AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gözəlləmə

Nümunənin reyestr kodu : FL0202050001

Gözəlləmə dedikdə çox vaxt gözəllərin vəsfinə həsr olunmuş aşiqanə məzmunlu şeirlər başa düşülür. Əslində isə, gözəlləmələr insan və təbiət gözəlliyini (insanın zahiri gözəlliyi ilə bərabər mənəvi gözəlliyi də bura daxildir) təsvir və tərənnüm edən lirik məzmunlu şeirlərdir. Folklorşünas Qara Namazovun qeyd etdiyi kimi “aşıq lirikasında mənəvi gözəllik məhəbbətin birinci şərti kimi götürülür. Burada təkcə vəfa və etibar deyil, ağıl, kamal, mərifət və nəciblik kimi keyfiyyətlər əsas amillərdəndir”. Gözəlləmə təkcə qadın gözəlliyinin təsviri deyil. Aşıq Ələsgərin “Şah dağı” müxəmməsi və ya “Giləndam” qoşması müxtəlif obyektlərin (birinci təbiətin, ikinci insanın) vəsfinə həsr olunsa da, hər ikisi gözəlləmə hesab olunur.

Gözəlləmə şeirin məzmunundan, ruhundan doğan bir anlayışdır. Aşıq repertuarında öyüd-nəsihət məzmunlu şeirlərə ustadnamə, sual-cavab məzmunlu şeirlərə qıfılbənd deyildiyi kimi, gözəlliyi vəsf edən şeirlər də bu adla tanınmışdır. Forma əlamətlərinə gəldikdə, bu şeirlər qoşma, gəraylı, müxəmməs kimi aşıq şeirinin müxtəlif şəkillərində qurulur.

Gözəlləmələr dastan ifası zamanı müəyyən münasibətlə müstəqil parça kimi də oxunur. Bu şeir növünün bütün dövrlərdə aşıqların diqqət mərkəzində olması təbii haldır. Çünki, gözəllik özünə qarşı sevgi doğurur. Cəmiyyətin və təbiətin gözəlliyi, harmoniyası dünyanın gözəlliyi anlamına gəlir. İnsan özü də gözəllik aşiqi olduğu üçün insan və təbiət gözəlliyinə həsr olunmuş şeirlərə hər zaman ehtiyac duymuşdur.

Gözəlləmə həm də saz havalarına verilən addır. ”Aran gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Göyçə gözəlləməsi”, “Tərəkəmə gözəlləməsi” və s. saz havaları bu qəbildəndir.

Ta qədimdən çağdaş dövrümüzə qədər bütün yaradıcı aşıqların repertuarında gözəlləmələrə rast gəlirik. Aşıq Ələsgərin “Yaylaq”, “Dağlar”, Yəhya bəy Dilqəmin “Dağlar”, Qurbaninin “Aldığım”, “Dəyər sənə”, Abbas Tufarqanlının “Gəz buralarda”, “Yaz gəldi” şeirləri aşıqların ifa etdiyi məşhur gözəlləmə nümunələridir.