AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bico xalçası

Nümunənin reyestr kodu : SD0101080002

Qafqazın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun ərazisində yerləşir) adı ilə bağlıdır. Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından sayılan "Bico xalçaları" Qəşəd, Göylər, Pirhəsənli, Udullu, Şirvan xalçaçılıq məktəbinin digər məşhur xalçatoxuma məntəqələrində, eyni zamanda Qubada və İranda da istehsal olunub. Azərbaycanın xalq rəssamı Lətif Kərimov “Bico” xalçalarının texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunduğunu qeyd edirdi. XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.

Xarici sənətşünasların və kolleksiyaçıların də diqqətini özünə cəlb edən "Bico" xalçaları 18-19-cu əsrlərdə əsasən iki variantda istehsal edilmişdir.

Birinci variantda orta sahənin mürəkkəb kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahənin mərkəzi üfüqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə raportlara bölünmüşdür. Raportun yanlarında xalq sənətkarları arasında “kəpənək” adlanan böyük dişli element, orta nöqtədə isə “toqqa” (kəmər) adlanan dördguşəli element yerləşir. Xalçanın orta sahəsi bir-birinin ardınca yerləşən və xalça ustalarının “alma” adlandırdığı dairəvi elementlərlə əhatə olunmuşdur. Orta sahədə həmçinin bir-neçə səkkizgüşəli elementlər (bunlar da həmçinin "toqqa" adlanır), "kəlbətin" adlanan dördguşəli bəzək elementləri və tamamlayıcı və doldurucu əhəmiyyət kəsb edən məişət əşyalarına aid predmetlərin təsvirləri mövcuddur.

Mürəkkəb naxışlı qədim "Bico" xalçalarında heyvan və insan təsvirlərinə də rast gəlinir. Belə qənaətə gəlinir ki, bu variantın orta sahəsinin kompozisiyasında toy və digər mərasimlərlə bağlı səhnələr də əks edilmişdir. Bico xalçalarının ən məşhur versiyası olan sözügedən kompozisiya XIX əsrin sonlarından etibarən orijinal formadan çıxarılmış, daha sadə versiyalarda toxunmağa başlanmışdır. Təxminən 150 ildən sonra – 2016-cı ildə bu xalça kompozisiyası yenidən Bico kəndində, kənd sakini Zahid Qəhrəmanovun ailəsində toxunmuş və yenidən məşhurlaşmağa başlamışdır.

“Bico” xalçasının ikinci variantının orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız "Bico" xalçalarına xas olan, xalçaçılar tərəfindən “bükmə” adlanan elementlər yerləşir. Bu elementlər “Bico” xalçalarının ikinci variantın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir. Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış “bükmə” naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların yaranmasını qədim dövrlərə aid etməyə əsas verir. Orta xətti və zolaqları əhatə edən köbə haşiyəsi “Bico” xalçaları üçün xarakterik olan və hər iki variantda tətbiq edilən mədaxil, zəncirə və orta haşiyə elementlərindən ibarətdir.

“Bico” xalçaları, adətən, 120x200 sm-dən 150x250 sm-dək ölçülərdə toxunur. Bu xalçaların hətta uzununa artırılaraq 120x300 sm ölçüsündə toxunanları da mövcuddur. Naxışların sıxlığı hər kvadrat desimetrdə 40x50 naxışdan 55x60 naxışa qədərdir (hər kvadrat metrdə 200.000-dən 300.000 naxışa qədər). Xovun qalınlığı 4-5 mm-dir.

Qərb mütəxəssisləri Quba xalçaçılarının toxuduğu “Quba-Bico” xalçalarının da Şirvan xalçaçılıq məktəbinə daxil olan qədim “Bico” xalçalarının çeşniləri üzərində toxunduğunu qeyd edirlər. Bir çox hallarda "Qubada toxunmuş Bico xalçası" kimi də tanıdılır. 18-19-cu əsrlərdə toxunmuş və “Quba-Bico” adlandırılan bu xalçalar indi dünyanın bir çox muzeylərində saxlanılır.