AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bayatı-Qacar

Nümunənin reyestr kodu : FM0302010001

Bayatı-Qacar

Azərbaycan muğam sənətində əsas yer tutan “Rast” ailəsinə aid muğam dəstgahlarından biri olan “Bayatı-Qacar” səsdüzümü baxımından “Rast”la eynidir. “Bayatı-Qacar” dəstgahı “si bemol” mayəli rast kökünə əsaslanır. “Bayatı-Qacar” müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə “Dügah” muğamında da işlənmişdi. “Dügah”ın dəstgah şəkilli bir muğam kimi geniş yayıldığı vaxtlarda “Bayatı-Qacar” həmin dəstgahın bir şöbəsi idi. Zaman keçdikcə “Dügah” təbəddülata uğrayaraq şöbə əhəmiyyəti qazanmış və bu gün bir şöbə kimi “Bayatı-Qacar”ın tərkibində çalınıb-oxunur. “Bayatı-Qacar” bir şöbə kimi “Bayatı-Türk” adı ilə həm də “Şur” dəstgahının tərkibində işlənir. Xanəndə və ya ifaçının istəyindən asılı olaraq “Şur” muğam dəstgahında “Bayatı-Qacar” bəzən “Dügah” şöbəsi ilə də əvəz edilə bilər. “Bayatı-Qacar” öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. M.M.Nəvvabın “Vüduhül-ərqam” əsərində “Bayatı-Qacar” müstəqil deyil, məhz şöbələrin siyahısında verilmişdi.

Muğam tarixinin, hissə və şöbələrinin mükəmməl bilicisi, tarzən Mirzə Fərəc (1847-1927) “Bayatı-Qacar”ı aşağıdakı qaydada 8 şöbə və guşədən ibarət dəstgah kimi göstərir: 1. Bayatı-Qacar, 2. Bayatı-Türk, 3. Qatar, 4. Bayatı, 5. Çoban bayatı, 6. Hicaz, 7. Gəbri, 8. Şikəsteyi-Fars.

Muğam dəstgahlarına xas olan əsas cəhət – yenidən əvvəlki şöbəyə qayıtma prinsipi (Bayatı-Qacara kadensiya) bu cədvəldə əksini tapmır. Ə.Bakıxanovun redaktəsi ilə orta ixtisas musiqi məktəbləri üçün işlənmiş proqramda “Bayatı-Qacar”ın məcmusunu 5 şöbə təşkil edir: Mayə, Hüseyni, Şikəsteyi-Fars, Zil Bayatı-Qacar, Bayatı-Qacara kadensiya. Maraqlıdır ki, yuxarıda “Bərdaşt” (müqəddimə) şöbəsi göstərilmir. “Bayatı-Qacar” muğam dəstgahı “Bərdaşt”sız birbaşa “Mayeyi Bayatı-Qacar”la başlayır. Əgər biz M.Fərəcin təsnifatındakı “Bayatı-Qacar”ın şöbə adları ilə Ə.Bakıxanovun cədvəlindəki eyni adlı muğamın şöbələrini uzlaşdırsaq görərik ki, “Şikəsteyi-Fars” şöbəsindən başqa digər şöbələrin heç biri Ə.Bakıxanovun proqramına salınmamışdı. Ə.Bakıxanovun tərtib etdiyi proqramdan sonra “Bayatı-Qacar”ın tərkibi bəzi başqa şöbə və guşələrin hesabına hətta genişləndirilmişdi.

1980-ci ildə görkəmli tarzən Kamil Əhmədovun hazırladığı proqramda “Bayatı-Qacar” 10 şöbə və guşədən ibarət bir dəstgaha çevrilmişdi: “Bərdaşt”, “Mayeyi-Bayatı-Qacar”, “Hüseyni”, “Şikəsteyi-Fars”, “Zil Bayatı-Qacar”, “Zəmin-xarə”, “Dügah”, “Mavərənnəhr”, “Şah Xətai”, “Bayatı-Qacara kadensiya”. “Bayatı-Qacar”ın “Bərdaşt”ı, bir qayda olaraq, “Novruzi-rəvəndə” ilə başlayır. K.Əhmədovun qeydinə görə, “Novruzi-rəvəndə” ilə başlayan “Bərdaşt” şöbəsi sanki baharın gəlməsini dinləyiciyə nəql edir. “Mayeyi-Bayatı-Qacar”da həzinlik ovqatı özünü büruzə verir. Bu şöbə sanki keçmiş günlərin kədərli əhvalatından danışır və dinləyicini düşünməyə sövq edir. “Hüseyni” və “Şikəsteyi-Fars” şöbəsindən sonra “Zil Bayatı-Qacar” çalınıb-oxunur. Bu şöbə “Mayeyi-Bayatı-Qacar”ın zildə təkrarıdır. “Maye”dən fərqli olaraq o, zildə bir qədər cəld, gümrah xarakter kəsb edir. Ondan sonra gələn “Zəmin-Xarə” isə “Zil Bayatı-Qacar”la təzaddır. “Bayatı-Qacar” muğam dəstgahında şöbə və guşələrdən sonra ənənəyə görə yenə də mayə “Bayatı-Qacar”a qayıdılır. Sonluq isə təmkinli şəkildə dinləyiciyə muğam-dəstgahın tamamlandığını bildirir.

“Bayatı-Qacar” muğam dəstgahı Azərbaycan musiqisi tarixində tanınmış Cabbar Qaryağdı oğlu (1861-1944), Keçəçi oğlu Məhəmməd (1864-1940), Həşim Kələntərli (1899-1984), Qulu Əsgərov (1928-1987), Ağaxan Abdullayev (1950-2016) və başqa görkəmli xanəndələrin simasında öz uğurlu ifasını tapmışdı. Bu gün də bir çox muğam ifaçıları “Bayatı-Qacar” muğam dəstgahına öz repertuarlarında geniş yer verirlər.