AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şərq qrupu şivələri

Nümunənin reyestr kodu : DA0106030001

Azərbaycan Respublikasının, əsasən Abşeron, Bakı, Şamaxı, Qobustan, Xızı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və s. regionlarını əhatə edən oğuz-qıpçaq tipli şərq qrupu dialekt və şivələri müasir Azərbaycan dili ilə müqayisədə aşağıdakı səciyyəvi fonetik, qrammatik və leksik əlamətlərə malikdir.

Fonetik səviyyədə. İstər kök, istərsə də şəkilçi morfemlərdə dodaqlanmaya meyl, müxtəlif ahəng pozulmaları bu şivələri səciyyələndirən başlıca xüsusiyyət kimi özünü göstərir. Məsələn,

y samiti qarşısında a saitinin darlaşaraq dilortası, yarımqapalı e saitinə keçməsi: qeysi, qeynana, qeyid, qeyiş, qeyçi və s.

‒ dodaqlanmaya meyil əlamətləri: süz ʽsizʼ, nöşün ʽnə üçünʼ, aton / atun ʽatanʼ, nənön / nənün ʽnənənʼ, boba ʽbabaʼ, alsoz ʽalsanızʼ, desöz ʽdesənizʼ, desön ʽdesənʼ, baluğ ʽbalıqʼ, gomuş ʽcamışʼ;

‒ ahəng pozulmaları: quzi, qaraçi, qutardi, ağaci, qeytan, qeymağ və s.

Azərbaycan dilinin samit sistemində şərq şivələri müəyyən xarakterik əlamətlərlə çıxış edir:

‒ iki sait arasında, yaxud söz sonunda g samitinin fəal olması: erig, ineg, dügi, çüreg, sögüd, alaceg;

ƞ (sağır nun) səsinin işlənməməsi, bəzən bunun diftonqlaşma, yaxud uzanma ilə müşayiət olunması: nənü:z / nənö:z ʽnənənizʼ, ato:uz / atu:z ʽatanızʼ;

v samitinin işlənməməsi, bunun uzanma ilə müşayiət olunması: o:çi ʽovçuʼ, oxlo: ʽoxlovʼ, do:şan ʽdovşanʼ, bizo: ‘buzov’.

Qrammatik səviyyədə. Şərq qrupu dialekt və şivələrinin şəkilçi morfemlərində ikivariantlılığın, xüsusən dodaqlanmanın olması səciyyəvi əlamətdir: əkdüz, gəlüz ʽgəlinʼ, yazdun, alduğ.

Sual cümlələrinin sual əvəzlikləri, sual ədatları, uzanma ilə müşayiət olunan intonasiya ilə verilməsi də xarakterikdir. Lakin bu cümlələrdə yenə də şərq qrupu dialekt və şivələrinə məxsus fonetik əlamətlər özünü göstərməkdədir: Bizə gəlecegsə:n? Əli öydə dögü:r? Nöş bizə gəlmədün? Onın begəm xəbəri yoxdu:?

Leksik səviyyədə. Şərq qrupu dialekt və şivələrini xarakterizə edən bir çox leksik vahidlər də vardır: diringə ʽtoy, çalğiʼ, qobi / qo:ra ʽkiçik dərəʼ, vaxsey / vəxsö:ü (kədər bildirən nidadır), qabla / qobla / qubla ʽkal əncirʼ, qəmbər ʽçay daşıʼ, becid ʽcəldʼ, danna ʽsabahʼ, gilavar ʽcənub küləyiʼ, nay ʽqarmonʼ, həri ʽbəliʼ, hərisin almağ ‘razılığını almaq’, işıxlığ ‘pəncərə’, küdri ‘susuz, isti yer’, bılbıla ‘ilğım’, masqura ‘kiçik kasa’ və s.

Şərq qrupu dialekt və şivələrinin daşıyıcıları “dağlılar” adlanan tatlarla qonşuluq əlaqəsində olmuşlar.

Göyçay, Ucar, Zərdab rayonlarını, Kürdəmir və Ağsu rayonlarının qərbini, İsmayıllı rayonunun cənubunu əhatə edən şivələr şərq və qərb qruplarının, Siyəzən və Şabran şivələri şimal və şərq qruplarının, Biləsuvar, Cəlilabad şivələri isə şərq və cənub qruplarının dialektoloji əlamətlərini özündə cəmləşdirərək keçid xarakteri daşıyır.