AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Canlıq

Nümunənin reyestr kodu : SD0304000018

Canlıq (cılıtka) mövsümi səciyyəli kişi və qadın geyim tipi olub, ancaq ilin soyuq vaxtlarında geyilirdi. Lakin bəzən ahıl qocaların, xəstələrin, hətta uşaqların da ilin isti mövsümlərində canlıq geymələrinin şahidi olmaq olardı. Bəzi bölgələrdə qadın canlığı müxtəlif adlarla adlandırılırdı. Məsələn, Azərbaycanın Qərb bölgəsi və Gəncəbasar hüdudlarında mövsümi səciyyəli, çiyinə geyilən və zıvını (zıbın) adlanan qadın geyimi geniş yayılmışdı. Onu isti qış paltarı kimi köynəyin üstündən geyirdilər. Uzunluğu tumanın nifə yerinə qədər olan zıvınının yan tərəflərində çapıq (peş) olur, qolları dirsəyə qədər çatır, xiştək əvəzinə qoltuğunun altına kəsik qoltuqaltı qoyulurdu. Mövsümi səciyyəli geyim növü olduğundan və digər üst geyimlərinin (arxalıq, lavada, çərkəzi və s.) altından geyildiyindən, onu ucuz parçalardan tikir, heç bir bəzək növü əlavə etmirdilər. Mərhum etnoqraf Q.T.Qaraqaşlı ayrım etnoqrafik qrupu arasında zıvınının iki tipini qeydə almışdır: “ara zıvını” və “üst zıvını”. Müəllif ara zıvınıdan fərqli olaraq üst zıvınının ətəyinin mis, gümüş pullarla, müxtəlif asma bəzəklər və düymə-həbbafla bəzədildiyini qeyd etmişdir.

Keçmişdə kişilərin köynəyin üstündən geydikləri canlıq Azərbaycanın ayrı-ayrı bölgələrində “içlik” və ya “işdik”, “qalınça”, “sırıqlı”, “pambıqlı”, “can arxalığı”, “candonu” və b. adlarla məlum olmuşdur. Onu qədək, şilə, satin, həmçinin əldə toxunma şaldan tikir, içərisinə astar qoyurdular. Adətən, iki sinə və kürək hissələrindən biçilən canlığın uzunluğu qurşağa qədər olurdu. Canlığı tikmək üçün biçilmiş hissələrin üstünə nazik yun və ya pambıq qatı döşəyib astar çəkir və üzlə birlikdə sırıq vururdular. Canlığın yaxası boğaz yerindən aşağı boyaboy düz biçilərək açıq olur, oraya ilgək-düymə tikilirdi.

Canlıq əksər hallarda qolsuz olurdu. Müstəsna hallarda qocaların və xəstə kişilərin canlığı qollu tikilirdi. Etnoqraf H.N.Məmmədovun yazdığına görə, Muğan qadınları qış aylarında canlığın məhəlli variantı olan və “yəl” adlanan üst geyim növündən istifadə edirdilər. Gövdəsi iki hissədən ibarət biçilən, astarlı və qolsuz tikilən yəlin qabaq və arxa tərəfləri bütöv olub, ətəyi qurşağa qədər uzanırdı. Onun yaxa kəsiyi ətəyə qədər davam edərək təxminən 2-3 düymə ilə düymələnirdi. Qırmızı və yaşıl məxmərdən, pambıq parçalardan biçilib tikilən yəlin qol yerinə, yaxası və ətəyinə xəz qoyulurdu. Biçim tərzində və tikiş texnikasında böyük oxşarlıq olan kişi canlığı ilə qadın zıvınısı (yəli) mövsümi səciyyəli geyim tipi kimi istifadə olunurdu.

Yuxarıda verilən təsvirdən aydın olur ki, canlıq (cılıtka) qadın və kişi mövsümi səciyyəli geyimi kimi iki qrupda cəmlənmişdir. Tipoloji cəhətdən böyük oxşarlıq təşkil edən bu geyimlərin parça materialı da eyni olmuş, yalnız ölçülərində nəzərə çarpacaq fərqlər olmuşdur. Belə ki, kişi canlığı qadın canlığına nisbətən iri ölçüdə biçilib tikilmişdir.

Canlıq adlanan geyim tipinin nə zamandan geyim dəstinə daxil edilməsi haqqında dəqiq bir fikir yoxdur. Ancaq o məlumdur ki, XIX-XX əsrin əvvəllərində tam təkmilləşərək milli geyim kompleksi səviyyəsinə gəlib çatmış Azərbaycanın kişi və qadın geyimləri dəstində canlığın həmişə üstün yeri olmuşdur. Yayılma arealına gəldikdə böyük cəsarətlə söyləmək olar ki, canlıq (cılıtka) adlanan kişi və qadın geyim tipi Azərbaycanımızın bütün bölgələrində istifadədə olmuşdur. Kənd əhalisinin məişətində bu geyim tipindən müasir dövrümüzdə də geniş istifadə olunur.