AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yas mərasimi

Nümunənin reyestr kodu : DB0203030001

mn muəyyjp

Azərbaycanda dəfn (ölünü basdırma, torpağa gömmə, kəfən etmək, ölünü kəfənləyib basdırmaq) hər yerdə olduğu kimi, qədim tarixə malikdir. Müxtəlif dövrlərdə dəfn mərasimlərində müəyyən dəyişikliklər olsa da, bu mərasim olduğu kimi saxlanılır.

Müasir dəfn mərasimi təxminən aşağıdakı qaydada icra olunur. Xəstə ümidsiz vəziyyətdə olarkən yaxın adamlar toplaşır, çarpayını “yönü qibləyə” (Məkkəyə tərəf) çevirir, molla çağırırlar. Ölənin üstündə Quranın 36-cı surəsi “Yasin” surəsi oxunur, çənəsi bağlanır, üstünü örtürlər. Xalq inamına görə, ölünün daxilində hansısa şər qüvvə var. Həmin qüvvənin başqa adama xəsarət yetirməməsi üçün ölən adamın çənəsini bağlayırlar. Dəfn mərasiminin təşkili üçün hazırlıq görülür. Eşidənlər yas yerinə gəlirlər. Yas yerində işləyəcək adamlar qruplaşdırılır. Lazımi əşyaları alır və yas yerində görülən işlərə, alınan ərzağa nəzarət edilir.

Dəfn mərasimində qadınlar mərhumun yaşına uyğun ağılar deyirlər.

Meyidi sidr-kafur qarışdırılmış təmiz su ilə “mürdəşir” adlanan xüsusi adamlar yuyurlar. Yuduqdan sonra mərhumu kəfənə bükürlər. Qadınlar üçün kəfən üç və ya yeddi hissədən, kişilər üçün iki və ya beş hissədən ibarət biçilib hazırlanır. Kəfənə bükülmüş mərhumun cənazəsini mafəyə qoyub evdən çıxarırlar. Onun üstünə ədyal, xalça salır, cənazəni sarımaq üçün “götürgə” adlanan örkəndən istifadə edirlər. Evdən çıxarılarkən və qəbiristanlığa aparılarkən mərhumun başı irəliyə doğru olmalı idi.

Tabut evdən həyətə çıxarılıb qəbristanlığa aparıldıqda evdə ölünün yerinə qoyulmuş daşı onun dalınca atır və “get yeni mənzilində rahat ol” – deyirlər. Qəbristanlığa adətən kişilər gedirlər.

Qəbristanlıqda meyidi mafədən çıxarıb, xalça üstünə qoyur və meyit namazına dururlar. Əgər ölən kişidirsə, molla cənazəyə yaxın durur, qadındırsa, ondan bir qədər aralı dayanır. Şəriətə görə, altı yaşından aşağı uşaq üçün namaz qılınmır. Namaza başlamazdan əvvəl üç dəfə “əs-səlat” sözünü təkrar edir, bundan sonra dua oxumağa və namaz qılmağa başlayırlar. Daha sonra ölənin yaxın qohumlarından biri mərhumun baş hissəsindən tutmaqla, başqalarının köməyi ilə onu qəbrə endirir. Şəriətə görə, qadının qəbri kişininkinə nisbətən bir qədər dərin qazılır. Qəbirdə meyit sağ böyrü üstə, üzü qibləyə doğru dayanmaq şərti ilə qoyulur.

Mərhumu tabutsuz dəfn edir, dəfndən əvvəl onun gözlərinə qardaşı, övladı və ya yaxın qohumu torpaq tökür. Qəbir iki hissəyə bölünür. Bir hissəsi dar, yuxarıya doğru enli qazılır. Mərhumu üzü cənuba və divar tərəfdə durmuş halda qəbrə sallayırlar. Qəbrin divarları əvvəlcədən hörülmüş olur. Birinci ensiz hissəyə piltə, ağac və s. qoyulur, torpaqla basdırılır, üstünə su tökürlür. Dəfn mərasimində iştirak edən adamlara, onlar hələ qəbristanlıqda ikən yuxaya bükülmüş halva verirlər. Dəfndən sonra adamlar yas evinə (“yas yerinə”) qayıdırlar. Gələnlər başsağlığı, “təziyə” (ərəbcə təsəlli) verirlər.

Azərbaycanlılarda ölənin üç, yeddi, qırx günlüyü və ili xüsusi qeyd edilir. Üçünü verəndən sonra ölüyə məxsus paltarlar və yorğan-döşək yuyulur. Sünnü məzhəbinin yayıldığı rayonlarda isə mərhumun 52-ci günü də qeyd edilir. Mərhumun dəfninin 40-cı günü tamam olanda, bəzən də ilində “qəbir daşı” (“baş daşı”) və sinə daşı düzəldilir.

Hər il müntəzəm olaraq Novruz bayramında və Məhərrəmlik mərasimində ölən adamların ruhunu şad etmək üçün onları yad edirlər.

Əsrlərdən bəri vəfat etmiş adamların xatirəsi həmişə əziz tutulmuş, onların qəbirləri müqəddəs sayılmışdır. Xalq arasında işlədilən “atamın goru haqqı”, “anamın ruhuna and olsun”, “ölənlərimizin canı üçün” və s. kimi ifadələr fikrimizi təsdiq edir.

Ümumiyyətlə, dəfn mərasimi Azərbaycanın ən qədim adətlərindəndir. Mərasimdə keçmiş irslə müasirlik əlaqəli olub, daim yeniləşir.