AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sərpuş

Nümunənin reyestr kodu : ST0702000016

Ənənəvi mis məmulatları arasında süfrə qablarının bir qrupu (cam, kasa, nimçə, fincan, şərbəti, piyalə, masqura və s.) fərdi, bir qismi isə (ləngəri, dəhmərdan, məcməyi, sini, sərpuş və s.) kollektiv səciyyə daşıyırdı. Şərq ölkələrinə məxsus süfrə qablarının tipik nümunəsi olan sərpuş süfrəyə içində yemək olan nimçə, nəlbəki, sini ilə birlikdə qoyulurdu.

Konusvari formalı, aşağıdan gen, yuxarı qalxdıqca daralan sərpuş yeməyi təmiz və isti saxlamağa imkan verirdi. Məsələn, plov nimçə ləngəri və ya dəhmərdana çəkiləndən sonra onun gec soyuması üçün üstünə qübbəvari sərpuş qoyulurdu. İsti plovdan qalxan buxar sərpuşun köməyi ilə xörəyin üzərində qalır və onu isti saxlayırdı. Sərpuşun bayır səthi həndəsi və nəbati naxışlarla bəzədilirdi. Sərpuşun başı qübbə formalı zərif dürcəklə tamamlanırdı.

Misgər dükanlarında hazırlanan süfrə qabları arasında sərpuşlar mühüm yer tuturdu. Sərpuş bir neçə hissədən (uc, orta, boyun, baş və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı. Qabın gövdəsini təşkil edən əsas hissələr “calğa” adlanırdı. Calğalar lehim üsulu ilə qaynaq edilirdi. Bunun üçün onların kənarı əvvəlcə qayçı vasitəsi ilə çərtmə yolu ilə dayaz doğranıb dilimlənirdi. Eni və uzunu 1 sm-ə çatan calğa dəndənələrini arabir olmaqla, azca içəriyə, üst calğanın dəndənələrini isə arabir qaydada çölə doğru əyirdilər. Bunun sayəsində calğalar üst-üstə otuzdurularkən onların dəndənələri bir-birinə keçirdi. Calğa dəndənələri müvafiq zindan üzərində döyülüb aşağı yatızdırılandan sonra lehimlənirdi. Belə qablarda “qaraqaynaq” (qalay, qurğuşun və duzdan hazırlanır) və “misqaynaq” (sink-bürünc və tənəkardan ibarət olur) adlanan iki cür lehim işlənirdi. “Misqaynaq” üsulu ilə lehimləmək üçün calğa yerini isladıb üzərinə sink-bürünc ərintisindən ibarət lehim sürtülür, onun üstünə tənəkar tozu səpirdilər. Məmulat kürədə qızdırılan zaman misqaynaq lehim əriyib calğa dəndənələrini örtür və onları bir-birinə möhkəm qaynaq edirdi.

Mis qablar “çarxı” və “qaratapdaq” texnologiyası ilə hazırlanırdı. Çarxı istehsal texnologiyasından keçən qablar çarxa verilərək çəkic izləri dəf olunur, qaratapdaq qablarda isə əksinə, çəkic izləri olduğu kimi saxlanırdı. Sərpuş cehizlik, evlərin daxili interyerinin bəzədilməsi üçün də istifadə edilirdi. Süfrəyə düzmək üçün istehsal olunan belə qablar çarxı istehsal texnologiyasına məxsus olmaqla həm də naxışlanırdı. Çarxı prosesindən keçən sərpuşun naxışlanmasını yüksək səriştəli, “həkkak” və ya “yazıçı” adlanan nəqqaşlar həyata keçirirdi. Paxır verməsin deyə, sərpuş qalaylanırdı.

Misgərlərin hazırladıqları qabların üzərində yazılan kitabələr təyinatına uyğun olaraq seçilmişdir. Məsələn, sərpuşlar üzərində yeməklə, süfrə ilə bağlı, piyalələr üzərində şərab və şərbətlə bağlı, məcməyi və nimçələr üzərində isə bərəkət haqqında kəlamlar, daha çox Sədi və Hafizdən seçmə şeirlər nəqş edilmişdir.

Arxeoloji qazıntılar zamanı Qız qalası yaxınlığından tapılmış lüləkli qab zəngin bəzədilmiş sərpuşdan hazırlanmışdı. Qab hazırlanarkən sərpuşun aşağısındakı naxışların çoxu qaynaq nəticəsində pozulmuş, yalnız rombvari bəzəklərin izi qalmışdır. Qabın gövdəsi üzərində, orta ornamental qurşaqda zərbetmə üsulu ilə salınmış buta və günəş təsviri daha çox maraq doğurur.

Sərpuşun meydana çıxması, yayılması Şərq xalqları arasında mədəni əlaqələrin, qarşılıqlı təsirin nəticəsi idi. Eyni zamanda misgərliyin inkişaf etməsi Azərbaycanda da bu qab-qapaq növünün geniş yayılmasına gətirib çıxarmışdır. Konusvari formaya malik sərpuşlar əvvəlki dövrdən məlum olsa da, mükəmməl forma almaları Orta əsrlərə təsadüf edir. Orta əsr miniatürlərində saray ziyafətləri təsvir olunarkən sərpuşlara geniş yer verilmişdir, eləcə də bir sıra tarixi mənbələrdə, ədəbiyyat nümunələrində ziyafətlər zamanı süfrəyə sərpuşla örtülü yeməklərin gətirilməsi haqqında məlumatlara rast gəlinir. Sərpuşlar əsasən misdən hazırlanır və üzəri zərb üsulu ilə zəngin bəzədilirdi. İçərişəhərdə aparılan qazıntılar zamanı tapılmış sərpuşun üzərində buta və günəş rəsmləri zərb edilmişdir.