AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəmz-bilik

Nümunənin reyestr kodu : DR0000000001

Hər bir xalqın mədəniyyəti müxtəlif elementlərdən, o cümlədən əsasını gerçəklikdən alan rəmz və işarələrdən ibarətdir. Digər xalqlarda olduğu kimi, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində rəmzlərə rast gəlmək mümkündür. Rəmz dedikdə, hansısa fikir və ideyanın obrazlı şəkildə, rəmzlərlə əksi nəzərdə tutulur. Ətraf aləmin simvollarla dərki ibtidai təfəkkürün əsas xüsusiyyətlərindən biri hesab olunur. İbtidai mifləri, arxaik dinləri, arxaik incəsənət formalarını onlarsız təsəvvür etmək mümkün deyil. İbtidai təfəkkürün simvollarla əlaqəsindən bəhs edən tədqiqatçı Cəlal Bəydili yazır: “İbtidai insanın bütün yaşayışı başdan-başa simvolikaya bürünüb. O, simvollarla düşünür, yaşayır, onu əhatə edən dünyanı simvollar yığını kimi qavrayır. Məhz bu səbəbdən xalq sənəti üzərində rast gəlinən rəsmlər belə adi bəzək olmayıb, dini-mifoloji mahiyyət daşıyıb”. Deməli, ibtidai cəmiyyətdə insanlar onları əhatə edən ətraf aləm haqqında təsəvvürlərini məhz rəmzlər vasitəsilə ifadə etmiş, bu vasitə ilə mifoloji təsəvvürlərini, dünya, kainat haqqında görüşlərini nəsildən-nəsilə ötürmüşlər.

Bu rəmzlərin bir çoxunun tarixi daha qədimlərə gedib çıxır, arxeoloji materiallarda belə öz əksini tapmışdı. Arxasında duran təsəvvürün unudulması nəticəsində həmin rəmzlər sonralar arxaik mənalarını itirmiş, bədii personajlara, bəzək elementlərinə çevrilmişdi. Bu rəmzləri öyrənmədən miflərin, mərasim tamaşalarının, xalça ornamentlərinin mənasını açmaq mümkün deyil.

Rəmzlər ifadə vasitələrinə görə müxtəlif qruplara bölünür. Bunların içərisində ən geniş yayılanı rəmzlərin saylarla, fiqurlarla ifadəsidir. Məsələn, Azərbaycan folklorunda 7 sayı müqəddəs rəqəm hesab olunur (göylər aləminin yeddi qatdan ibarət olduğu düşünülür, hər bir insanın yeddi arxa dönəni tanıması vacib sayılır və s.).

Bundan əlavə, hansısa fikri əks etdirən əşya, hadisə, fəaliyyət və bədii obrazlar da rəmzlər sayılır. Məsələn, saç arxaik düşüncədə artım gücünü, magik qüvvəni özündə təcəssüm etdirmişdi. Buna görə də Azərbaycan folklorunda bir sıra mifoloji varlıqlar gur, dağınıq saçlı obrazlar kimi təsvir olunmuşdu. Türk etnik-mədəni sistemində geniş yayılmış buynuz elementi isə hakimiyyət, güc rəmzi sayılmışdı. Türk mifoloji sistemində Tanrı oğlunun başlıca atributu olan buynuz sonralar bir çox əfsanəvi hökmdarların təsvirlərində də özünə yer tapmışdı.

Simvollar özünəməxsus bir sıra xüsusiyyətləri ilə seçilir. Əvvəla simvollar əşyanın zahiri görünüşü ilə bağlı olub onun mahiyyətini əks etdirir. Məsələn, Novruz bayramının əsas simvollarından olan paxlava torpağı, üzərini bəzəyən qoz və ya fındıq ləpəsi toxumu, şəkərbura ayı, qoğal isə günəşi ifadə edir. Ayı simvolizə edən şəkərbura, badambura sarı, günəşi simvolizə edən şorqoğalı isə qırmızı rəngdə olur. Novruz bayramında oynanan “Kosa-kosa” oyunu da, tədqiqatçıların fikrincə, qışla yazın qarşılaşmasını, onların mübarizəsini obrazlı şəkildə, rəmzlərlə əks etdirir. Bu oyundakı kosa geyimi, görkəmi ilə qışın antropomorf, keçi isə baharın, yazın zoomorf simvoludur.

Tarix boyu insanı düşündürən onu əhatə edən ətraf aləmi öyrənmək, onun sirlərinə bələd olmaq, ondan öz arzu və istəklərinə uyğun yararlanmaq kimi vacib məsələlər olmuşdu. İbtidai insanın asılı olduğu təbiət hadisələrinə təsir etmək cəhdi sınama və ovsunların, bitkilərin faydalı tərəflərini öyrənmək cəhdi empirik bilik və bacarıqlara əsaslanan türkəçarəliyin, gələcəyi öyrənmək, tutulmuş niyyətin həyata keçib-keçməyəcəyini bilmək həvəsi isə falçılığın yaranmasına gətirib çıxarmışdı. Gündəlik müşahidələr, dəfələrlə sınaqdan keçirilmə nəticəsində formalaşan bu biliklər nəsildən-nəsilə ötürülərək günümüzə gəlib çatmışdı. Bu gün də insanlar gündəlik həyatlarında ata-babadan miras qalmış bu biliklərə baş vurur, onlardan faydalanmağa çalışırlar.