AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəxsiyyət

Nümunənin reyestr kodu : DA0105000001

Azərbaycanda şəxsiyyət cəmiyyətin özəyi, mənəvi sərvəti və sosial əhəmiyyəti olan ailədə formalaşır. Ailə daim inkişaf edən kollektivdir. Ailənin əsasını qarşılıqlı məhəbbət və hörmət təşkil edir. Odur ki, insanı sevməyi öyrənmək özündə ailə sahibi üçün ən qiymətli keyfiyyətlərdən birini inkişaf etdirmək deməkdir. Çünki insanı fiziki mühitlə qarşılıqlı münasibətdə orqanizm, ictimai mühitlə münasibətdə isə şəxsiyyət kimi səciyyələndirmək olar. Əlbəttə, insanı şəxsiyyət kimi xarakterizə edərkən onu sosial meyarlarla, birinci növbədə etik-əxlaqi meyarlarla qiymətləndirirlər. Şəxsiyyət başqa adamlarla ünsiyyətdə, birgə əmək (fəaliyyət) prosesində formalaşır və inkişaf edir. Hər bir şəxsiyyət özünü dərk etməlidir. A.Bakıxanov yazırdı: “Gözlü o adamdır ki, özünü görə bilsin”. Şəxsiyyətlər ailə və cəmiyyətlə qarşılıqlı təsirdə, şəxsiyyətlərarası münasibətlərdə rəğbəti, hörməti, mənəvi yaxınlığı əsas götürməli, ünsiyyət mədəniyyətini bilməlidirlər.

İnsan şəxsiyyəti ailədə formalaşır. İnsanlar ədəb-ərkanı, mərifəti, yemək mədəniyyətini, nəzakət və davranış qaydalarını, valideynlərə, baba-nənələrə hörməti, qonaq qarşılamaq adətlərini, hörmət və ehtiramı, çörəyə hörməti və digər etiket qaydalarını valideynlərindən, ailə tərbiyəsindən öyrənirlər. Ailədə xərclər onun gəlirindən az olmalıdır. Ona görə də Azərbaycan cəmiyyətində uşaqlara hələ gənc yaşlarından bədxərc olmamaları öyrədilir, ailə iqtisadiyyatının tənzimlənməsi onlara anladılır. Uşaqlar ailədə süfrə başında çörək yeyirlər. Xalq çörəyi bərəkət adlandırmış, həmişə çörəyə and içmiş, ona mənəvi meyarlarla yanaşmışdır. Ailənin iqtisadi, təsərrüfat həyatı həmişə onun mənəvi həyatı ilə üzvü surətdə birləşir, etik məna daşıyır. Uşaqları yoldaşlıqda, dostluqda möhkəm, əliaçıq böyütmək ailə tərbiyəsində xüsusi yer tutur.

Azərbaycanlılarda ağsaqqala, böyüyə hörmət həmişə ön planda tutulur. Ailədə ağsaqqalların, valideynlərin, özündən böyüklərin yanında cavanların uzanmağı, yersiz danışmaları qəbahət sayılır. Ənənəvi ailə tərbiyəsində övladlarının təlimi, əxlaq və əmək tərbiyəsi valideynlərin diqqət mərkəzində durur. Çünki ailədə böyüyən uşaq cəmiyyət üçün hazırlanır, özünün cəmiyyət qarşısındakı məsuliyyətini duyur. Ailə cəmiyyətin özəyi olduğu üçün, ailədə formalaşan uşaqlar da xalqın sərvətidir, cəmiyyətə məxsusdurlar. Onları sağlam böyütmək və cəmiyyət üçün faydalı adamlar kimi tərbiyə etmək ata və ananın borcudur.

Davranış mədəniyyəti yüksək olan ailələrdə cəmiyyət üçün layiqli şəxsiyyətlər yetişir, formalaşır və ictimai mühitlə münasibətdə şəxsiyyət kimi formalaşır. Yəni fərd kimi doğulan insan məhz cəmiyyətdə şəxsiyyətə – ictimai varlığa çevrilir. Bu baxımdan insan “nə edə bilir”, “nə bacarır” suallarının cavabı həm də onun qabiliyyətini əks etdirir. Ümumiyyətlə, insan şəxsiyyətinin bir çox tərəfləri kollektivə və ayrı-ayrı adamlara münasibətdə (mehribanlıq, qayğıkeşlik, tələbkarlıq, dikbaşlıq), əməyə münasibətdə (çalışqanlıq, tənbəllik, məsuliyyət hissi və s.), əşyalara münasibətdə (səliqəlilik, pintilik, əşyalara qayğılı, qayğısız münasibət və s.) özünü büruzə verir. Bundan əlavə, insan şəxsiyyətini xarakterizə edərkən, insanın özünəməxsus xüsusiyyətləri – heysiyyat, şöhrətpərəstlik, lovğalı, məğrurluq, özündənrazılıq, təvazökarlıq və s. kimi keyfiyyətlər də əsas götürülür. Cəmiyyət üçün layiqli şəxslər yüksək mənəvi keyfiyyətləri, elinə, vətəninə sadiqliyi ilə seçilmiş, el üçün, vətənin bir qarış torpağı uğrunda belə canılarından keçməyə hazır olmuşlar. Belə şəxsiyyətlər həm də məhəbbətlərində əzəmətli, vəfalı və sədaqətli olurlar. Beləliklə, insan şəxsiyyət kimi formalaşdıqca, onun tələbat sahəsi də genişlənir. Şəxsiyyət kimi formalaşan şəxslər cəmiyyətdə hansı sahə olur-olsun özünü doğruldur, vətən üçün layiqli sima olurlar.