tacı hesab edirdi.

XIX əsrin sonlarında ustad tarzən Mirzə Fərəcin tərtib etdiyi cədvəldə “Humayun” dəstgahı 17 şöbə və guşəni özündə birləşdirir: NəvaNişapur, Humayun, Bayatı-feli, Suzu-güdaz, Tərkib, Bidad, Bəxtiyari, Üzzal, Novruzi, Günəş, Rəvəndi, Məsnəvi, Pəhləvi, Möləvi, Müxalif, Üzzal, Humayun.

Sonrakı inkişaf nəticəsində “Humayun” başqa muğam dəstgahları kimi təkmilləşdirilir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Türk Musiqi texnikumunun Şərq şöbəsi üçün qəbul edilmiş ilk tədris proqramında (rəhbəri Ü.Hacıbəyli idi) ”Humayun” 7 tərkib hissədən ibarətdir: “Humayun”, “Feli”, “Tərkib”, “Novruzi-Rəvəndə”, “Məsnəvi”, “Üzzal”, “Humayun”. Altmış beş il bundan əvvəl qəbul edilmiş “Humayun” dəstgahının tərkibi bu günə qədər qorunub saxlanmış, yalnız cüzi dəyişiklik edilmişdi. Hazırda “Humayun” muğamının məcmusunu aşağıdakı şöbə və guşələr – “Bərdaşt”, “Humayun”, “Feli”, “Şüştər”, “Tərkib”, “Üzzal”, “Kiçik Məsnəvi”, “Humayuna kadensiya” təşkil edir.

Azərbaycanda özünəməxsus inkişaf mərhələsi keçmiş və xalq musiqimizin intonasiyaları ilə zənginləşmiş “Humayun” muğamını ölkəmizdə “Qafqaz Humayunu” da adlandırırlar. Bir çox xanəndələr əvvəllər “Humayun”u bəmdə və zildə oxuyurdular. “Qafqaz Humayunu”nun ilk yaradıcısı ustad tarzən Mirzə Sadıq (Sadıqcan) (1846-1902) Azərbaycan muğamlarının istinad pərdəsini xanəndələrin səsinə uyğun dəyişəndən sonra bir çox xanəndələr “Humayun”u dəstgah kimi ifa etmişlər. Beləliklə, “Qafqaz Humayunu” yaranmışdı. Məlumdur ki, yalnız xanəndə və sazəndələrin böyük ifaçılıq məharəti sayəsində Azərbaycan musiqisində “Rast-Humayun” dəstgahı da yaranmışdı.

Vaxtilə Azərbaycanda “Humayun” muğamının məşhur ifaçıları olmuşdu. Bu ifaçılardan biri istedadlı xanəndə Mirzə Məhəmməd Həsən (1831-1907) idi. Onun repertuarında “Şur”, “Çahargah”, “Mahur”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul” ilə yanaşı, “Humayun” da var idi. Görkəmli balabançı Əli Kərimovun dediyinə görə, o, “Humayun”u 12 və ya 17 şöbə və guşədən ibarət bir dəstgah kimi oxuyardı. Ə.Kərimov özü “Humayun”u Mirzə Məhəmməd Həsəndən öyrənmiş və balabanda bu muğam dəstgahını saat yarım ərzində çalırmış. Mirzə Məhəmməd Həsən isə “Humayun” dəstgahını aşağıdakı şöbələrlə oxuyardı: “Nəva”, “Mayeyi-Humayun”, “Pəhləvi”, “Şah Xətai”, “Bayatı-Əcəm”, “Zəmin-xarə”, “Zənge-şotor”, “Mani”, “Mənəvi”, “Məsnəvi”, “Hacıyuni”, “Hicaz”, “Gilei”, “Dəşti”, “Bayatı-Türk”, “Cövhəri”, “Mayeyi-Humayun”.

Azərbaycanda “Humayun” muğamının mahir ifaçılarından Məşədi İsini, Keçəçi oğlu Məhəmmədi, Seyid Şuşinskini, Rubabə Muradovanı, Əbülfət Əliyevi, Əlibaba Məmmədovu, Hacıbaba Hüseynovu, Novruz Feyzullayevi, Yaqub Məmmədovu, İslam Rzayevi, Ağaxan Abdullayevi və başqalarını göstərmək olar. Hazırda “Humayun” muğamı tanınmış muğam ustadları Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova, Bəsti Sevdiyeva, Könül Qəmbərova, Teyyub Aslanov, Ruzə İbişova və başqalarının ifasında təqdim olunur. “Humayun” açıq konsertlərdə səslənməklə yanaşı, eyni zamanda lentə və qrammafon vallarına yazılmış və Azərbaycan radiosu fonotekasının fonduna daxil edilmişdi.