AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Corab

Nümunənin reyestr kodu : SD0301000003

Yundan toxunma corablar qış aylarında ənənəvi ayaq geyimləri içərisində xüsusi yer tuturdu. Adətən, onu saya (rezinli) və bəzəkli (rezinsiz) toxuyurdular. Saya corabların boğaz hissəsinə 7-8 sm enində rezin toxunurdu. Bunun üçün ilmələri “sülü” adlanan dörd ədəd corab milinə düzür, sərbəst qalan beşinci sülü ilə toxunma aparılırdı. Hər dəfə ilmələrin bir cərgəsi toxunub başa çatdıqda sülülərdən biri sərbəst qalırdı. Rezin hissə qurtardıqdan sonra ilmələr tərsinə deyil, avandına düzülür və toxuma qurtarana qədər bu qayda ilə davam etdirilirdi. Corabın ölçüsü hər kəsin ayağının üstündə gözəyarı təyin edilirdi. Bəzəkli corablarda isə rezin toxunmur, hörmə işi rəngli iplər vasitəsilə aparılırdı.

Azərbaycan qadınları coraba bəzək vurmaq işində mahir idilər. Əhali arasında “taxta-müjə”, “ərsin”, “alamuncuq”, “qarğaağzı”, “qoçbuynuzu”, “güllü-xəmsə”, “dəhrəburnu”, “cəhrəpəri”, “gəldirgə”, “zəncir”, “göl, “quyrum” və s. həndəsi, bitki və xalça ornamentləri olan corablar daha çox yayılmışdı. “Dəhrəburnu” naxışlı corabı toxumaq üçün gülləri (ilmələri) yan-yana düzür, ilmənin birindən o birinə ”sındıra-sındıra” keçməklə hörmə işini davam etdirirdilər. Bəzəkli corabların boğazında adətən, 30-40 sm uzunluğunda yun ip saxlanırdı ki, bununla corabı baldıra bağlayırdılar. Üzərində xalça ornamentləri salınmış bəzəkli corablar Qarabağda “gəbə corab”, Astara bölgəsində isə “şal corab” adlanırdı. Qış corabları bəzən dizə qədər, əksər hallarda isə dizdən bir qarış aşağıyadək toxunurdu.

Barama istehsalının geniş yayıldığı bölgələrdə, xüsusən Qarabağda ipək corablar da toxunmuş və istifadə olunmuşdur. Qarabağ və Naxçıvan bölgələrində boyanmış ipək saplardan toxunan əlvan naxışlı “keci corablar” geyilirdi. Adətən, belə corabları ya qız evinin adamları, ya da nişanlı qızın özü bəy, onun sağdışı və soldışı üçün toxuyurdu. Belə corablar yüksək zövqlə toxunar, uzunboğaz olar, tamam naxışlarla bəzədilərdi. Yalnız toy günü geyilən belə corablar toydan sonra da uzun müddət yadigar kimi saxlanar, qıyılıb geyilməzdi.

Əsasən milli qadın geyim dəstinin tərkib hissələrindən biri olan corabların əsas funksiyası sağlamlığı təmin etməkdir. Eyni zamanda corablar, baş örtüyü kimi, abır-həya rəmzi sayılırdı. Adətə görə, qadının ayağı görünməməli idi. Buna görə də qadınlar isti yay günlərində belə, corabla gəzirdilər. İstər yun, istərsə də ipək corabların bəzək elementlərini yaratmaqda yerli xalça ornamentlərindən istifadə olunurdu. Bəzən coraba güləbətin və muncuq tikmə üsulu ilə vurulurdu. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunan EF - 9649 inventar nömrəli corab müxtəlif rəngli yun iplərdən toxunmuş, xalça toxuculuğunda istifadə olunan “buynuz”, “damğa”, “su” elementləri ilə bəzək tərtibatı verilmişdir. Muncuq tikmə üsulu ilə vurulan naxışlar corabın bədii keyfiyyətini daha da artırmışdır. Corabın daban və uc hissəsinə qondarma üsulunda bəzək vuraraq estetik baxımlılığını, cazibədarlığını yüksək səviyyəyə çatdırmışlar. Bu corab fondun nadir ayaq geyimlərindən biridir. Güləbətin tikmə üsulu ilə bəzədilmiş corablar qırmızı rəngdə olub, boğazı topuğa qədərdir, üzərində gül təsvirləri toxunmuşdur (EF - 3638). Belə corablar, adətən, gəlin üçün nəzərdə tutulurdu.

Geyim mədəniyyəti ilə məğul olan mütəxəssislər keçmişdə Azərbaycanda istifadədə olan corabları mənsubiyyətinə görə kişi və qadın corabı; materialına görə keçə, yun, pambıq və ipək corab; hörmə üsuluna görə boğazı rezinli və saya corab; boğazı rezinsiz və bəzəkli corab; bəzək elementlərinə görə “gəbə corab”, “şal corab”, güləbətin tikmə üsulu ilə toxunan corab; muncuq tikmə üsulu ilə toxunan corab kimi qruplaşdırmışdılar.

Geyim dəsti içərisində insanın həyatı boyunca ən çox istifadə etdiyi və ömrü qısa olanı corabdır. Arxeoloji qazıntılardan əldə edilmiş ilk corablar keçədən olaraq miladdan əvvəl 600-500-cü illərə təsadüf edir. Altay dağları yamacındakı Pazırıq ərazisində aparılan qazıntılaradan tapılan keçə corab ən qədim corab hesab olunur. Eramızın III və VI yüzilliklərinə aid olan hörmə corab qalıqları isə 1920-ci ildə Misirdə aparılan qazıntılardan tapılmışdır. Azərbaycanda isə corabdan istifadənin tarixi məlum olmasa da, güman edirik ki, eramızın əvvəllərindən burada da corab məlum olmuşdur. Azərbaycanın Qərb bölgəsi, Gəncəbasar, Şəki-Zaqatala, Quba-Xaçmaz, Qarabağ, Lənkəran, Naxçıvan və b. bölgələrində corab toxuculuğu xarakterik olmuşdur.