AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çarşab (çadra)

Nümunənin reyestr kodu : SD0302000005

XIX əsrdə Azərbaycanda qadınların geyim dəstində çarşab (çadra) mühüm yer tuturdu. Evdən çıxarkən geyilən çarşab bədəni topuğa qədər bürüyürdü. Abşeron, Muğan, Talış və Naxçıvan bölgələrinin kəndləri istisna olmaqla, çarşab kəndli məişəti üçün o qədər də xarakterik deyildi. Kiçik Qafqazın şimal-şərq və mərkəzi bölgələrinin əhalisi arasında mövcud olan qaydaya görə, ərə gedən qızı müəyyən müddət keçdikdən sonra əri ilə birgə ata ocağına qonaq çağıranda ata tərəfindən ona çarşab bağışlanırdı. Buna görə də, nişanlı qıza göndərilən toy-nişan hədiyyələri arasına heç vaxt çarşablıq parça qoyulmazdı.

Biçim tərzinə və tikiş texnikasına görə Azərbaycanda çarşabın iki forması – (yarımdairəvi-oval və düzbucaqlı) geniş yayılmışdır. Lənkəran-Astara və Naxçıvan bölgələri üçün xarakterik olan yarımdairəvi-oval çarşab başa salındıqdan sonra boğazın altından keçirilən qaytanla bağlanırdı. Şəki-Zaqatala, Abşeron, Qarabağ və Naxçıvan, xüsusilə Ordubad etnoqrafik bölgələrində düzbucaqlı biçimli çarşaba üstünlük verilirdi. Ordubadda əsasən düzbucaqlı biçimli “məfrəş çarşab”lar daha çox istifadədə olmuşdur. Məfrəş çarşabın yanlarına məngulə, zəncirə və güləbətin düzülürdü. İkiqat hazırlanan bu məfrəşin orta tərəfindən güləbətin bəndləri olurdu. Keci məfrəşin isə yerliyi qara və göy, üstünün damaları isə ağ kvadrat və rombşəkilli olurdu. Onu, bir qayda olaraq, yaşlı qadınlar örtürdülər. Adətən, mərhumu son mənzilə yola salanda da onu keci məfrəşə bükürdülər.

Keçmişdə digər müsəlman qadınları kimi, Azərbaycan qadınları da çox vaxt ictimai yerlərə qara çarşaba bürünüb gedərmişlər. Bakı və Bakıətrafı kəndlərdə çarşab qara rəngli atlazdan, dama-dama ipək parçadan, Naxçıvan və onun kəndlərində isə ağ güllü, zərif ipək parçalardan tikilərdi. Bakı şəhəri küləkli olduğuna görə, bəzən çarşabın belindən onu xüsusi belbağı ilə bağlanması faktına da təsadüf edilirdi. Kasıb qadınların çarşabı pambıq parçalardan, hətta boyaqxanada boyanmış bezdən (“qədək”) düzəldilirdi. Gürcüstan Dövlət Muzeyində saxlanılan, Şəkiyə məxsus çarşab ağ bezdən, həm də yarımoval formada iki tikə parça materialından hazırlanmışdır.

Biçim tərzinə və tikiş texnikasına görə Azərbaycanda çarşab iki formada – yarımdairəvi-oval və düzbucaqlı formada mövcud olmuşdur. Yarımdairəvi çarşab xalq arasında “yapıncı çarşab”, düzbiçimli çarşab isə “məfrəş çarşab” adı ilə tanınmışdı. Məfrəş çarşaba el arasında “qutu çarşab”, “madam məfrəş” və “keci məfrəş” də deyilmişdi.

Ərəb Xilafətinin Azərbaycanda bərqərar olması ilə çarşab baş geyimi məişətə daxil olmuşdur. İslam dini ehkamlarına görə, müsəlman qadınları, dünyanın harasında yaşayırsa-yaşasın, əl, üz və ayaqdan əlavə, həm də bədənlərini bütünlüklə örtməli idilər. Şəriətə görə, müsəlman qadınlarının yad, naməhrəm nəzərdən yaşınması “satr” və “hicab” ilə bağlı olmuşdur. Belə ki, “satr”a görə, qadın ərindən başqa, atası və oğlu da daxil olmaqla, bütün kişilərdən yaşınmalı idi. “Hicaba” görə isə, qadının yaxın kişi qohumları naməhrəm sayılmırdı. Ona görə də, qadına ancaq yaxın kişi qohumlarından yaşınmamağa icazə verilirdi. İslam ehkamlarına görə, yad nəzərdən yaşınmaq üçün qadınlar yaşmaq, çadra, rübənd, niqab və s.-dən istifadə edərmişlər. Keçmişdə hətta bəzən ahıl kişilər də üzlərini nigabla örtərmişlər. Dədə Qorqud dastanlarında bu adət aydın izlənilir. Qadın çarşabının rənginə görə, onun sahibinin yaşını, sosial-iqtisadi vəziyyətini müəyyənləşdirmək mümkün idi. Belə ki, cavan yaşlı qadınlar ağ (bəyaz), ahıl-yaşlılar isə tünd rəngli çarşaba üstünlük verirdilər. Hələ XV əsrin əvvəllərində Təbrizdə olmuş İspaniya elçisi Klavixo öz gündəliyində yazırdı ki, Təbriz dükanlarında satılan ətir və boyaları almaq üçün gənc qadınlar özləri gəlirlər. Onlar başdan-ayağa ağ örtüyə bürünmüş şəkildə və gözlərini örtərək yeriyirlər.

Bütün orta əsrlər boyu çarşab müsəlman qadınların geyim dəstində mövcud olmuş, XX əsrin 30-50-ci illərindən başlayaraq rübənd, niqab, tor, tül və s. üz örtükləri kimi, çarşab da qadın geyim dəsti tərkibindən çıxmışdır. Bununla belə, Azərbaycanın bir sıra bölgələrində, xüsusən də Abşeron və Naxçıvan kəndlərində yaşlı qadınlar arasında abır-həya və mərasim geyimi kimi, çarşab bu gün də özünün əməli əhəmiyyətini saxlamaqdadır.