AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Musiqar

Nümunənin reyestr kodu : ST0802000006

Dodaqla çalınan qədim nəfəs alətlərindən biridir. Azərbaycan ərazisində bu alətdən milladdan əvvəl istifadə edildiyi ehtimal olunur. Sonradan hansısa səbəblər üzündə sıradan çıxmışdır. Müasir dövrdə istifadə olunan musiqarlar isə Rumın musiqarı əsasında Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin araşdırılması” elmi-tədqiqat laboratoriyasında bərpa olunub.

Orta əsrlərdə musiqar Azərbaycanda özünün ən yüksək inkişaf mərhələsini keçirmişdir. Əfzələddin Xagani Şirvani (1120-1199), Nizami Gəncəvi (1141-1209, 1180-ci ildə yazılmış «Xosrov və Şirin» poemasında), Məhəmməd Füzuli (1494-1556), Qövsi Təbrizi (XVII əsr) və Seyid Əzim Şirvani (1835-1888) şeirlərində musiqar alətindən bəhs edirlər. Azərbaycan musiqişünas-alimi Əbdülqədir Marağayi (1353-1435) musiqarın hazırlanması və quruluşu haqqında məlumat verir. Orta əsr Təbriz miniatür rəssamlıq məktəbinin ünlü nümayəndələri Nizaməddin Sultan Məhəmməd (1493-1555) “Şahın ov məclisi” və onun oğlu Məhəmmədi “Dərvişlərin rəqsi” miniatürlərində musiqar ifa edən sənətkar təsvir etmişlər. N.Gəncəvinin “Xəmsə”sinə işlənən tablolarda da musiqarın rəsminə rast gəlinir. 1683-1684-cü illərdə Azərbaycanda səyahətdə olan alman Engelbert Kempfer bu ərazidə 8 borulu musiqarlardan istifadə edildiyi barədə məlumat verib. Səadət Abdullayevanın verdiyi bilgiyə görə, musiqardan Azərbaycanda XII-XIX əsrlərədək geniş istifadə edilmiş, sonralar tədricən sıradan çıxmışdır.

Musiqarlar xarici quruluşuna görə üçkünc və dördkünc olur. Azərbaycan ərazisində üçkünc musiqarlardan istifadə edilib. Dördkünc musiqarlardan isə əsasən uyğur türkləri və çinlilər istifadə ediblər. Bu alətlər bir-birindən yalnız görkəmcə fərqlənir. Onların istifadə qaydaları, səsinin tembri, demək olar ki, eynidir. Dördkünc musiqarlarda eyni uzunluqda qamışlar bir-birinə bağlanılır. Qamış boru alt tərəfdən qapanır ki, oradan hava çıxmasın. Üst tərəfdən boruların içərisinə müəyyən miqdarda mum yumurlayıb atırlar və diatonik səsdüzümü alınır. Yəni ifaçı hər qamışı üstdən ayrıca üfürməklə, ardıcıl səsdüzümü əldə edir. Bu zaman qamışda azacıq “xaric”lik olarsa, təmiz səs alınmazsa, mumdan istifadə edilir, boruya mum atmaqla həmin səsi tənzimləyirlər, daha doğrusu, zilləşdirirlər. Boruların uzunluğu soldan sağa getdikcə qısalır. Təbii ki, bu zaman boruların səsi müvafiq olaraq zilləşir.

Musiqarın qamışlarının sayı müxtəlif ola bilər, ən azı 8, maksimum 24 qamışdan istifadə edilir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə 8-20 borulu musiqarlardan istifadə olunub. Çağdaş Azərbaycan musiqarı isə 10 borudan ibarətdir. Musiqarda boruların sayı artdıqca alətin diapazonu da genişlənir. 24 borulu musiqarların diapazonu 3 oktavadan artıq olur. Bu da alətin çalğı imkanlarını genişləndirir. Borular bir-birinə patron darağına bənzər, qövsvari formada dəri kəmərlə və ya qayışla bərkidilir. Borunun uzunluğuna müvafiq olaraq diametri də genişlənir. Yəni, boru qısaldıqca, borunun açıq tərəfinin diametri nisbətən kiçilir.

Musiqar alətində səsləri dəyişmək üçün digər nəfəs alətlərindən (zurna, balaban, tütək, ney və s.) fərqli olaraq barmaqların heç bir rolu yoxdur. Barmaqlardan yalnız aləti saxlamaq üçün istifadə olunur. İfaçı aləti eyni vəziyyətdə saxlayaraq hər iki əli vasitəsi ilə yan tərəfdən tutur. O, dodaqlarını qamışların üst tərəfində olan açıq hissəsinə dayayıb, güclü təzyiqlə üfürərək aləti səsləndirir. Musiqarın səsləndirilməsi digər dodaqlı alətlər qrupuna aid edilən ney, mizmar, ağ nay alətlərinin səsləndirilməsi kimidir. Fərq yalnız ondadır ki, musiqar alətində hər boru ayrıca bir səs verdiyindən ifaçı səsləri dəyişən zaman müxtəlif boruları səsləndirməli olur. Bu da ifaçının işini çətinləşdirir. Bildiyimiz kimi, ney və onun növləri olan dodaqlı alətlərdə ifaçı qamış borunu üfürən zaman xüsusi “bucağ”ı düzgün təyin etməlidir ki, səslər rəvan, səlis, təmiz alınsın. Belə alətlərdə ifaçı dodaqlarını alətə dayayıb xüsusi “bucaq” altında üfürür və bu proses bir dəfə təyin edilir. Musiqarda isə hər dəfə yeni səs ifa edildikdə xüsusi “bucaq” düzgün təyin olunmalıdır. İfaçı musiqarda səsləri dəyişmək istədikdə buna başını sağa-sola hərəkət etdirməklə nail olur. Bu proses çox çətindir, ifaçıdan böyük peşəkarlıq, ustalıq tələb edir. Yəni ifaçı hər səsi çaldıqda alt dodağını müvafiq qamış-borunun açıq tərəfinə o qədər dəqiqliklə yapışdırmalıdır ki, səslər aydın, təmiz alınsın. Musiqarın səsdüzümü diatonik olsa da, onda xromatik səsləri də ifa etmək mümkündür. Daha doğrusu, hər səsi yarım ton bəmləşdirmək olur. Bunun üçün ifa zamanı musiqarçalan aləti aşağıdan azca irəliyə hərəkət etdirərək borunun üfürmə “bucağ”ını dəyişdirməlidir.