AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Önlük (döşlük)

Nümunənin reyestr kodu : SD0304000013

XIX-XX əsrin əvvəllərində qadın geyimləri gündəlik və bayramlıq geyimlər olmaqla iki dəstdə hazırlanırdı. İstər gündəlik, istərsə də bayramlıq geyim dəstinin tərkib hissəsi kimi “döşlük” və “önlük” bir növ geyim dəstini tamamlayırdı. Döşlük, adından məlum olduğu kimi, döşdən başlayaraq dizdən aşağıya qədər qadın libasının ön hissəsini tuturdu. Onu bəzən boyaboy bütöv parçadan, bəzən də döş və ətək hissələrdən ibarət biçib tikirdilər. Onun yuxarı ətək yanlarına bağlanan qatmalar beldə düyünlənir, döş hissəsinin uclarına bənd edilən ”aşırma” və ya “üzəngi” isə boyuna keçirilirdi. Döşlükdən fərqli olaraq, önlüyün döş hissəsi olmur, hər iki yuxarı ətək yanlarına tikilmiş qatmalar və ya ilgək-düymə vasitəsilə belə bağlanırdı.

Gündəlik libaslara geyilən döşlük və önlük ucuz parçalardan (çit, bez, satin, şilə, qədək, şal və s.) tikilir, əməli əhəmiyyət kəsb etməklə, məişət işləri ilə məşğul olarkən paltarın çirklənməsinin qarşısını alırdı. Adətən, orta boylu qadın döşlüyünün uzunluğu 100-120 sm-ə, döş hissəsinin uzunluğu 27-30 sm-ə, eni isə 20-25 sm-ə çatırdı. Toy və bayram libaslarının tərkib hissəsi olan döşlük və önlüklər isə, bahalı parçalardan (qanovuz, xara, alışı, xaçqırmızı, marnus, naşura, atlas, alxara və s.) tikilir, ətək yanlarına başqa rəng parçadan qırçınlı köbə qoyulurdu. İmkanlılar qırçınların üstünə qızıl-gümüş qozalar, gümüşdən sərmələr və düymələr düzdürürdülər.

Xatırladaq ki, döşlük təkcə qadınların deyil, həm də müxtəlif peşə yönümlü kişi sənətkarların (dülgər, xarrat, bənna, pinəçi, başmaqçı, dabbaq, sərrac, şatırçı, baqqal, tacir, palanduz, papaqçı və s.) gündəlik geyimi olmuşdur. Sənətkar önlüyü və ya döşlüyü, bir qayda olaraq, qalın parçalardan (mahud, məxmər və s) hazırlanırdı. Bəzi peşə sahiblərinin önlük və ya döşlükləri isə istisna hallarda aşılanmış dəridən və ya xam göndən hasilə gətirilir, hətta bəzən boyadılırdı.

Şəki-Zaqatala tarixi-etnoqrafik bölgəsində döşlük (önlük) “meyzər”, “mayzar” və ya “mezer” kimi qeydə alınmışdır. Bölgədə yaşayan avarlar onu “qaraxuni”, saxurlar isə “yeleylük” adlandırırlar. “Meyzər” sözü fars mənşəli olub, “örtük” mənasında işlədilir. Fars mənşəli bu terminin bölgədə geniş şəkildə işlədilməsi uzaq keçmişlərdən Azərbaycanla İran arasında tarixi-mədəni əlaqələrin olmasından soraq verir. Bölgədə yaşayan xristian və müsəlman ingiloylaylar arasında da meyzər geyim dəstinin ən zəruri elementi kimi geniş şəkildə istifadə olunurdu. Etnoqraf A.Mustafayev ingiloy qadınlarının meyzər geymələrinin zəruriliyi haqqında yazır ki, “arxaik əyin geyimlərinin yaxa yarığı qadın əndamını kənar nəzərdən kifayət qədər gizlətməyə imkan vermirdi. Bu qüsurlu cəhət həm köynək və ya donda, həm də arxalıqda özünü büruzə verirdi. Əyin geyimlərinin bu kəm-kəsirini örtmək üçün xüsusi geyim növünə tələbat yaranmışdır. Məhz həmin tələbatla əlaqədar bütün qadınlar, hətta 7-8 yaşından başlamış qız uşaqları isti vaxtlarda tuman-köynəyin, soyuq vaxtlarda isə arxalığın üstündən meyzər bağlayırdılar. İngiloylarda qadının nəinki ictimaiyyət arasına meyzərsiz çıxması, hətta ailədə olarkən meyzər bağlamaması qəbahət sayılırdı. Ona görə də körpə qızlar istisna olmaqla, qadın xeylağı səhər tezdən yuxudan oyanan kimi, üst paltarını əyninə geyən andan etibarən ta yatağa girənədək meyzər bağlayırdı. Toy-bayram libasının meyzəri bahalı ipək parçalardan, varlı ailələrdə isə məxmər və ya gülməxmərdən tikilməklə, güləbətin bafta və asma gümüş sikkələrlə bəzədilirdi. Gündəlik meyzər ucuz pambıq parçalardan tikilməklə, çox vaxt bəzəksiz və zinətsiz olurdu. Təntənəli geyim dəsti üçün nəzərdə tutulan və yaxası boğazın altından xeyli aşağıda dayanan bəzəkli meyzərdən fərqli olaraq, gündəlik meyzərin yaxası xirtdəyədək hündür olurdu. İngiloy mühitində meyzər nəinki geyim dəstinin, habelə adət-ənənələrin də zəruri şərtinə və mütləq atributuna çevrilmişdir. Adətə görə, gəlin gətiriləcək nişanlı qız üçün toy libasının tərkibində gümüş zinətlə süstlənmiş bahalı ipək və ya məxmər meyzərin olması toy tədarükünün vacib şərtlərindən sayılırdı. Əsrlərdən bəri davam edən el adətinə görə, düyməçəsiz və meyzərsiz gəlin köçürməzdilər”.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda önlüyün (döşlüyün) iki növü: beldə bağlanan və boyundan asılan növləri geniş istifadədə olmuşdur. Şəki-Zaqatala bölgəsi əhalisi arasında yayılmış meyzər önlüyün (döşlüyün) digər adla adlanan oxşarı olub, fərqli adlarla tanınmışdır. Bundan başqa sənətkar önlüyü (döşlüyü) kişilər üçün dəridən hazırlanmaqla, bu geyimin materialına görə fərqlənən xüsusi növü kimi ayrılmışdır.

Azərbaycanın tarixi-coğrafi ərazisi boyunca heç vaxt qadın milli geyimləri önlüklə, yaxud döşlüklə təsvir olunmadığından, önlüyün nə vaxtdan qadın geyim dəstinə daxil edilməsi məlum deyildir. Ancaq o məlumdur ki, istər qadınlar, istərsə də kişilər çöl-təsərrüfat və ev-məişəti işləri görən zaman ondan yetərincə istifadə etmişlər. Bu səbəbdən də mütəxəssislərin qənaətinə görə bu geyim elementi Azərbaycanın qadın geyimlərinin ən qədim növlərindən biridir (Ə.İzmaylova). M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində önlük haqqında bəhs etməsi və onun “bağırdak” adlandırması da bu geyimin qədimliyini təsdiqləyir. Önlük (döşlük) və ya meyzər müxtəlif adlarla Qafqaz xalqları arasında geniş yayılmışdır. Türkiyə türkləri arasında bu geyim elementi “peştamal” və ya “futa” adlanmışdır.