AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nümunənin reyestr kodu :

Parça – geyim və müxtəlif təyinatlı məişət əşyalarını hasilə gətirmək üçün istifadə olunan toxuculuq məmulatına deyilir. İstehsal texnologiyası baxımından Azərbaycanın ənənəvi parça növlərinin hamısı əriş (uzatma, çillə) və arğac (atma, lülə, araqatı) olmaqla, toxuma liflərinin bir-birinə perpendikulyar keçirilib, çal-çarpaz edilməsi nəticəsində hazırlanmışdır. Qədim ənənələrə malik olan əriş-arğac sistemli toxuma texnologiyası XIX əsr və XX əsrin əvvəllərinədək özünün əməli əhəmiyyətini itirməmişdir. Parçaya bəzək vurmaq üçün əlavə naxış sapından (xov) Azərbaycan toxucuları, demək olar ki, istifadə etməmişlər. Bunun müqabilində Azərbaycanın dəzgah toxuculuğunda parçaların bədii–dekorativ məziyyətini artırmaq məqsədi ilə boyaq, qələm və ya qəlib vasitəsilə naxışsalma üsullarından geniş istifadə olunmuşdur. Qədim tarixə malik olan bu istehsal ənənələri XIX əsrdə də davam etdirilməkdə idi. Toxuculuğun başlıca xammalı olan ip (sap) əyirmək üçün o zamana qədər bəlli olan lifli bitkilər arasında ən önəmlisi kətan (kənaf) olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif adlarla (kəndir, çətənə, vic, sigəzi və s.) bəlli olan bu lifli bitkinin istehsal xassələrinin mənimsənilməsi, xüsusilə onun saplağını təşkil edən elastik və zərif liflərin cecədən ayrılıb təmizlənməsi yollarının tapılması kətan parça toxuculuğunun meydana gəlməsi üçün zəmin yaratmışdır. Nazik və zərif olan kətan sapından mütəhərrik toxuma dəzgahlarında müxtəlif növ kətan parçalar toxunmuşdur. Antik dövrdən başlayaraq Azərbaycanda pambıqçılıq təsərrüfatının meydana gəlməsi və inkişafı burada yeni bir toxuma materialının – pambıq parçanın yaranmasına səbəb olmuşdur. Azərbaycanda pambıq parça toxuculuğunun yaranmasına təkan verən amillər sırasında pambıq mahlıcından ibarət xammal ehtiyatının bolluğu ilə yanaşı, ölkənin mülayim-isti iqlim şəraitində əhalinin sərin pambıq parçalara tələbatının böyük olması faktı da mühüm rol oynamışdır. Ənənəvi pambıq parçalar arasında başlıca yeri bez tutmuşdur. Xam bezi qırmızı rəngə boyamaqla, ondan şilə, tund göy və ya mavi rəngə boyadıqda isə qədək əldə edilirdi. Bezdən hazırlanan şilə çox vaxt fitə kimi istifadə olunduğundan, görünür, nazik ağdan, yaxud bahalı ipək parçalardan fitə hazırlanmasına ehtiyac qalmamışdır. Bunun müqabilində məhdud miqdarda istehsal olunan nazik ağ (“hümayin ağı”), zərif ağ (“calamaya”) başlıca olaraq, çit və qələmkar parçaların hazırlanmasına sərf olunmuşdur. Calamaya sıx toxunmuş pambıq parça növü olub, ən çox Gəncədə toxunmuşdur. Pambıq parça ya bəsit yer hanasında, ya da bəzzazlığın inkişaf etdiyi bir sıra bölgələrdə xüsusi culfa dəzgahında, “bəzzaz” və ya “culfa” adlanan peşəkar kişi toxucular tərəfindən toxunurdu.

Azərbaycanın ənənəvi ipək parçaları keci və xam ipək telindən toxunmaqla, tarixən iki tipoloji növdə istehsal olunmuşdur. Keci (cecim) məmulatı kümdar qadınlar tərəfindən, bəsit quruluşlu toxuma dəzgahlarında, əsasən də, yer hanasında toxunmuşdur. Keçmişdə keci məmulatı istehsalı baramaçılığın inkişaf etdiyi kümdar kəndlərdə daha geniş yayılmışdı. Keci parçalar, adətən, ədədi qaydada, həm də bu və ya digər məmulat növünün ölçüsünə, başqa sözlə, onun biçilib tikilməsinə kifayət edəcək müvafiq ölçüdə toxunurdu. Cecim toxunuşlu keci parçalar çox vaxt bu və ya digər geyim növünün (şalvar, köynək, çuxa, çarşab, qurşaq və s.), yaxud məişət vasitəsinin (yorğan üzü, döşək üzü, mütəkkə üzü və s. ) hazırlanmasına sərf olunurdu.

Azərbaycanda tarixən saya və güllü (naxışlı) olmaqla, əsasən, iki növ parça istehsal olunmuşdur. Toxuma materialına, başqa sözlə, xammal növünə görə ənənəvi parçaların yun, kətan, pambıq, ipək və bunların qatışığı olmaqla, müxtəlif tipoloji növləri olmuşdur. Bu parçaların da, öz növbəsində, növ müxtəlifliyi vardı. Məsələn, kətan parçanın zərif və qaba növü; pambıq parçanın çit, bez, nazik ağ (“hümayin ağı”), zərif ağ (“calamaya”), şilə, qədək, çadra, codana, təfsilə, çadraşan, mitqal və s. növləri; ipək parçanın keci və xam ipək telindən toxunmaqla, tarixən iki tipoloji növü; yun parçaların isə şal, mahud, dügürd, məndulə və s. adlarla tanınan növləri olmuşdur.

Bəşər tarixində “Neolit inqilabı” adlandırılan tarixi kəşflərin tərkib hissəsindən biri olan toxuculuğun meydana gəlməsi ilə insanların geyimlərində toxunma elementlərin ilk növləri müşahidə olunmuşdur. Neolit dövrünün sonu, eneolit dövrünün əvvəllərində artıq toxunma geyimlərin sayı artmış, insanlar təbiətin hazır məhsullarını mənimsəməkdən daha çox, özləri geyim istehsalı vərdişlərinə yiyələnmişlər. Bu zamanın toxuculuğu hörmə toxuculuğu olmuşdur. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələri (daş və sümük bizlər, iynələr, sümük və gildən hazırlanan əyirici alətlər və s.) eneolit və tunc dövrlərində toxuculuq sənətinin inkişaf etdiyini əyani faktlarla sübut edir. Bu alət və avadanlıqlardan istifadə edən qədim dövr insanları yun və digər təbii lifləri çox nazik şəkildə əyirmiş, paltar və parça toxumaq vərdişlərinə yiyələnmişlər. Toxuma sənətinin daha da təkmilləşməsində dəzgah toxuculuğu mühüm rol oynamışdır. Mingəçevir qazıntılarından əldə edilən parça qalıqları və toxucu dəzgahının hissələri ilk orta əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun yayıldığını göstərir. Dəzgah toxuculuğuna keçməklə parça istehsalı və geyim növləri toxunması nisbətən artmış və geyim elementlərinin sayı da çoxalmışdır. İlk orta əsrlərdən üzü bəri XIX-XX əsrin əvvəllərinədək Azərbaycanın Təbriz, Şamaxı, Dərbənd, Ərdəbil, Marağa, Mərənd, Xoy, Salmas, Naxçıvan, Gəncə, Beyləqan, Qəbələ, Şəki kimi iri sənət-ticarət mərkəzlərində, eləcə də Qazax, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində parça istehsalı intensiv inkişaf etdirilmişdir.