AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ərsin

Nümunənin reyestr kodu : ST0701000007

Azərbaycanın şəhər və kənd əhalisinin keçmiş məişətində istifadə olunan əmək alətlərinin bir qismi müştərək səciyyə daşımaqla, həm əkin təsərrüfatında, həm də sənətkarlıqda işlənilmişdir. Xüsusilə, əzmə, döymə, üyütmə, çalxalama və bişirmə əməliyyatlarında istifadə olunan həvəngdəstə, kirkirə, əzmə, sacayaq, sac, kiyə, kürsü, ərsin, qıra və s. kimi alətlər sırf ev məişəti səciyyəsi daşıyan əmək vasitələri idi. Ev məişətində işlənən sac, sacayağı, ərsin, qıra (koğa), şiş, qiyməkeş, dudkeş, bıçaq, maşa və s. eyni zamanda dəmir məmulatı idi. Keçmişdə hər bir ev məişətində istifadə edilən mətbəx ləvazimatı arasında xüsusi yer tutan ərsin həm çoxtəyinatlığına, həm də metal məmulatı olmasına görə seçilirdi.

Xəmir işində müxtəlif əmək alət və vasitələrindən – təknə, tabaq, ələk, yamakeş, fırçın (duvaq), oxlov, vərdənə, ərsin, satıl, dolça və s.) istifadə olunmuşdur. Bunlardan ərsin, satıl və dolça istisna olmaqla, qalanları ağacdan hazırlanırdı.

Dəmirdən hazırlanmış ərsin kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən kürəkcik şəklində alətdir. Ərsin kəsici və qaşıyıcı hacat olub iki cür hazırlanırdı. Tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olan kiçik ölçülü xəmir kəsən ərsinin ağız tərəfi yastı, əl tutan dəstəyi isə qısa, buruq-buruq düzəldilirdi. Xəmir ərsininin dəstəyinin ucuna asmaq üçün bəzən halqa salınır. Xəmir ərsinindən fərqli olaraq, təndir ərsininin bir başı qarmaq şəklində olub “koğa” və ya “qıra” adlanırdı. Hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı.

Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür. Təndir ərsininin qulpu xeyli uzundur. Təndir ərsini çörəyi (lavaşı) təndirdən çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün işlədilir. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Hər iki ərsindən hazırda da geniş istifadə olunur.

Ərsindən dəriçilikdə və başqa sənətkarlıq sahələrində, pətəklərin dibini təmizləmək üçün arıçılıqda istifadə olunmuşdur. Hətta müasir dövrdə bənzərliyinə görə bəzi neft avadanlıqları “ərsin” adlandırılır.

Azərbaycanda daş dövrünə aid ərsinlər Qarabağın cənub-şərqində Quruçay dərəsindən, Azıx mağarasından, Tağlar mağarasından, Qazax ərazisində Damcılı və Daşsalahlı mağaralarından, Qazma (Naxçıvan), Zar (Kəlbəcər) və Buzeyir (Lerik) düşərgələrindən minlərlə əmək alətləri, o cümlədən çaxmaqdaşı və dəvəgözü (obsidian) qəlpələrindən hazırlanmış itiuclu, dişli ərsinlər aşkar edilmişdir. Sonrakı dövrlərə aid qazıntı məskənlərində, o cümlədən Albaniya dövrünə aid yaşayış məntəqələrində aparılan arxeoloji qazıntılar zamanı təndirlərlə yanaşı, təndir və xəmir ərsinləri tapılmışdır.

İçərişəhərdəki arxeoloji qazıntılar zamanı üç ərsin aşkarlanmışdır. Dəmirdən düzəldilmiş bu alətlərin hər üçünün dəstəyi qırılmışdır. Onlardan biri təndirin içərisindən tapılmışdır. Ərsinin 1,5 sm uzunluğunda qalmış qulpunun en kəsiyi lentvarıdır. Tiyəsinin eni isə 5,5 sm-dir. İlk orta əsrlərə aid Mingəçevir qazıntılarından bütöv şəkildə tapılan ərsinin uzunluğu 63 sm-dir. Bu ərsinin bir başı qarmaqlıdır. Ərsinin tiyəsinin eni 5,5 sm-dir. Böyük ərsin Beyləqan qazıntıları zamanı da tapılmışdır. Onun bir tərəfi qırılmışdır, qalığının uzunluğu 31 sm-dir. Qədim xəmir ərsinlərindən biri Beyləqandan tapılmışdır. Onun dəstəyinin ucu oval formada düzəldilmiş, uzunluğu 18 sm-dir.