AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yapıncı

Nümunənin reyestr kodu : SD0304000005

Azərbaycanın maldar-elat əhalisi arasında üst geyim tipi olan yapıncıdan geniş istifadə olunmuşdur. Ümumqafqaz səciyyəli bu geyim tipi haqqında danışan A.S.Piralov yazırdı ki, “qafqazlı kişinin üst geyimi olan yapıncı onun at belində keçirdiyi bütün həyatının yol yoldaşı idi. Qafqazlı kişini yapıncısız təsəvvür etmək olmazdı”. Yağış və qar suyunu keçirməyən, insan orqanizmini soyuqdan, küləkdən və bürküdən qoruyan yapıncıdan köçəri həyat tərzi keçirən əhali həm də yorğan-döşək kimi istifadə edirdi.

Yapıncının materialını kəndbəkənd gəzərək keçə salan həllaclar hazırlayırdılar. Biçim üsuluna görə, sadə olan yapıncını hər kəs özü tikməyi bacarırdı. Bunun üçün düzbucaqlı şəkildə salınmış keçənin hər iki çiyin üstünü tərs üzünə tikərək avandına çevirir və boyun yerini yarımdairə şəklində kəsirdilər. Yapıncının ətəyi, boynu, yaxa kəsiyi, calaqları sürtülüb didilməsin deyə, oraya dəridən, tumacdan, bəzən də meşindən köbə tuturdular. Yaxası boyaboy açıq qalan yapıncını yalnız boğazın altından qaytanla bağlayırdılar. Küləkli havada üzü küləyə doğru gedən zaman, külək yapıncını yellətməsin deyə, onu tərs üzünə çevirib geyirdilər. Bu zaman yapıncının yaxa kəsiyi arxada qalırdı. Növündən və keyfiyyətindən asılı olaraq yapıncı müxtəlif sosial zümrələr tərəfindən geyilirdi. Adətən, ağ və qara rəngli knyazı (saçaqlı) yapıncıları bəy-mülkədar və qolçomaq zümrəsi, qabardini (saçaqsız) yapıncıları sərkar və kəllədarlar, qartını isə çobanlar geyirdilər.

Azərbaycanda yapıncının “qabardini” (tüksüz), “knyazı” (saçaqlı) və “qartı” (çoban yapıncısı) olmaqla üç növü yayılmışdı. Naxçıvanın dağlıq bölgələrində (Şahbuz, Ordubad) saçaqlı yapıncı “eşmə yapıncı” adl ilə də tanınırdı. İrəvan quberniyasında ona “kəpənək”, Muğan bölgəsində isə “bürünmə” deyirdilər. Naxçıvan bölgəsinin və İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında qol yeri olub çiyinə geyilən, nisbətən qısa ətəkli yapıncıya “xillik” deyilirdi. Adətən ənənəvi yapıncının materialı yapağı yundan salınan keçədən olsa da, xilliyin yun materialı küzəm yunundan hazırlanırdı.

Azərbaycanın Dağlıq Şirvan, Quba-Xaçmaz, Qarabağ, Naxçıvan, Şəki-Zaqatala, Gəncəbasar və Qərb bölgələrində geniş istifadə olunan yapıncının sələfi olan dəri bürüncəklərdən hələ ibtidai dövrlərdən istifadə edildiyini nəzərə alsaq, bu geyimin tarixinin çox qədim zamanlara dayandığını söyləmək olar. Mahmud Kaşğarlının ”Divanü-lüğat-it-Türk” əsərindən məlum olur ki, yapıncı türk xalqları arasında geniş yayılmış geyim tipi olmuşdur. Divanda yapıncı ilə bağlı müxtəlif ifadələr işlədilir: “çiydəm”, “çaydam”, yəni, yorğan-döşəyə doldurulan və yapıncı, plaş düzəldilən incə keçə; “kəmək” – naxışlı bir parçadır, bundan bürgü hazırlanır. Qıpçaqlar yapıncı düzəldirlər; “kedhük” – yapıncı, yağışlıq, “keyük” – yapıncı kimi geyimlər. ”Alma” adlı geyimdən bəhs edən Mahmud Kaşğarlı onun “kaftan”, “qalın kaftan”, “yağmurluq”, “yapıncı” – deyə izahını verir. Maraqlı məqam Mahmud Kaşğarlının onun türklərə məxsus bir geyim olmasını vurğulamasıdır. “Farslar bu sözü türklərdən alaraq “yalmah”, ərəblər də farslardan alaraq “yəlmək” şəklində işlədirlər. Heç kim çıxıb “türklər bu sözü farslardan almışdır” – deyə bilməz. Çünki mən onu sərhədlərin o biri ucunda olan türklərin dilindən də eşitdim. Onların diyarında yağış çox yağır, onlara yapıncı hər kəsdən çox lazımdır” – deyə M.Kaşğarlı yazır. “Yaptac” adlı digər bir geyimdən bəhs edən M.Kaşğarlı onun “yağışda, qarda çobanların geydiyi kiçik bir yapıncı” olduğunu göstərir. Divanda “çəkrək” kölələrin geyindiyi yapıncı kimi qeyd olunur. “Çəkrəklən” isə kəpənək geyməyi ifadə edir.

Yapıncı tipli geyimin növ müxtəlifliyi türk dilləri və ləhcələrində onun fərqli adlarının yaranmasına səbəb olmuşdur. Türkiyədə “kepenek” (Burdur, Çöplü, Dənizli, Yeşilova və s. ləhcələrində “kepinek”, Bursada “kepink” şəklində işlədilir), özbəklər “yapıncık”, kazaklar “kebenek”, qırğızlar “çepken”, uyğurlar “yalnız kigiz çəkmən”, tatarlar “yapuncu”, başkurt türkləri “yabınçah”, türkmənlər isə “yapınca” şəklində işlədirlər. “Kitabi-Dədə Qorqud” dastanında yapıncının adına “kəpənək” şəklində rast gəlinir. Bütün orta əslər boyu həm Azərbaycan, həm də Qafqazın maldar-elat əhalisinin mövsümi səciyyəli geyimi olan yapıncıdan müasir dövrümüzdə də istifadə olunur.