AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sərnic

Nümunənin reyestr kodu : ST0702000013

Bir sıra bölgələrdə “goduş” kimi də tanınan sərnic süd sağmaq, qatıq çalmaq, yağ, bal, qovurma kimi ərzaq məhsullarının qış tədarükü olaraq saxlanmasında istifadə olunurdu. Sərnicə Muğanda “bəxtəvər” deyilirdi, bu da sərnicin içinin daim dolu və bərəkətli olması ilə bağlı idi. Ağzının gen olması səbəbindən bir sıra hallarda ona “ağzıgen” də deyilmişdir. Sərniclər qədim dövrlərdə dulusdan, misgərliyin inkişafı ilə əlaqədar olaraq sonralar misdən hazırlanmışdır.

Sərnic başlıca ağartı qabı olub ev məişətində işlənən maye qabları arasında xüsusi yer tuturdu. Formaca satıla bənzəyən sərnicin içərisinə su, süd, yaxud ərinmiş yağ tökülürdü. Sərnicin böyüyünə inək, camış, kiçiyinə qoyun, keçi sağılırdı. Bu qabdan su, süd, ayran, şərbət, gülab və s. məhsulları daşımaq üçün istifadə olunmuşdur. Dulus sərnicı əl çarxı və ya ayaq çarxı vasitəsilə “oyma” və “piçənə” üsulu ilə formalaşdırılırdı.

Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı tapılan bir çox dulus məmulatları ilə yanaşı, sərniclərin də qədim dövrlərdən bəri dulus çarxında hazırlandığı və dulus kürələrində sabit temperaturda bişirildiyi üzə çıxmışdır. Belə sərniclərin əksəriyyətinin üzəri şüyrələmə, cızma və çərtmə üsulu ilə əsasən həndəsi motivlərlə naxışlanmışdır.

Misgərlik məhsulu olan sərniclər, tаm mənаsı ilə, sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Məlumdur ki, dəmirçilikdə, misgərlikdə dayaz və dərin qabların hazırlanma texnologiyaları bir-birindən fərqlənirdi. Dayaz qablar olan döyrə, nimçə, teşt, ləyən, sini, məcməyi “lavaşa” adlandırılan metal lövhədən düzəldilməklə “xara” adlanırdı. Səhəng, güyüm, tas, satıl (sətil), sərnic, dolça, məşqəfə, lüləyin və s. kimi dərin qabları düzəltmək üçün isə “lavaşa” bir sıra əlavə texnoloji mərhələdən keçirdi. Ona görə də bu tip qabların istehsalı “izafə” adlanırdı. İzafə məmulatı hazırlamaq üçün qabın hissələrinə müvafiq olaraq əvvəlcə “lavaşa” döyülüb çökək hala salınır, sonra “pəstaha”, yəni qaynaq edilirdi. Bir qayda olaraq, dərin qablar dib, orta, boğaz, qulp, lülək və bir neçə başqa hissədən ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı.

İstehsal texnikasının mürəkkəbliyinə görə izafə qablar xara məmulatından seçilir. Sonrakı mərhələdə həkkak qabın üzərinə müxtəlif üsullarla naxış salırdı. Məsələn, Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənən, üstü yazılı maddi mədəniyyət nümunələrindən biri hündürlüyü 25,5 sm, ağız hissəsinin diametri 16 sm olan sərnicdir. Sərnicin gövdəsində “vəsbir əla nəf e”, yəni, “səbr etməklə fayda hasil olar” sözləri yazılmışdır. Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində sərgilənən mis sərnicin üzəri nəbati naxışlar və güllərlə bəzədilmiş, qabın gövdəsindəki naxışların ortasında şir təsviri nəqş olunmuşdur.

Tunc dövründə maldarlığın, xüsusilə də, qoyunçuluğun inkişafı dağlardakı yaylaqlar hesabına yeni otlaq sahələrinin mənimsənilməsini zəruri etmişdir. Maldarlıq məhsullarının artması sərnic, goduş, badya, nehrə kimi bir sıra zəruri qab tiplərinin yaranmasını labüd etmişdir. Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc misgərlərinin hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt və s. Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə də tanınmışdır.