AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Saz

Nümunənin reyestr kodu : ST0803000005

Saz – qədim milli musiqi alətlərimizdən biri olub, adını “sazlamaq” sözündən götürmüşdür. Saz aləti ifa olunma üsulu, köklənmə prinsipi, tembr özəlliyi, zərif cingiltili səslənməsi və s. xüsusiyyətlərinə görə digər musiqi alətlərindən seçilir. Uzun bir tarixi inkişaf yolu keçən ənənəvi aşıq havaları əsrlər boyu sazın bağrında qorunaraq bu günümüzə gəlib çatmışdır. Əsasən Qafqaz, İran və Anadolu türk etnik mədəni mühitlərində yayılan saz, oğuz türklərinin müqəddəs musiqi aləti olan qopuzun xələfi hesab olunur. Qopuz-saz transformasiyası nəticəsində sazın çanağı böyüdülmüş, qol hissəsi uzadılmış, simləri və pərdələri artırılmaqla yanaşı, başqa materiallarla əvəz edilmişdir. Tarixi qaynaqlardan bəlli olur ki, qopuzdan sonra birbaşa saz adına keçilməmişdir. XIV-XV yüzilliklərdə ara mərhələ kimi çağır (çoğur, çukur) adından da istifadə olunmuşdur.

Xatırladaq ki, aşığın musiqi aləti saz adını almamışdan əvvəl şərq aləmində “saz” termini bütövlükdə musiqi alətləri toplusu anlayışını ifadə edirdi. Güman etmək olar ki, erkən orta əsr şairlərinin yaradıcılığında adı keçən “saz” sözü hər hansı bir musiqi aləti ilə bağlıdır. Xətayinin, İsgəndər Münşinin, digər o dövr şair və tarixçilərin əsərlərində isə “saz” termini məhz aşığın çaldığı musiqi alətini nəzərdə tutur. Prof. M.Qasımlı “Ozan-aşıq sənəti” kitabında təriqət mərasimlərində üç-dörd aşığın birgə çalıb-oxuduğunu, hərbi yürüşlərdən öncə ordu aşıqlarının coşğun ifası zamanı çaqurların bir toplu əmələ gətirdiyini bildirir və bu toplunun Şərq sənət ənənəsində mövcud olan məlum “saz” terminilə adlanmasını təbii hadisə kimi izah edir. Alimin fikrincə bu ad təriqət və dövlət mərasimlərində aparıcı mövqe qazanmış aşıqların çalğı alətinə daha çox aid edilməyə başladı və tədriclə yalnız aşıqlara məxsus olan musiqi alətinə “saz” deyildi. Azərbaycan aşıq sazları müxtəlif adlarla yayılsa da (cürə saz, qoltuq sazı, orta saz, böyük saz, tavar saz, ana saz, xakəbənd saz, əsa saz, cifti saz, və s.) elmi ədəbiyyatda sazı ölçüsünə görə əsas üç növə ayırırlar: 1. Kiçik saz (cürə saz); 2. Orta saz; 3. Böyük saz (tavar saz, ana saz)

Bir sıra tədqiqatlarda “Tavar saz” və “Ana saz” anlayışları orta saza aid edilir. Saz aləti kəllə, qol və çanaq kimi üç əsas hissədən ibarətdir. Kəllə-qol qoz ağacından, çanaq isə tut ağacından hazırlanır. Aşağı konturunun qabarıq və ya yastı forması ilə əlaqədar armud şəkilli çanağın qarpızı yemişi növləri olur.

Saz simli çalğı aləti olaraq mizrabla çalınır. Saz mizrabı “təzənə” adlanır. Əvvəllər gilas ağacının qabığından hazırlanan təzənə, hal-hazırda kapron materialından düzəldilir. Simlər 3-5-7-9-11 ardıcıllığı üzrə təkamül yolu ilə sayca dəyişsə də, üç telli qopuzun üçlük sistemi sazın sinəsində bu gün də saxlanılır. Yəni sayından asılı olmayaraq simlər sazda üç qrupa bölünür: alt simlər (zil simlər), orta simlər (bəm simlər), üst simlər (dəm simlər)

XIX-XX əsrə qədər sazın səs düzümündə 7-9 pərdə mövcud olmuşdur. XX əsrdə milli musiqimizin və aşıq sənətinin inkişafı ilə əlaqədar olaraq sazın pərdələri on dörd, on altı və on səkkizə çatdırılmışdır. Məşhur virtuoz saz ifaçılarından Aşıq Əmrah Gülməmmədov on altı, Aşıq Ədalət Nəsibov on səkkiz pərdəli sazda çalıb-çağırmışdır. XXI əsrdə isə iyirmi pərdəli sazlardan daha çox istifadə olunur. Bu, klassik aşıq sazlarının pərdə baxımdan ən təkmilləşmiş variantıdır. Bundan başqa, diapazonu 2,5 oktavaya malik, tam xromatik səs sırasına əsaslanan iyirmi altı pərdəli müasir Azərbaycan sazları da mövcuddur ki, bundan ilk dəfə olaraq İ.İmamverdiyev və M.Əliyev istifadə etmişlər. Əsas, yaxud köməkçi olmasından asılı olmayaraq sazın pərdələrinin hər biri spesifik adlara malikdir. Bir sıra pərdələr səs qatarındakı yerinə görə (baş pərdə, orta pərdə, ayaq pərdə və s.), bir sıra pərdələr həmin pərdələrə meylli olan aşıq havalarına görə (divani pərdə, təcnis pərdə, misri pərdə və s.), bir sıra pərdələr digər pərdələrlə interval münasibətinə görə (yarım pərdə), bir sıra pərdələr melizmatik funksiyasına görə (xal pərdə, gül pərdə, lal pərdə və s.) və s. səbəblərdən dolayı ən müxtəlif adlarla obrazlaşdırılmışdır.

Yeddi əsas pərdəyə müvafiq olaraq sazın köklənməsinin yeddi növü qeyd olunur. Lakin təcrübə onu göstərir ki, bunlardan daha çox beşi, ən çox üçü (baş pərdə kökü, orta pərdə kökü, şah pərdə kökü) istifadə olunur. “Şah pərdə kökü” sazın ən qədim kökü hesab edilir. Bu köklənmə növü ilə yaranan harmonik akkord aşıq musiqisi üçün tipik sayılır.

Məlumat üçün qeyd edək ki, zəngin ənənələrə malik Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edil​mişdir.