AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cənub qrupu şivələri

Nümunənin reyestr kodu : DA0106010001

Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri geniş areala malikdir. Naxçıvan qrupu dialekt və şivələrini, Lənkəran, Astara, Yardımlı, Masallı, Lerik şivələrini, Güney Azərbaycan, Ermənistan (İrəvan, Mehri şivələri), İraq, Suriya (özlərini türkman, türkmən adlandıran, İraq və Suriyada yaşayan xalqların dili fonetik, qrammatik və leksik cəhətdən Azərbaycan dili, həmçinin onun dialekt və şivələri ilə üst-üstə düşür), Əfqanıstan ərazisindəki Azərbaycan şivələrini və s. əhatə edən bu qrup oğuz tiplidir. Özünəməxsus fonetik, qrammatik, leksik xüsusiyyətlərə malikdir.

Fonetik səviyyədə. Cənub qrupu dialekt və şivələri fonetik cəhətdən zəngin dialektoloji əlamətlərə malikdir:

‒ daha açıq ə (ᴂ) saitinin işlək olması: ᴂrix' ‘ərik’, gᴂ:rᴂm ‘gəlirəm’, ᴂv ‘ev’, ᴂyax ‘ayaq’, pᴂnir ‘pendir’, nᴂfit ‘neft’, çᴂvir ‘çevir’, qᴂyqᴂnax ‘qayğanaq’ və s.

‒ dodaqlanmaya meyil: qaordaoş, saopbaosağ, paopaox, şaolvaor, qaotdaolao və s. (bu xüsusiyyəti regionun şərqində ‒ Naxçıvan, Mehri, Lənkəran, Astara, Masallı və s. şivələrində müşahidə etmək olar);

a səsinin işlək olması: avış ‘ovuc’, qahım ‘qohum’, qavın ‘qovun’, qavırma, davşan / dafşan, yafşan ‘yovşan’, oxlav/axlov ‘oxlov’, alav / halav ‘alov’, avırt ‘ovurd’;

‒ incələşməyə, həmçinin incə dodaqlanmaya meyil: əğ ‘ağ’, qərə ‘qara’, pəxıl ‘paxıl’, Bə:ki ‘Bakı’, bülür ‘bilir’ (xüsusilə Ordubad dialekti üçün xarakterikdir);

‒ qalınlaşmaya meyil: kanar ‘kənar’, hayat ‘həyət’, haylə ‘elə’, bafa ‘vəfa’, qabıl ‘qəbul’ (bu əlamət regionun qərb, xüsusən Şərur şivələrində müşahidə olunmuşdu);

‒ qapalı hecalarda novlu x, x' samitlərinin işləkliyi: ələx', biləx', diləx', batıx və s.

‒ burun səslərinin daha çox inkişaf etməsi: ikĩ:z ‘ikiniz’, başĩ: ‘sənin başını’, əynã: ‘sənin əyninə’, desã:z ‘desəniz’, kəndirũ: ‘sənin kəndirini’ və s.

‒ uzanmanın çox inkişaf etməsi: gə:rəm ‘gəlirəm’, dü: ‘düyü’, gözü:n ‘gözünün’, bö:n ‘bugün’, hö:r ‘hörür, mə: ‘mənə, məni’ və s.

ƞ (sağır nun) səsinin özünü göstərməsi: maƞa, gəlirsıƞız, əliƞə və s.

‒ samit qoşalaşmasının güclü olması: hammı, kəssəx' / kəszəx' ‘kəsək’, qısza / qıssa ‘qısa’, çök'qəx' ‘çökək’, çuk'qur ‘çuxur’ və s.

‒ affrikat samitlərin müxtəlif variantlarda apikal və dorsal elementlərlə işlənməsi: цay / kay ‘çay’, цimənnix' / kimənnix' ‘çəmənlik’ цomax / цombax / komax ‘çomaq’, цöцə / kükə ‘kökə’, ʣınqılı / цık'qılı / kık'qılı ‘balaca, kiçik’, ʣorap / gorap ‘corap’ və s.

‒ metateza hadisəsinin güclü olması: arğımax ‘ağrımaq’, dorğamax ‘doğramaq’, Narvız ‘Novruz’, Nafçıxan ‘Naxçıvan’, disgimməx' ‘diksinmək’, örgətməx' ‘öyrətmək’ və s.

Qrammatik səviyyədə. Cənub qrupu dialekt və şivələrinin özünəməxsus morfoloji və sintaktik əlamətləri vardır, bəzən bu əlamətlərin fonetik amillərlə bağlı olduğu üzə çıxır:

‒ sintaktik təkrarların olması: gül gülləməx' ‘naxış salmaq’, bel belləməx' ‘torpağı belləmək’, su sulamax ‘su səpmək’, su suvarmax ‘əkin sahəsini suvarmaq’;

‒ sintaktik qovuşmaların olması: gəkgə ‘gətir gəl’, gökgəma: ‘götür gəl, mənə ver’, çilo:sən ‘çilovsüzən, aşsüzən’, bildir ‘bir il öncə’, inişil ‘iki il öncə’, tainişil ‘üç il öncə’;

‒ informativ yükün cümlənin əvvəlinə düşməsi (aktual üzvlənmədən asılı olaraq, məntiqi vurğu fikrin əvvəlində verilir və burada ton yüksək olur);

‒ istər şəkilçilərdə, istərsə də söz köklərində v samitinin işlək olması: əlivə ‘sənin əlinə’, gövərçin, gövərməx' ‘göyərmək’, annıvı ‘sənin alnını’, qapıvın ‘sənin qapının’;

‒ ahəng qanununun pozulması, yaxud gözlənilməsi: birvariantlı -sũ:z (gəlirsũ:z), ikivariantlı -sĩ:z, -sũ:z (gəlirsĩ:z, görürsũ:z), dördvariantlı -sız, -siz, -suz, -süz (gəlirsiz, görürsüz).

Leksik səviyyədə. Cənub qrupu dialekt və şivələrini səciyyələndirən leksik va​hidlər çoxdur (bunların bəziləri ədəbi dil üçün arxaikləşmiş sözlərdir): qut ‘yemək, ruzi’, oyma ‘don’, cəviz ‘qoz’, məkə ‘qarğıdalı’, arğalı ‘vəhşi qoç’, ayqax ‘təlxək’, qəzil ‘keçi tükü’, qəzilləməx' ‘aldatmaq’, mavrı ‘pişik balası’, qamqax ‘talaşa’, pitix' ‘məktub’ və s.