AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kişi üst köynəyi

Nümunənin reyestr kodu : SD0304000004

Forma müxtəlifliyi, parça materiallarının çeşidi, rəng çalarlarının əlvanlığı, eləcə də azərbaycanlı kişilərin peşə, zümrə (sosial təbəqə) və yaş mənsubiyyəti üst geyimlərində daha çox nəzərə çarpan xüsusiyyətlər olmuşdur. XIX-XX əsrin əvvəllərində kişi üst paltarları beldə saxlanan və çiyinə geyilən olmaqla iki qrupa bölünürdü. Birinci qrupa şalvar, ikinci qrupa isə üst köynəyi, içlik, arxalıq, çuxa, kürk, yapıncı və s. daxil idi.

Biçim üsuluna və tikiş texnikasına görə kişi alt və üst geyimləri bir-birindən fərqlənməsə də, rəng əlvanlığına, parça materialına, bəzək çeşidlərinə, boyunduruqlu və bilərzikli tikilməsinə görə üst köynəyi fərqli xüsusiyyətlər daşıyırdı. Tuniki (qatlama) və kəsmə (doğrama) üsulu ilə biçilən kişi üst köynəklərinin Azərbaycanda “düzyaxa”, “çəpyaxa” və “mindoylu köynək” olmaqla üç forması xüsusilə geniş yayılmışdı. “Düzyaxa” formalı kişi üst köynəyi eyni formalı alt köynəyin tam oxşarı idi. Onu gövdə, qol və qoltuqaltı olmaqla üç hissədən ibarət biçib tikirdilər. Onu tikmək üçün parçanı iki qatlayıb ortadan qövsvari boyun kəsiyi və düzünə yaxa kəsiyi açırdılar. Köynəyin gövdə, qol və qoltuqaltı hissələri bir-birinə tərs üzünə olmaqla tikilir və avand üzünə çevrilirdi. Tikiş prosesində müxtəlif tikiş növlərindən (“kökəmə” və ya “kökatma”, “basdırma” və ya “qıraqbasma”, “xırdasırıq”, “közəmə”, “aşırma tikiş”, “qıyıq tikiş”, “tək bəxyə”, “iynədalı” və ya “su tikişi”, “doldurma bəxyə” və s.) istifadə olunurdu. Adından məlum olduğu kimi, düzyaxa köynəyin yaxası düz biçimli olurdu. Çəpyaxa köynəyin yaxa kəsiyi, birincidən fərqli olaraq, adətən boğazın sol tərəfindən döşün üstünə doğru açılırdı. Boyunduruqlu və köbəli tikilən belə köynəyin boğazı bir ədəd ilgək-düymə ilə bağlanırdı.

“Mindoylu köynək” yaxa kəsiyi çiyində qoyulan köynəyə deyilirdi. Belə köynəyin yaxa kəsiyi sol çiyin üzərindən qol yerinə kimi uzanır və qaytanla bağlanırdı. A.Cikiyevin yazdığına görə, belə biçimli köynəklər Krasnobodsk (indiki Türkmənbaşı) civarında və Darca yarımadasında yaşayan türkmənlər arasında “təgələk yaxa” köynək adı ilə məlum idi. Əvvəlki iki köynək formasından fərqli olaraq bu köynəyin bir üstün cəhəti vardı ki, onu istənilən tərəfinə geyməklə, uzun müddət istifadə etmək olurdu.

Kişi üst köynəkləri şilə, ağqıraq, fata, sətin, qədək, çit, fay, qanovuz, atlas, mahud, məxmər və başqa parçalardan biçilib tikilirdi. Orta boylu kişi köynəyinə 3 arşın parça işlənirdi. Xüsusilə evlənməyə hazırlaşan gənclərin bəylik köynəkləri zövqlə və yüksək diqqətlə biçilib tikilir, boyunluğu, yaxalığı, bilərziyi baftaya tutulurdu. Nazik və zərif ipək parçalardan tikilən köynəklərin ətəyi nifəli şalvarın içərisinə salınır, qalın parçalardan tikilən köynəklərin ətəyi isə şalvarın üstündən azad buraxılırdı. Bu zaman hökmən beli qayışla bağlayırdılar. Belə köynəklər kürək, sinə, yaxalıq, boyunluq, qoltuqaltı qol, bilərzik, cib kəsiyi və cib qapağından ibarət biçilib tikilirdi. Kişi üst köynəyi qalın parçadan (məxmər, şal, mahud, cecim və s.) tikildikdə ona “döş cibi” qoyulur və biləkağzı “məcə” ilə tamamlanırdı. Köynəyin bu növü yaxın zamanlaradək aşıqlar arasında qalmaqda idi.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda kişi köynəyinin “düzyaxa”, “çəpyaxa” və “mindoylu köynək” olmaqla üç forması xüsusilə geniş yayılmışdı.

Orta yüzilliklərə qədər kişi köynəyi iki formada: a) boyaboy, düz biçimli, qısa qollu, uzunluğu dizə qədər olan köynək; b) boyaboy, düz biçimli, uzun qollu, uzunluğu dabana qədər olan köynək kimi hasilə gətirilirdi. Hər iki halda köynəyin yaxası boyun dairəsi boyunca dövrələmə kəsilirdi. “Kitabi-Dədə Qorqud” dastanından vaxtilə köynəyin adına “kömlək” deyildiyi məlumdur: “Ağacdan gəmi yondum, kömləyimi çıxarıb yelkən qurdum”. Etnoqraf Ə.K.Əhmədov yazır ki, dastanda təsvir olunan kömləklər heç bir dəyişikliyə uğramadan XIX əsrin əvvəllərinə qədər azərbaycanlılar arasında saxlanılmışdır. Orta əsrlərdə bu cür kömləklər (köynəklər) ipək, kətan, yaxud da pambıq parçalardan tikilərmiş. Düzyaxa və çəpyaxa (yanyaxa) biçimli köynəklər bütün orta əsrlər boyu kişi üst geyimləri kompleksində üstün yer tutmuşdur. Düzyaxa və çəpyaxa köynəklər Azərbaycanın əksər etnoqrafik bölgələri üçün xarakterik olsa da, mindoylu köynəkdən əsasən Gəncəbasar və Qərb bölgələrində istifadə olunmuşdur.