AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dümbək

Nümunənin reyestr kodu : ST0804000006

Azərbaycanın cənub bölgəsi üçün xarakterik zərb alətidir. Orta əsrlərdə Azərbaycanda geniş yayılsa da, təəssüflər olsun ki, XX əsrin əvvəllərindən etibarən unudulmağa başlamışdır. Bununla belə, xalq çalğı alətləri ansambllarında istifadə olunmaqdadır. Bu alətin adına Azərbaycana səyahət etmiş səyyahlar E.Kempfer, A.Olearinin xatirələrində də rast gəlinir.

Dümbək həm solo, həm də müşayiətçi alətdir. Əsasən muğamların ifasında, xalq çalğı alətlərində istifadə olunur. Alətin adına gəldikdə quyruq anlamına gələn fars mənşəli “düm” və ya “dümbə” sözündən yarandığı ehtimal olunur. Sözü sonundakı “ək” hissəsi isə fars dilində kiçiltmə, əzizləmə mənası verən sözdüzəldici şəkilçidir.

Alətin qədəhə bənzər gövdəsi ilk vaxtlar gildən hazırlanmış, sonralar bu məqsədlə mis və ağacdan (qoz və ya ərik) istifadə olunmağa başlamışdır. Alətin üzü dana və yaxud keçi dərisindəndir. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. İfa zamanı gövdəyə bağlanmış qayış çiyinə keçirilir, hər iki əlin barmaqları və içi ilə çalınır. Özünəməxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.