AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sürmə

Nümunənin reyestr kodu : SD0200000006

Sürmə gözə (kipriklərə və kipriyin ət hissəsinə, həmçinin qaşa sürtülən yumşaq tərkibli qara rəngli təbii maddədir. Sürmədən əsasən qadınlar bəzək vasitəsi kimi istifadə edirdilər. Sürməli gözlər şairlərimizin həmişə müraciət etdiyi mövzu olmuşdur. Ölkəmizdə, xüsusilə Gəncə bölgəsində sürmə təbii yolla hasil edilirdi.

Şərqdə, həmçinin ölkəmizdə sürmədən istifadənin tarixi çox qədimdir. Sürmənin kosmetik xüsusiyyətindən başqa müalicəvi xüsusiyyəti də məlumdur. Odur ki, qədim zamanlarda kişilər də ondan istifadə edirdilər. Araşdırmalardan məlum olur ki, sürmədən təbabətdə həmişə geniş istifadə olunmuşdur. Yeni doğulmuş uşaqlarda göbək qanaxmasını kəsmək üçün, gözdən su gələndə, qızaranda sürmə çəkərdilər. Sürmənin müalicəvi xüsusiyyəti orta əsrlərdə yaşayıb yaratmış təbabət bilicilərinin əsərlərində kifayət qədər əksini tapmışdır. Əldə olunan məlumatlardan məlum olur ki, sürmə təkcə bəzək funksiyası daşımamış, həm də faydalı qoruyucu vasitə olmuşdur. Sürmə isti iqlim şəraitində gözləri və göz qapaqlarının dərisini günəşdən, tozdan və həşəratlardan qorumaq funksiyası daşıyırdı.

İslam aləmində sürmə həmişə bəyənilmiş və istifadəsi məsləhət bilinmişdir. Xüsusilə daş sürməsinin göz üçün çox faydası haqqında hədislər də vardır. Çünki o gözün nurunu artırır, kirpiyi göyərdir və həmçinin gözdən axan suyun qarşısını alır. İmam Rza əleyhissalam buyururdu ki, hər bir şəxsin Allaha və qiyamət gününə imanı varsa gözünə sürmə çəksin. İmam Sadiq əleyhissalam isə buyururdu ki, gecə sürmə çəkməyin gözə faydası var, yatmaq vaxtı üzə nur gətirər və gözdən su axmasının qarşısını alar. Peyğəmbərimiz Məhəmməd deyirdi: “Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir”. İsmid sürmənin bir növü idi. Qara-qırmızıya çalan daş idi. Sürmə çəkmək deyildikdə isə, şəfa tapmaq və ya gözəl görünmək məqsədilə həmin daşın tozunu milçə ilə kirpiklərin dibinə sürtmək nəzərdə tutulurdu. Peyğəmbərimiz də gözlərinə sürmə çəkmiş, habelə ümmətini də buna rəğbətləndirmiş, üstəlik sürmənin gözə nə dərəcədə faydalı olduğunu da söyləmişdi. Peyğəmbər yatmazdan əvvəl hər gözünə üç kərə sürmə çəkər və ümumiyyətlə bunu tək sayda etməyi məsləhət görərdi. Böyük islam alimi İbnul-Qeyyim isə gözə sürmə çəkməyin nə dərəcədə faydalı olduğunu deyirdi: “Sürmə çəkmək gözün sağlamlığını qoruyur, onun nurunu artırır, onu zərərli şeylərdən qoruyur, gözdəki çirki təmizləyir, üstəlik gözlərə gözəl görünüş verir”.

Sürmə, adətən, kiçik həcmli qabda – “sürmədan”da saxlanılır, “milçəm” ilə gözə çəkilirdi. Milçəm sürmədanın ağzına qoyulurdu. Ənənəyə görə sürmədan güzgünün yanında saxlanılırdı.

Ümumiyyətlə, sürmədən istifadə həmişə mövcud olmuşdur. Hazırda süni boyaqlı sürmələrdən istifadə geniş yayılmışdır.