AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Başlıq

Nümunənin reyestr kodu : SD0302000007

Kişi baş geyimlərinin bir növü də başlıq olmuşdur. Onu, adətən, soyuq, boranlı-qarlı və yağışlı havalarda evdən bayıra çıxanlar, eləcə də uzaq səfərə çıxanlar və dağ şəraitində yaşayanlar papağın üstündən geyirdilər. Başlıq sıx toxunuşlu yun parçadan (şaldan), mahuddan, ən qiymətlisi isə “dügürd” adlanan yumşaq dəvəyunu şalından hazırlanırdı. Bu cür baş geyimini kəlləlik (başlıq) və iki qulaqcıqdan ibarət biçib tikirdilər. Başlığın qulaqcıqları uzun olduğundan, geyinən zaman onları boğaza dolayıb, düyünləyib arxaya (kürəyə) atırdılar. Qiymətli başlıqların qulaqcıq astarını göz oxşayan rəngli parçadan tikir, təpəsində isə rəngbərəng saplardan düzəldilmiş bəzəkli qotaz qoyurdular. Bu baş geyimi növündə də zümrə mənsubiyyəti özünü büruzə verirdi. Belə ki, varlıların başlığı müxtəlif rəngli mahuddan, hətta dəvə yunundan toxunma şaldan olub, üzəri o dövrün bəzək elementləri ilə naxışlanırdısa, kasıblarınkı əldə toxunma yun şaldan olur, demək olar ki, bəzəyi olmurdu.

Gündəlik geyilən başlıq kustar üsulla hazırlanan ensiz və qaba mahuddan, bayramlıq başlıqlar isə ağ, qara, boz, narıncı, yaşıl və yaxud da qırmızı rəngə boyadılmış zərif mahud parçadan hasilə gətirilirdi. Bəzən zərif toxunuşlu fabrik mahudundan da başlıq tikilirdi. XIX əsrin 30-cu illərinə aid mənbələrdə çərkəz başlıqlarının kətandan hazırlandığı da qeyd edilir.

Kuban kazaklarının ordusunda başlıq yağışdan və soyuqdan mühafizə təyinatlı geyim hesab olunurdu. Evə, zala daxil olarkən o üst geyimi ilə birgə çıxarılırdı. Kubanlılar başlığı heç vaxt çiyində gəzdirməzdilər. Çərkəzi çuxa, yapıncı və xəncərlə yanaşı, başlıq abxaz geyiminin də əsas atributlarından biri idi. Burada yaşdan, sosial vəziyyətdən və hətta gözlənən hadisədən asılı olaraq başlıq müxtəlif cür başa sarınırdı. Belə ki, kənd yığıncaqlarına, şənliyə və toya gedən zaman başlığı başın dairəsinə dolamaqla düzəldirdilər. Yas mərasimlərində başlıq başdan çıxarılır və qulaqcıqları başa dolanırdı. Qış zamanı başlığı yaylıq kimi başa bağlayır, uclarını boğaz altında düyünləyb kürəyə atırdılar. Dağlarda daha cəld hərəkət zamanı başlıqdan kəmər kimi istifadə edib, belə dolayırdılar. Hərbi yürüş zamanı başlığı şinelin üstündən asır, onun təpəsi kürəkdə, ucları isə sinə üstündə çarpaz qalırdı.

Abxazlar başlıqla qanlı yaraları sarıyır, yeni doğulmuş körpəni başlıq torbasına qoyub aparır, içərisinə səbət kimi meyvə də yığa bilirdilər. Bəzən ondan çəki-ölçü vahidi kimi də istifadə olunurdu. Abxazlarda “bir başlıq üzüm” kəlməsi hələ də işlədilir. Belə bir fikir də vardır ki, abxazlarda qadın başlığı da olmuşdur.

Başlıq materialına, sarınma və geymə tərzinə görə müxtəlif olmuşdur. Bu müxtəlifliyə baxmayaraq, onun mahiyyəti dəyişməyib, bir qayda olaraq, baş geyimi funksiyası yerinə yetirmişdir.

Başlığı ilk zamanlar dağlı xalqları geymişlər. “Baburnamə”də (XVI əsr) qeyd olunur ki, başlıq üst geyimi olan kürklə birgə hədiyyə verilirdi. Yaranma şəraitinə və ad mənsubiyyətinə görə türk etnik-mədəni mühitinə aid edilən başlıq türk xalqlarında həm də nişanlı oğlan evi tərəfindən qız evinə başlıq pulu əvəzinə verilən hədiyyə kimi də dəyərləndirilirdi. Rus dilində bu termin XVII əsrdən başlayaraq “başlaq” kimi işlənsə də, artıq XVIII əsrdə müasir anlama gətirilmişdir. Türkiyə türkcəsində “basliq”, azərbaycanlılarda “başlıq”, abxazlarda “axtarpa”, noqaylar arasında isə “baslık” kimi işlədilir. Abxaziyada XVII əsrdə italiyalı rəssam X.Kastellinin çəkdiyi abxaz zadəganının başında başlıq vardır. “Baş” və ona əlavə olunan “lıq” şəkilçisindən yaranan bu termin bu baş geyimindən istifadə edən bütün Qafqaz xalqlarında, eləcə də rus dilində bu cür də işlədilir. Əgər Qərbi Gürcüstanda başlıq birbaşa başa geyilirdisə, Şimali Qafqazda, eləcə də Azərbaycanda onu papağın üstündən geyirdilər. İsti havalarda onun qulaqcıqlarını boyuna dolayıb, təpəsini kürəyə doğru sürüşdürür, bəzən də çıxarıb qurşaq kimi belə dolayırdılar.Təntənəli şənliklərdə isə onu kürəyin arxa tərəfindən asırdılar. Başlığa görə onu daşıyan dağlının milliyyətini müəyyən etmək olurdu. Rus tarixçisi N.N.Dubrovin yazırdı ki, çərkəzlərdən fərqli olaraq abazinlər başlığı papağın üstündən çalma şəklində sarıyıb uclarını kürəyə atırdılar.

Başlıq təkcə Azərbaycan üçün deyil, əksər Qafqaz xalqları üçün də səciyyəvi baş geyimi növü olmuşdur. Başlıq 1862-ci ildə Rusiya İmperator ordusunda, sonra Qərbi Avropa ordularında (Fransa, Almaniya və s.) əlverişli geyim növü kimi qəbul edilmişdir. 1862-ci ildə və 1877-1878-ci illərin Rus-Türk müharibələrində o qədər əlverişli baş geyimi hesab olunmuşdur ki, 1881-ci ildə Tunisə göndərilmiş Fransa ordusunun bütün dəstələri başlıq geyim növü ilə təhciz olunmuşdur. Bütün bunlar göstərir ki, başlıq türk etnik-mədəni mühitində yaranmaqla, bütün dağlı xalqlarında baş geyimi kimi mövcud olmuş, Azərbaycanda istifadədən çıxsa da, dağlılar arasında qalmaqdadır.