AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çəpkən

Nümunənin reyestr kodu : SD0304000002

Çəpkən – üst geyim tipi olub, astarlı tikilir və yüngül sırınırdı. Onu, iqtisadi imkandan asılı olaraq bəzən bahalı ipək parçalardan (məxmər, tirmə, zərxara, tafta, qumaş, atlas, kəmxa və s.), bəzən də pambıq, yun və adi parçalardan hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha ciddi nəzərə alınırdı. Belə ki, cavan gəlin və qızlar qırmızı, mavi, yaşıl; yaşlılar göy, palıdı, bənövşəyi, qara parçalardan tikilmiş geyimə üstünlük verirdilər. Çəpkən bədəni bel yerinə qədər kip tutur, buradan isə yanlarda qoyulmuş çapıq vasitəsilə enlənirdi. Adətən, yaxa, qol, çapıq, ətək və calaq tikişlərinin üzəri görünməsin deyə, müxtəlif bafta, zəncirə, köbə, şahpəsənd, həşyə və başqa bəzək elementləri vasitəsilə “basdırılırdı”. Çəpkənin yaxasının hər iki tərəfinə bəzən cərgə ilə qızıl və gümüş pullar tikilirdi. Бelə çəpkənlər Qarabağda “pullu çəpkən” adlanırdı.

Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində çəpkən, adətən, qollarının quruluşuna görə fərqli xüsusiyyətlər kəsb edirdi. Etnoqrafik materiallar onun uzunqolsallamaqol kimi iki variantının daha çox yayıldığını təsdiq edir. Qarabağ bölgəsində “sallama qol”, Naxçıvan və Lənkəran-Astara bölgələrində “uzunqol”, Gəncəbasar bölgəsində isə dirsəyə qədər qolu olan çəpkən geniş istifadədə olmuşdur. Uzunqol çəpkənin qolları dirsəyə qədər dar olur, sonra yelpazə şəklində 20-30 sm enlənirdi. Hərəkət sərbəstliyi yaratmaq üçün qoltuğun altında kəsik saxlanılırdı. Sallamaqol çəpkəndə isə qollar qondarma olaraq çiyin tikişlərinin üstünə tikilir, ucları “əlcək” və ya “qolçaq”la tamamlanırdı. Adətən, qondarma qolun kənarına tikilmiş ilgək-düymə vasitəsilə soyuq havalarda qolçaq yığılıb qol şəklinə salınırdı. Bəzən isə qolçaq dirsək bükümündən biləyə qədər bəzəkli qaytanla da bağlanırdı. Bir qayda olaraq, sallamaqol çəpkənin qoltuqdan dirsəyə və biləkdən barmaq uclarına qədər olan hissəsi açıq saxlanırdı. Çəpkənin qollarına gözəl görkəm vermək və rəng harmoniyası yaratmaq üçün onun astarı daha qiymətli, rəngli və fərqli parçadan hazırlanırdı. Xalq oyunları və rəqslər zamanı bu rəng harmoniyası, qolçaq ətrafını bəzəyən qozalı düymələr, zınqırovu xatırladan bəzəklər, qızıl və gümüşdən kəsilmiş pulların (sikkələrin) çıxardığı melodik səslərlə həmahəng qadın gözəlliyinə xüsusi rövnəq verirdi.

Azərbaycanın milli qadın geyimi kompleksində iki tip çəpkən olmuşdur: adi çəpkən və pullu çəpkən. Pullu çəpkən Qarabağ tarixi-etnoqrafik bölgəsi üçün daha xarakterik qadın geyimi olmuşdur.

Azərbaycanda çəpkən geyim tipi haqqında mənbələrdə XVII əsrə qədər heç bir məlumat verilmir, amma onunla tipoloji cəhətdən çəpkənlə oxşarlıq təşkil edən qaftan və nimtənə haqqında bəhs edilir. Bəzi müəlliflər hətta çəpkəni nimtənə ilə eyniləşdirirlər. Azərbaycanın Şəki, Bakı, Şamaxı, Naxçıvan, İrəvan, Lənkəran, Gəncə, Qərb, Şuşa və başqa bölgələrində geyilən zıvını, arxalıq, nimtənə, lavada, baharı və küləcəni çəpkənin sələfləri adlandırırlar. Artıq XVII əsrdən çəpkən ayrıca geyim tipi kimi xatırlanır. Rus müəllıfi V.P.Kurılyev Türkiyədə çəpkənin kişi geyim tipi olduğunu yazır. O, çəpkən sözünün türk mənşəli olduğunu, eyniadlı geyim tipinin qırğızlar, türkmənlər, qaraqalpaqlar və Orta Asiyanın digər türk xalqları, eləcə də Cənubi Sibir türkləri arasında geniş yayıldığını söyləyir. Sonralar ad mənsubiyyəti qalsa da, çəpkən bir geyim tipi kimi əhəmiyyətli dəyişikliyə uğramışdır. Belə ki, Orta Asiya xalqları və Cənubi Sibir türkləri arasında çəpkən topuğa qədər uzun və uzunqollu xalata deyilir. Bəzi türk xalqları arasında çəpkən sözü “çekmen” kimi tələffüz olunur və bu geyim tipinin tikildiyi parçanın növünü ifadə edir. Qədim türk dillərində üst geyimlərinin tikilməsində istifadə olunan parça növü “çek” adlanır. Görünür, çəpkən sözünün kökündə həmin parçanın adı dayanır. Türk xalqlarından olan qaraçaylar arasında isə çəpkən həm mahud parçanın növü, həm də çərkəzi tipli geyimin adı kimi qeyd olunur. Çox ehtimal ki, Azərbaycan çəpkənləri də eyniadlı parçanın adı ilə adlanmışdır. XVII-XX əsrin əvvəllərinə kimi xalqın istifadəsində olan, türk etnik-mədəni mühitində yaranıb-biçimlənən, qadınlı-kişili hər kəs tərəfindən geyilən çəpkən türk xalqlarının ortaq milli-mənəvi və maddi dəyərlərə sahiblik etdiyini göstərən əsas maddi faktlardandır.